Məqalələr

İRAN MƏKTUBLARI

CULFADA TƏFTİŞAT VƏ HƏBSLƏR

Bu gün İran Culfasında icra edilən təftiş və həbslərin şəxsən tamaşaçısı olduğumla bərabər, rus Culfasında olunan həbslərin xəbərini dəxi aldım.

Həbslər bir vəqtdə icra olunurmuş ki, haman bu vəqtdə Şücaüddövlənin Culfa yaxınlığında olan bir kəndə dəxi bir iqdamlar olunmuşdur.

Günortadan bir az keçmişdi ki, əncümən yerini dolandırıb mücahidlərin mərkəzi hesab olunan postxana həyətinin əfsərlər ilə bərabər gələn 20-30 nəfər soldat tərəfindən qapısı alınıb, bir neçə soldat dəxi haman dairənin ətrafında qaravulçu qoyulub.

Əncümən sədri çağırılır. Osmanlı təbəəsi olan Əhməd Camal əfəndi hazır olub müsahibə edirlər. Əfsər Təbrizdən alınan hökm üzərinə əncüməndə olan silahları təhvil alıb, Təbrizə göndərəcəyini elan edir.

Camal əfəndi isə tezliklə alınıb, gömrükxana idarəsinə tahvil verildiyini bəyan edincə, əfsər oraya verilən tüfənglərin neçə ədəd və nə sistem olduğunu öyrənmək istəyir. Aldığı cavablar görünür ki, onu iqna etməz. Bir çox sorğu-sual başlanır. Bu məsələdən keçəndən sonra havayı bir güllə atmaqla müttəhim olan bir mücahidin ki, hazırdadır, tüfəngi harda olduğunu bilmək istəyir. Bilməyə müvəffəq olamaz. Əncüməndən ona tüfəng verilməmişdir – deyirlər.

Bədən əfsər bəyan edir ki, onun rəisi gəlməyincə, əncümən sədri Camal əfəndi və yoldaşı erməni doktor Bijik əfəndinin bir yana hərəkət etmələri və komandirin vürudunu gözləmələri lazımdır.

Komandirə adam gedir. Əfsər ilə məşhur Jarski əncümən qapısında qalıb, xüsusi söhbətlər edirlər.

- Bu biçarə iranlılar bundan belə xarab olacaqlar. Bu hərzəgərçilər və ermənilər Rusiyada öz sui niyyətlərini yeridə bilməyib İrana gəldilər. Bu fəqir, aciz, məzlum və gözəl məxluqu bədəməl etdilər və qudurtdular. Belə bir fəlakətə sövq etdilər ki, sözlərdən deyib, biri irad, o biri təsdiq edirlər. Söhbətin zimnində diqqətlə qulaq asmaqda olan müxbirinizi iranlı xəyal edərək xitabən:

“Siz elə bilirsiniz ki, bu hərzə ermənilər, gürcülər və qafqazlılar sizdən ötrü börkləri yanıb İrana hürriyyət almağa gəlmişlər. Vallahi, İran milləti sonra biləcəkdir ki, kimdir onun dostu və kimdir onun düşməni.

Mən İranda olmuşam. İran millətindən əmin bir cəmaət yoxdur. Bu cürə şeytanlar aralığı pozub öz ciblərini doldurmaq üçün bunların məişətinə zəhər qatıyorlar”.

- Cənab əfsər, əvvəlcə sizə bildirim ki, mən iranlı olmayıb, rus mətbuatının nümayəndəsiyəm.

Amma iranlılarla elədiyim söhbətdə sizin fikirlərinizi bildirəcək bir şikayətə rast gəldim. Onlar gəlmeyi-mücahidlərdən xeyli razlılıq ibraz ediyorlar. Az-çox şikayətləri varsa, o da özlərinə qafqazlı adı vermiş olan bəzi iranlı mücahidlərdəndir. Təbii ki, onsuz da olamaz. Amma böyük şikayətləri şaha kömək etmək üzrə gələn mühacirlərdəndir.

Mən özümün Rusiya mətbuatı nümayəndəsi olduğumu izhar edincə, “Novoye vremya”çı Jarski artıq bir təlaşla, hansı qəzetin müxbiri və kim olduğumu öyrənməyə səy etdi.

Bu əsnada komandir gəlib, əncümən sədri və doktor cənablarını tazədən ehzar etdilər. Əfəndi bir kürsü götürüb oturdu.

Komandir artıq bir sərtlik və müməhhəd*[1] müqəddəmə olmaqsızın dürüşt*[2] bir səslə “tüfəngləri ver” – deyə rücu etdi.

- Tüfənglər gömrükxanadadır.
- Neçədir?
- Hamısı doqquzdur.

Amiranə bir tövr alaraq:

- Niyə doqquz olsun? Halon ki, mən buradan keçən 300 nəfər müsəlləh mücahid özüm görmüşəm.
- Onlar Xoydan gələnlər idi ki, dübarə oraya qayıtdılar.
- Siz haralısınız?
- Türkiyəliyəm!

Bədən doktora rücuən:

- Siz haralısınız?
- Mən də türkiyəliyəm!

Soldatlara işarətən – bunları alınız!...

Məhbuslara:

- Sizlər xüsusunda Təbrizə konsulxanaya yazacağam. Cavabı gəlincəyədək təhti-tovqifdə qalmalısınız.

Bu vaxt Culfanın dolandıranları olub, məhbubi-millət olan bu zəvatı soldatlar qabaqlarına salıb apardılar.

Sonra orada hazır olan 4 mücahidi dəxi 6 nəfər soldata qoşub məcburən göndərdilər ki, damların üstündə olan səngərləri pozsunlar.

Xülasə, buradan 3 adam alıb rus tayından dəxi 5 adam tutmuşlar ki, tutulanların adları bunlardır:

Rus tamojniyası xəzinədarı Baxşəli Ağa cənabi Şaxtaxtinski.
- Məşhur komisyonçu və tacir naxçıvanlı Kərbəlayi-Nəsrullah cənabi Şeyxov.
- Haman Şeyxovun ğqvamından maarifpərvər cavan Məşədi Rzaqulu Nəcəfov.
- Tacirbaşı Ağaməhəmməd Hüseyn Hücıyev.
- Komisyonçu Kərbəlayi Tağı Yusifov

Siyahısı verilən bu adamlar hamısı rus təbəəsidirlər.

Bunları və bunlarla bərabər İran tayında tutulan 3 nəfər Osmanlı təbəələrini dəxi haman gün yük qatarı ilə Naxçıvana göndərmişlər.

Bu xüsusda Təbrizə teleqraf çəkilib, əhval xəbər alınmış və dəsturuləməl istənilmişdir. Cavabında belə bir teleqraf çəkmişlər:

“Bu saat teleqrafxanada hazırıq. Bu xüsuslardaki, Təbrizdə həmittifaq düşmüşdür, Tehran ilə müzakirə edirik. Ehtimal var ki, bu barədə bu gün, ya sabah səhih bir qərardad olsun”.

Əncüməni-əyaləti

Həbslər icra edən zabit ilə görüşdüyüm zaman ondan ingilislərin İran cənubundan çıxmalarına dair verilmiş xəbərlərri eşitdiklərini təhqiq etdiyində “böylə bir xəbər yoxdur” deyə şayiəni rədd etdi.

- Bir daha nə qədər rus qoşunu İranda qalacaq?
- Ta asayiş tam olmayınca, qoşun getməyəcək. Zərafat deyil, rus pulu ilə burada artıq xərclər qoyulub, yol qazılmış, indi bir neçə nəfər erməni və gürcünün intriqasından naşi biz külli zərərlər çəkə bilmərik. Nə qədər ki, yolumuzun əmniyyətinə və ticarətimizin səlamətinə kəmalincə inanmaq mümkün deyil. İrandan çıxmaq olamaz.
- Niyəbəs Ənzəli – Tehran yoluna nisbət bu politikanı tutmuyorsunuz?
- Qəzetlərin yazdığından orada dəxi şuluqluq başlanmış, əgər bir qədər dəxi uzanarsa, yəqindir ki, yolumuzu mühafizə üçün qoşun göndərməyə məcbur olacağız.

Culfa, 16 may
“Tərəqqi”, № 112, 24 may 1909

*[1] müməhhəd - hazırlanmış

*[2] dürüşt – sərt, qaba