Məqalələr

İRAN MƏKTUBLARI

Mitinq

Xarici müdaxiləsi mücahidləri və əhalini düşündürməkdə idi. Rus kazaklarının vürudi, dava gəmilərinin Ənzəli bəndərində manevrə etmələri, Mazandarana rus gəmisi və kazakların göndərilməsi və Şimali İranda olan rus konsullarının Tehrana cəm olmaları, İran başında bir oyun oynayacağına dəlil olmaq surətilə görüküb dəvairi-inqilabi düşüncələrə salırdı ki, bu aralıq 4 min nəfər rus qoşununun Gilana varid olub, Ənzəli, İran Astarası və Rəşti istila etmək xəbəri çıxdı. Şəhər olmazın dərəcə həyəcana gəldi. Əncüməni-əyaləti tərəfindən elani-məxsusə ilə əhalidən mübadileyi-əfkar*[1] etmək üzrə bir mitinq dəvət olundu.

Nəticeyi-mücmiləsini*[2] teleqraf ilə xəbər vermiş olduğumuz bu mitinqdə 8 minə qərib əhali şərakət ediyordu. İki yerdə natiq kürsüsü qurulmuş, cəmaət məscidvari oturub məclisin iftitahini ürək tappıltısı ilə gözləyir idi. Axşamçağı saət beş radələridi ki, əncüməni-əyaləti sədri olan Hacı Məhəmməd Rza Ağa meydanın bir tərəfində vaqe imarətin balkonunda bir heyəti-külliyyə ilə qərarlaşmış üləma arasından ayağa qalxıb aram və təənni*[3] ilə söylədiyi müxtəsər bir nitqində bu günkü məclisin nədən ötrü çağırıldığını bəyan ilə məclisə iftitah*[4] verdi və müfəssəl ərzihalın təqdimi kürsü üstündə müntəzir olan Hüseyn Kəsman cənablarının öhdəsinə olduğunu ixtar edincə, məzkur Kəsman cənabları nitqə başladılar. Əlhəq bu adam olduqca natiqdir, sözləri aydın, mətləbi kəskin, səsi yüksəkdir. Məlumati-lazimədən dəxi ari deyildir. Sözlərindən ciddiyyət tökülüyor.

Bu adam müfəssəl söylədiyi bir nitqində tarixi-inqilabdan, qələbeyi-millidən, övzai-haliyyədən, nəfəsi-axirini istibdaddan, rus və ingilis politikasından bəhs edərək, mövzuya keçib, rus qoşunlarının Gilanı istila etmək və bilümum ümuri-daxiləyə müdaxilə etmək xəbərinə gəlincə, cəmaət mütəhəyyicianə və mütəhəyyacanə bir surətdə vəlvələ və hərəkətə gəldi. Hər tərəfdən cəstə-cəstə*[5] sədalar qalxırdı.

Məclis bir qədər rahat olandan sonra Kəsmai nitqlərini qurtarmaq üzrə davam etdilər, dedilər ki, biz bu vaxtadək heç bir millətin hüquq və ixtiyarına təcavüz etmədik. Bilümum İran inqilabçıları bu barədə lazımeyi-istedad büruzə verməlidir. Gilanlılar dəxi, xüsusən isbati-ləyaqət etmişlər ki, buna Rəştdə olan düvəli müəzzəmənin konsullarının rəsmən verdikləri rizayətnamələri şahiddir. Madam ki, biz bu vaxtadək əsasi ittifaq etdiyimiz politikamızı yenə də əldə edib, bir kəsin haqqını təzyiq etməsək, heç bir dövləti-xaricinin ixtiyarı yoxdur ki, bizim daxili işlərimizə müdaxilə etsin.

Hakəza bizdə bütün konsulat vasitəsilə Rusiya dəvlətinə elan edirik ki, hərgah xəbəri nəşr olunmuş bir hərəkət rus höküməti tərəfindən zühir edərsə, biz hazırıq ki, onlara mümaniət edək. Zira, biz vətənimizin hürriyyəti və istiqlalı uğrunda çalışırıq. Bu məqasidimizə çatmaq yolunda qabağımıza şah çıxarsa, şah, digəri gələrsə, onunla mübarizə etməyə məcburuz.

Biz bilirik rus dövlətinin qoşunu müqabilində bizim qüvvəmiz yoxdur. Yalnız burası danılmaz ki, vətənimizin istiqlaliyyəti yolunda qurban olan canımız vardır.

Natiq sözünü qurtaracağın əhali əl çarpıb onu alqışladı. Alqışlar arasında sədalar gəliyordu ki, biz ölməyə hazırız.

Hüseyn Kəsmaidən başqa bir neçə natiq daha danışdılar.

Danışanların cümləsindən biri də erməni idi. Hamı danışanların malı haman Kəsmai cənablarının nitqi malında idi.

Iki saət qədəri uzanan bu mitinqin axırı böylə bir qətnamə qəbulu ilə xətm olundu ki:

“Biz Gilan əhalisi, bütün İran əhrarlarından bir qism olduğumuz halda, vətənimizin istiqlaliyyətindən başqa bir fikrimiz yoxdur. Amalımız qanuni-əsasımızı geri almaqdır.

Biz qan töküyoruz ki, hüququmuzu alaq, böylə bir kəsbi-hüquq yolunda çalışdığımızda məmləkətimizdə məşğuli-kəsb və ticarəti olan heç bir xarici təbəəsinin malına, canına təcavüz olmuyub, onlara məxsus iş gözləməkdə lazım olan məsaiyəsini əmələ gətirmişik. Bu yolda ancaq təkamül etməmişik.

Lakin bununla belə qonşumuz Rusiya höküməti bila cəhət məmləkətimizə kazak və cəngi gəmiləri sövq etməklə bizim xatirimizə toxunur.

Bu xüsusları biz vaxtilə protest etdik. Bu qədər iqdamata kifayət etməyib, rəsmən lazım olduqda “yenə də kazak gətirəcəyik”, - cavabı ilə rus höküməti əz qərari-məsmu*[6]-müsəmməm*[7] olmuşdur ki, dörd min soldat bizim əyalətə varid edib də məmləkətimizi istila etsin.

Biz bu xüsusda bütün konsulat vasitəsi ilə rus dövlət imperatorusuna elan ediyoruz ki, əgər bu şayeat doğru isə bizim hüququmuza nahaqcasına ediləcək təzyiqdən vaz keçsin. Böylə bir iqdamata biz var gücümüzlə protest ediyoruz. Yox əgər böyləcə həqq və beca olan istidamız*[8] səm*[9] qəbulə alınmayıb, hüquqi-vətəniyyəmizi güclü bir hökümət tərəfindən zorlanacaq isə, o halda biz hazırız ki, vətənimizi xətərdə elan edib, qüvayi-mövcudumuzla müqabilə edək, əgər bu müqabilə bizim hamımızın qırılmasına da səbəb olsa”.

Bu qətnamə ilə bərabər icmaən qəbul olundu ki, bütün parlamanlara və Avropa azadpərəst firqələrinə istidanamələr yazılıb İran haliyəsindən xəbər verilsin də istimdad istənilsin.

Axşam qaranlığı çıkmüşdü ki, məclis tamam oldu. əhali evlərinə tərəf yönəldilər.

Mitinqin sabahı, rus konsulu tərəfindən Sipəhdar həzrətlərinə bir məktub gəlmişdir ki, bu məktub konsulxananın mitinqdən mütəəssir olduğuna işarə kimi tələqqi edilir.

Naib konsul cənabları bu məktublarında yazıyorlar ki: bəzi müfsidlərin*[10] və kəmittila*[11] adamların nəşr etdikləri xəbərdən əhaleyi-Gilan olub, öylə xəyal etmişlər ki, dövləti-imperatori İran işlərinə müdaxilə etmək xəyali və Gilana qoşun yeritmək qəsdinə düşmüşdür.

Tehran səfarəti-imperatorusu tərəfindən mən məmuram ki, bu xüsusda Zat alinizi müstəhzər*[12] edim ki, bu günə şayeələrin əsli yoxdur. Qoşunun vürudi və İran işlərinə müdaxilə etmək məsələsi başqa bir surətdədir ki, onlar Təbrizə getməlidirlər ki, orada aclığa mübtəla olan biçarə əhaliyə yol açıb onları isrətdən qurtarsında. Əgər hökümət qoşunu ədalətsizlik edərsə, onların cilovunu saxlasın. Siz bu cəhəti bir müjdə olaraq əhaliyə hali edin ki, rus dövlətinin müdaxiləsində İrana zərər vermək və onun istiqlaliyyətinə toxunmaqlıq qəsdi əsla yoxdur. Biləks, bu cəhət mücahidləri sevindirəcək bir hal ilə xitampəzir olacağına ümid etməlidir.

Sipəhdar həzrətləri dəxi konsulun dostanə yazdığı məktubə ciddən badustanə yazdığı bir məktubunda bunu diyor ki:

“İran milləti rus dövlətinin novpərəst və insaniyyət, dostluq ibraz etməsini istər. Lakin bununla bərabər xahişi-külli edir ki, əgər İrana xidmət etmək və bu qədər müddət imtidad edən failəni yatırmaq üçün İran milləti-məzluməsinə mənən kömək edib də felən elədiyi hərəkətlərindən vaz keçərsə, İranın halına daha əlverişlidir”.

Filhəqiqət dövlətinin mənəvi köməyi bəsdir ki, Məhəmmədəli şah təslimə məcbur olsun. Madam ki, bu böylədir, o halda rus qoşunlarının müdaxilə edib, yol açılmasına nə hacət qalıyor?

İştə sual.

“Tərəqqi”nin sabiq nömrələrində xarici müdaxiləsi ünvanı iləbu mətləbə dair yazılan baş məqalə burada əhəmiyyəti-məxsusə ilə oxunub, tərcümə edilir və dəvareyi-inqilabın əfkarı ilə təvafüt ediyor idi.

Əncüməni-əyaləti tərəfindən rus imperatoru, ingilis karolu və parlamanlarına təzəllüm*[13] teleqrafları çəkilib, istirham edilir*[14] ki, İranı müdaxilə bəlasından qurtarmağa lütf buyursunlar.

Ənzəlidə

İki gün bu mitinqdən sonra Ənzəli bəndərində daha bir mitinq təşkil verilib, haman surətlə protest edilmişdir.

Biləsuvar

Rus sərhəddi olan Biləsuvar əyalətləri dəxi məşrutə tərəfinə keçmişlərdir. Əncümən təşkil verilmiş və dovtələb*[15] dəstələri təşkil verilib, Ərdəbilə hücum edib orada əncümən qərar vermək sədədindədirlər*[16].

Rəşt əncüməni-əyalətisindən və Sipəhdardan onlara təbrik teleqramları göndərilmişdir.

Rəşidülmülk

Ərdəbildən verilən xəbərlər ki, guya Rəşidülmülk daha Astaraya gəlməkdən vaz keçmiş, nə bilim nə olmuş xəbərləri belə məlum oluyor ki, hamısı bir politika və hiylə imiş. Məzkur tazə qüvvə yığmaqdadır ki, Astara üzərinə gəlsin. Astara məzkuri pişəvaz etməyə qüvvəsiz deyildir.

Tüngabün tərəfi

Gilanın Tüngabün tərəfini Sipəhdarın oğlu. Sərdar Əsəd saxlamaqdadır. Əz qərari-məlum Mazandaran tərəfindən Gilana gəlmək üzrə qoşun hərəkət etmişdir. Tüngabün sərgərini möhkəmləşdirmək üçün buradan oraya qüvvə yollanmışdır.

Qəzvindən

Buraya yetişən xəbərlərə görə Qəzvin sərgərdəsi Sərdar Müzəffərə Tehranda hökm olunub ki, bir dəstə sərbaz ilə İraqa tərəf getsin. Görünür orada dəxi bir şuluqluq baş vermişdir.

Tehran əks-sədaları

Bu aralıq açılmış olan dükanlar tazədən bağlanmışdır. Görünür ki, azuqə və pulları qurtarmış olan mütəhəssinin bir qədər alış-verişdən sonra özlərinə istibdadi-mühəyya edib, tazədən bəstnişinlik etməyə qərar vermişlər imiş.

Müvəssəq xəbərlərdəndir ki, rus səfiri ilə ingilis səfiri rəsmi libasda olaraq, şah ilə mülaqat edib, məşrutiyyəti iadənin xəsəratından əhvalın bu tövr qalmasının səyaətindən şaha bəhs etmişlər. Və tövsiyyə qılmışlar ki, artıq istadəlik etməyib qanun əsasını iadə etməkdə tərəddüd etməsin. Nəticeyi-mülaqat nə isə hənuz məlum deyildir. Ümumən bu fikirdədirlər ki, bu günlər böyük bir xəbər çıxacaqdır ki, İranın istiqbalı o xəbərə bağlıdır.

Yenə tazə xəbərdəndir ki, bir neçə gün sonra bəxtiyarilər Tehranı mühasirə edəcəklər.

“Tərəqqi”, № 83, 20 aprel 1909

*[1] mübadileyi-əfkar – fikir mübadiləsi

*[2] nəticeyi-mücmilə - ümumi nəticə

*[3] təənni – tələsməməklik

*[4] iftitah - açma

*[5] cəstə - ciddi hərəkət, sıçrama

*[6] məsmu – eşidilmiş

*[7] müsəmməm – qəti surətdə qərar verilmiş

*[8] istida – yalvarıb istəmə, xahiş etmə

*[9] səm – eşitmə, qulaq asma

*[10] müfsid -  fitnəçi

*[11] kəmittila – az xəbəri olma

*[12] müstəhzər – xəbərdar

*[13] təzəllüm – zülm və təcavüzdən şikayətlənmə

*[14] istirham etmək – rəhm olunmasını istəmək

*[15] dovtələb – təcili

*[16] sədədində - fikrində olmaq