Məqalələr

İRAN İŞLƏRİ

İRAN MƏKTUBLARI

Vəzi-siyasi

Rus qoşununun hüzuri təbrizliləri o dərəcə aludə etmiş ki, bütün zehnləri bu məsələyə məşğul olub, bağqa mühüm məsələlər, elə məsələlər ki, onun həlli ilə məmləkətin həyat və məmati təyin edilir, qeyri-məhəll qalıyor da hər dəqiqə, hər anda bir qədər fədakarlıqlarda bülünmüş əhrari-tərəddüddə saxlayır.

Bütün qəzetələr vasitəsi ilə elan olunmuş rus və ingilis şərtləri ki, bu maddələrdən ibarətdir, neçə gündür ki, bura əncüməni və başqa inqilab dairələrini təlaşa salmışdır. Bu maddələrin cümləsindən olan:

  1. Qanunların dövlətin kontor dilində olub, onların təcvizi*[1] olmazsa, nəşr edilməməli.
  2. Maliyyənin dövlətin kontor dilində olması.
  3. İmtiyazatın onların təcvizi ilə verilməsi.

Maddələri əhalini xeyli məyus edib və neçə illik zəhmətlərini bada getmiş görən cəmaət artıq bir təlaşa düşüyor.

Iranlılar bu maddələr xüsusunda deyirlər ki, filhəqiqə bu maddələq istiqlali-məmləkətə vurulan bir tökmədir, onun cəbrindən xilas olmaq üçün sənələr lazım, fədakarlıqlar olmalıdır ki, İranın tamamiyyəti-mülkiyyəsi geri qayıtsın.

Əvət, bu maddələrlə bərabər İran hənuz bütün-bütünə olaraq, daireyi mülkiyyətini itirmiyib, bir İran olaraq qalıyor. Olsun ki, hələ rus və ingilis lələ kimiləri sayəsində bəzi ərbabi-siyasətin fikrincə tərəqqi etsin. Məktəblər, yollar, kompaniyələr təşkilini görsün.

Lakin bunlarla bərabər istiqlalından dəxi gərək göz çəksin.

Zira istiqlali-mülkü təmin edən qoşun İranda yoxdur. Maliyyəsi və nəşri-qəvanin nim müstəqil qalmağını istəyən iki qonşusunun qontrolu altında olan bir millət təbiidir ki, mükəmməl bir qoşun hazırlaya bilməz. Yəni hazırlamağa qoymazlar.

Iştə, bu xəbəri təhqiq etmək üzrə dünən sübhdən axşma kimi teleqfarxanada oturub, Tehran ilə müxabirədə olan əncüməni-əyaləti bu məsələni həll ediyordu.

Tehrandan cavab vermişlər ki, bu məvaddın*[2] əsli yoxdur, hamısı yalandır. Qəzetələrin nəşr etdikləri xəbərlər guya əsilsizdir, öylə bir şey yoxdur.

Lakin polismeysteri Lyaxov olan Tehrana inqilabçılar məşrutəçilər kəmalınca inanmıyorlar.

Axtarsanız bir dərəcə məşrutənin özündən dəxi şəklidirlər. Zira, baxınız, məşrutəli bir məmləkətdə Lyaxov polismeysterlik ediyor.

Əmirbahadıri-cəng, Şeyx Fəzlüllah, Müşirüssəltənə, Eynüddövlə, Rəhimxan və qeyriləri azadə gəziyorlar.

Amma Sərdari-Milli Səttərxan, Salari-Milli Bağırxan və bir çox Təbriz cannisarani-hürriyyəti bəstnişin olub, öz azadlıqlarından mütməin*[3] ola bilmiyorlar. İştə bu inanmadıqlarındandır ki, haman bu “təsəlliamiz” cavaba cavab olaraq, bir teleqraf daha şəkmişlərdir ki, bu teleqrafda cavabdan məşkük*[4] qaldıqlarını bildirmişlərdir. Bu teleqrafda deyilirdi ki:

“Hərgah məmləkətimizin istiqlalını təhti-həlakətə alıb, üç ildən bəri elədiyimiz mücahidati zaye edib*[5], həm millətə və həm dövlətə peşimanlıq verəcək bu məvadd mövcud isə, yaxşıdır ki, birdən gizlətməyib, indidən deyəsiniz, tainki, fürsət etməyincə sizli-bizli əl-ələ verək də çarəsinə çalışaq.

Yoxsa böylə bir şeyi sitr*[6] edənlər iləridəki məsuliyyəti-ümumiyyədən yaxalarını qurtara bilməzlər”.

Sipəhdarın Təbriz əncüməninə çəkdiyi teleqrafdan görünür ki, Rəştdə övzai-haliyyə tərəddüddədir. Bəlkə daha artıq Tehranın səmimiyyətinə bilmərrə inanmıyor. Teleqrafda Təbrizə xəbər verir ki, bütün əyalətlər teleqraf ayağına cəm olsunlar da hali-hazırda müdafiədə bulunub, mübadileyi-rəydə bulunsunlar ki, bəlkə müttəhid müttəfiq buraya gəlsinlər. Ciddi bir iqdam etsinlər.

Teleqrafxanalara yığılmaqda nəsə hər əyalət birər vəkil seçib göndərər və inqilab əyalətləri arasında bir mərkəzi-inqilab əmələ gətirilərsə, daha müvafiq olacağını burada qəbul ediyorlarsa da məəttəssüf, İranın bir surəti-əvvəlliyyə ilə məişət sürdüyündən guya belə orqanizasyonun təşkilinə vaxt müsaidət etmiyor imiş. Zira hər nə iqdamat olunmalı isə beş gün sonraya kimi edilib, on gün sonra qurtarmalıdır. Hal böylə ikən heyəti-müttəhidənin bir yerə yığılması heç on beş gün sonraya kimi də mümkün ola bilməyəcəkmiş. Adətən İranda hər bir iş təbiəti-şərqidən olaraq, nəhayət, bir siqlət ilə görülür.

İntixabat məsələsi

45 gün sonra darüşşurayi-milli açılmalıdır. Elan olunan dəst xətt mövcibi ilə rəcəbin əvvəlində məclisin açılacağı bütün İran məmalikinə xəbər verildiyi hər kəscə məlumdur.

Fəqət 45 gün sonra bu məclis felən açıla biləcəkmi?

İştə ümumin zehnlərini məşğul edən məsələ!

Nizamnameyi-intixabat hənuz elan olunmamışdır. Nə vaxt elan olunacaq? Diyorlar ki, bu yavuqda. Fəqət İran yavuqu onda da Tehran malı bir dərəcə şöhrətini qazanmış mətadəndir. Artıq danışıq lüzumi yox.

Tutarıq ki, hələ bu gün nizamnameyi-intixabat elan olundu bitdi. Bu nizamnamələr məmləkətin hər yerində nəşr olunsun, hər terdə bunu oxusunlar, qansınlar, intixabə başlasınlar, seçsinlər, İrandakı türuq*[7] və məabirin*[8] çətinliyi, tərtib və tənzimatın bilmərrə füqdani bir ləhzə nəzərə alınırsa, 40 günə bu qədər işin başa gələ bilməməsi hər kəsi düşündürüyor. Güman ediyorlar ki, məclisin intixabatı təxir edilsin.

Təxir!...

Bu qədər şəklərlə, bu əndazə tərəddüdün, bu dərəcə inanmamazlığın üstünə bir də təxir gəliniz o vaxt övzai təsəvvür ediniz!..

Görünür ki, bir bətaləti-tehraniyyəyə qapılmış olan intixabat heyəti buranı heç diqqətə almıyor. Nizamnameyi-intixabati nəşr etmək yolunda heç tələsmiyor, haman qəlyan xorultusu ilə işləməkdən əl çəkmiyor.

Əvət, intixabat heyəti qələm cızıltısından çox qəlyan xorultusuna alışdığına əzhani*[9] - ümumiyyəsi dəxi dumanlaşdırır, hər tərəfdə “bəs hanı nizamnameyi-intixabat” – deyə suallar, iradlar qalxır.

Hələ nizamnamənin əsas və üsulunu bir mülahizə ilə təxmin edə nəhali öz narazılığını da büruzə veriyor.

Böylə bir aram və tanı ilə hazırlanmaqda olan nizamnamə mövcibincə intixabat əsasına bir ləyaqəti-maliyə daxil edilirmiş ki, 300 tümən vergisi olmayanların guya həqləri olmayacaqmış.

Bu cəhət bir çox məşrutəçiləri məyus ediyor. Zira, həqiqi məşrutəçilərin bir çoxu bu ləyaqətdən məhrumdurlar. Füqərayi-əhaliyə mənsubdurlar. Ona cəhət də parlamanın əksəriyyəti mazipərəstlər ola biləcəyindən təvəhhüş*[10] ediyorlar. Və bir çox başqa xəbərlər nəşr ediyorlar ki, bunların hamısına səbəb haman təxir, haman sənginlik, haman ehmalkarlıqdır ki, hər bir işdə: xüsusən cəbr ilə boyunduruğa gedən Tehranda müşahidə olunur.

Nəhayət, əncüməni-əyaləti Tehrana çəkdiyi rəsmi bir teleqrafda “nizamnameyi-intixabat harada qaldı”? – deyə xəbər alıyor. Cavab nə dələcək isə bu gün gözlənir.

Azərbaycanın vəzi

Ətrafdan gələn xəbərlər Azərbaycanın bəzi nüqatında şuluqluq olduğunu bildirirlər.

Rəhimxan atlılarını götürüb Qaracadağa çəkilmiş və orada adəti olan hərzəliklərdən çəkinmiyor.

Sabiq Təbriz imamcüməsi olan ruhani isə başına bir dəstə cəm edib, Heştərud*[11] tərəflərində qarət ediyor. Təbrizdə kökünə kimi dağılmış olan evinin intiqamını əl-ayaqsız, silahsız, köməksiz biçarə kəndçilərdən almaq istiyor. Rəvayətlərə görə, imam həzrətləri özləri dəxi tüfəng götürüb, qatar salıb “cihad” ediyorlar.

Urmiyə tərəfində dəxi bir intizamsızlıq olduğu zənn edilir. Dünən oradakı tüccardan bir teleqraf alınmışdır ki, “nəqli-əmvali mövquf”. Bu xəbər oranın şuluq olduğuna bir işarə isə də rəsmi bir xəbər yoxdur.

Tehran əks-sədaları

Tehrandan buraya yazılan xüsusi məktublardan anlaşıldığına görə Şah köçüb Səltənətabaddadır.

Xaricilərdən aldığı 100 min lirəni yeyib və istirahət ediyormuş. Lakin bu istirahət vəziri-cəngdən bixəbər qurxananın*[12] Səltənətabada gizli olaraq həml və nəqlini icab ediyormuş.

Xaricə vəziri Səduddövlə, Müşirüddövlə, Mötəməddülmülk və qardaşı xaricipərəstlik ediyorlarmış.

Şəhərdə bir çox inqilab hazırlıqları mövcuddur. Qəzvin orduyi-hürriyyətinin müqəddəmətül-ceyşi*[13] dəxi Tehranın yaxınlığında imiş. Tehranın dövrəsində dəxi inqilabçılar yox deyildirlər.

İştə, Tehran əhatə olunub – deyə teleqrafların verdiyi xəbərlər bu cəhətləri böyüdüb, sensasiya qayırırlar. Yoxsa rəsmi bir əhatə yox və o xəbərlərdə verilən ultimatumlar isə heç yoxdur.

Məmləkət asayiş və əmniyyətə talibdir. Lakin bu asayiş və əmniyyətin öz qüvayi-milliyyəsi sayəsində başa gəlib, istiqlalının məsun qalmasını hər bir şeydən əvvəl istər.

Təbriz
M.Əmin
“Tərəqqi”, № 119, 1 iyun 1909

*[1] təcviz – icazə

*[2] məvadd – maddələr

*[3] mütməin – arzayın, asudə

*[4] məşkük – şübhəli, şəkkili

*[5] zaye etmək - korlamaq

*[6] sitr – pərdəli, örtülü

*[7] türuq - yol

*[8] məabir – keçidlər, körpülər

*[9] əzhan – zehinlər

*[10] təvəhhüş – vəhşətə düşmə

*[11] Heştərud – Cənubi Azərbaycanda mahal adıdır. – Ş.H.

*[12] qurxana – cəbbəxana, silah anbarə

*[13] müqəddəmətül-ceyş – ordunun ön dəstələri

*[14] məsun - qorunmuş