Məqalələr

İRAN İŞLƏRİ

İRAN MƏKTUBLARI

TƏBRİZ

Əncümənin ərzi-halı

Təbriz əncüməni rus qoşununun Təbrizə vüsuli və Təbrizdə icra etdiyi işlərə dair 35 fəsildən ibarət bir ərzi-hal tərtib edib, rus konsuluna və cümlə qeyri-dövlətlər nümayəndələrinə təqdim etmiş, ərzi-halın müxtəsəri bundan ibarətdir:

  1. Rus qoşununun İrana gəlmək səbəblərini təhqiq etmək və bu xüsusda Tehran ilə müzakirə etmək üzrə bu qədər möhlət almaq üçün əncümən tərəfindən təyin olunan 3 nümayəndə ingilis konsulunun hüzurunda rus konsulundan söz almışdılar ki, 3 günə kimi qoşun şəhərə daxil olmasın. Və halon ki, haman əvvəlinci gün 200 nəfər soldat biduni-illət və səbəb*[1] şəhərə daxil oldular.
  2. Rəbiəlsaninin 19-da Bəsirüssəltənə evinin damında duran qarovulçu soldatın əlinə haradan olduğu məlum olmayan bir güllə dəydiyindən haman evdə olan soldatlar mülahizəsiz olaraq hər tərəfə güllə atmağa başlayıb, ətrafı tirbaran etmişlər ki, bu əsnada güllələrdən biri Hacı Sadıq Kərbəlayi Bağır oğluna dəyib, onu oradaca öldürmüşdür.
  3. Rəbiəlsaninin 25 və 26-ndan bəri soldatlardan bəziləri qeyri-məmul libaslarla tüfəngsiz olaraq jandarm şəklində qəmə və tapanca hamil olduqları halda bəzi evlərin qapısında və küçələrdə dururlar.
  4. Əmir Xosrov və Rastaküçədə soldatlar arvadlara mütəərriz olub, rubəndlərini açıb təkdir ediyorlar.
  5. Rəbiəlsaninin 22-sində hökümət tərəfindən car çəkildi ki, ta zöhrə*[2] kimi hər kəs gərək tərksilah edib müsəlləh surətdə küçəyə çıxmasınlar.
    Lakin zöhrə saat yarım qalmış soldatlar küçə və bazarda kəmali-cəbr və etiramsıqlıqla silahları almağa və dükanları gəzməyə başlamışlardır.
  6. Haman gün Mərənd, Xoy, Səlmas və Urmiyəyə gedib, əncümən tərəfindən sülh və əmniyyət bərpa etməyə məmul olan heyəti məbusanın məiyyətində*[3] olan nəzmiyyə suvariləri əncüməndə vida mərasimi icra olunduğu vaxt konsulxanadan və general Starskidən əllərində olan silahı gəzdirmək barəsində olan icazənamələrə baxmayaraq, haman əncümən heyətində tərksilah etdirdilər.
  7. Haman gündə 100 fişəngə yaxın Ağa Seyid Məhəmmədin malı və bir qəbzə*[4] tüfəng Ağa Bozörgün malı və bir qəmə Abidinin malı bazar içində sahiblərindən alınıb onların dükanlarından zəbt olunmuşdur.
    Abidindəllalı hətta qətl ilə hədələnmişdir.
  8. Soldatlar bəzi övqat Avropa məhəllələrinə mərbut olmayan içəri müsəlman məhəllələrində görünürlər.
  9. Ermanistanda*[5] şəhərin nəzmiyyəsi olduğuna baxmayaraq, soldatlar elektrik fənarları ilə bərabər dəstə-dəstə gecələr oraları gəzirlər.
  10. Soldatlar küçələri gəzdikləri vaxt baqqal, xuşkabar*[6] yainki, başqa yeməli dükanlarına çatırlarsa, naxunək vururlar.
  11. Rəbiəlsaninin 26-da rus kazakları atlarını elə bir sürətlə sürürlərmişlər Kol qəbristanlığı tərəfindən bir lal qoca kişini basıb elə əzmişlər ki, biçarəni güc ilə mərizxanaya gətirə bilmişlər.
  12. Rəbiəlsaninin 24-də soldatlar generalın hökmünə müvafiq Xiyaban məhəlləsinə gəlib, səf çəkib damların üstə çıxıb və çörəkçi dükanının üstünə bir top çıxarıb Bağırxanın evi ilə rubəru qoymuşlar. Və iki başqa topu dəxi küçə içində qoyub, səngər və istehkamatı dinamit və külüng ilə dağıtmağa başlamışlar. Və səngərləri dağıdan zaman teleqraf simini də qırmışlardır.
  13. Polis raportlarına nəzərən soldatlar kəndçilərə mütəərriz olub, onların papaqlarını yırtıb məsxərə ediyorlar.
  14. Rus konsulu şəhər hökümətinə rəsmi mürasilə*[7] yazıb, İmadülislam və İntizamülmülk nam İran təbəələrinin himayəti-rəsmisini mütalibə edir. Bu bəhanə ilə bunlar Peterburq İran səfirinə mənsub olduqlarından müşarileyh onların himayət olunmalarını xəvaric vüzarətindən istəmişdir. Bir halda ki, onlara heç cani və mali xətər yetişməmişdir. Və səfiri-məzbur*[8] özü əncümənin sual-teleqrafına cavab olaraq, belə bir xahişi inkar ediyor. Və deyir ki, belə bir xahişi məhz vaxtında onlara azuqə vermək və quti-layəmut*[9] tədarük etmək xüsusundadır.
  15. Rəbiəlsaninin 23-də yenə də rus konsulu bir mürasileyi-rəsmi yazıb Nəvidülmülkün adamları və əhli-xanəsindən İran vəziri-xaricəsinin xahişini iddia edərək, riayət etmək istəmişdir. Halon ki, vəziri-xaricə Səduddövlə əncümənin teleqrafına cavabən bu babda sərahətən*[10] deyir ki, belə bir şey olmamışdır. Ancaq bir çox müddət bundan qabaq dava vaxtında belə bir sifariş olmuşdur. Və teleqrafın eyni dəxi vüzarəti-xaricədə saxlanılmaqdadır.
  16. Rəbiəlsaninin 24-də general konsuli-rus özünün rəsmi mürasiləsi həsəbinə şəhər hökümətinə izhar ediyor ki, höküməti-şəhr və rüəsayi-milli Basmınc qəryəsi və Nemətabad və Təbrizdən bu iki qəryəyə gedən mühacir barəsindəki əvvələn rus təbəələridir, və saniyən konsulgərinin yaylaq bağı orda vaqedir. Himayət edib, onların hamısını konsulgərinin himayəsində bilib, əbədən olaraq mütəərriz olmasınlar və qoymasınlar ki, bir adam şəhər və ətraf şəhridən olsun, o iki qəryəyə müsəlləh olaraq getsinlər. Və əgər bu iki qəryə əhalisindən müsəlləh olanları varsa, onları tərksilah etsinlər. Və illa bunun məsuliyyəti şəhər işlərinin böyüklərinin öhdəsinə olacaqdır.
  17. Rəbiəlsaninin 25-də general konsulgəriyi-rus mürasileyi-rəsmisi mövcibi ilə hökümətin zəxirə və qorxanası mühümmatından xəbər bilmək istəyir. Bu yol ilə ki, tamam şəhər səngərlərini dağıtmaqda təkid etdikdən sonra, sual-ediyor ki, aya haçı səngərlər xarab olunmuşdur? Yainki tətimməsi qalmışdır. Aya topları Ərkə*[11] çəkmişlər? Və Ərkdə neçə top vardır.
  18. Pəncşənbə rəbiəlsaninin 22-də soldatlar öz-özlərinə şəhər hökümətindən xəbər olmamış və idareyi-nəzmiyyə bilməmiş konsulgəri-rus. Poluacı ordusundan rus konsulxanasına telefon çəkməyə şüru edib xeyli biqaidə hərəkətlər götürüb, nərdivan alıb, müsəlman damlarına çıxmışlar və arvad-uşaqları qorxuzmuşlar. Və xalqın damları üstünə izn alınmamış tel sütunları vurmuşlar.

(mabədi var)

Təbriz
M.Əmin
“Tərəqqi”, № 121, 3 iyun 1909

*[1] biduni-illət və səbəb – heç bir əsas və səbəb olmadan

*[2] zöhr - günorta

*[3] məiyyət – yanında olma

*[4] qəbzə - dəstə, bir az

*[5] Ermanistan – burada Təbrizdəki erməni məhəlləsi nəzərdə tutulur.

*[6] Xuşkabar – quru meyvə

*[7] mürasilə - məktub, göndəriş

*[8] məzbur – adı yuxarıda çəkilmiş

*[9] quti-layəmut – daimi yemək

*[10] sərahətən - açıqcasına

*[11] Ərk – Təbrizin mərkəzində qaladır.