Məqalələr

İRAN MƏKTUBLARI

RƏŞT

Rus iqdamatı

Ənzəli bəndərində olan rus cəngi gəmisinə əlavə olaraq srağagün bir gəmi daha gəldi. Bir gəmi də əfsər və jandarma dəxi vardır. Bunların qəsdi bəndərə gələn və gedən gəmiləri təftiş edib, silah və əsləhələri tutmaqdır. Bu cəhət səbəb oluyor gilanlıların səxt əndər səxt* incikliklərinə və etirazlarına. Fil-həqiqətə rus dövləti öz gəmilərini təftiş etmək istəyirsə, Bakıda, Lənkəranda və Astarayi-rus da edə bilər.

Rəştdə olan rus kazakları dəstə ilə gəzib nəğmə oxuyurdular. Sipəhdar isə bu cəhətə rəsmən etiraz edib, belə bir nümayişə haqsız olduqlarını konsula bildirdi.

Qəzvinin hal və hissiyatı

Qəzvin bir röbi-fövqəladə içində itməkdədir. Zikr olunan müvəffəqiyyətlər onların röbisini bir qat daha artırmışdır. Bunların qorxusu ikitərəflidir. Əvvəla, mücahidlərin rəşadətini layiqincə görüb, imtahanlarını çəkmişlər və saniyən, şəhər içindən dəxi xatircəm ola bilmiyorlar.

Hər gün nəşr olunmaqda olan intibahnamələr və bir dəfə partlamış bomba və Osmanlı şəhbəndərində mütəhəssin olan əhali şəhrin əğləbən məşrutəçilərə mail olduğunu göstəriyor. Artıq ehtimal var ki, hücum başlandıqda bunlar da içəridən işə başlayacaqlar.

Mücahidlərin rüəsalarından bəzisi Qəzvinin bağlarına kimi gedib, onların nəqşəsini alıb, səngər bəndlikdən ötrü mövqelər nişanlamışlar. Hakimi-şəhr olan Mirzə Əbülqasım xan Osmanlı şəhbəndərinə adam göndərib əmannamə istəmişdir. Qiyasi-nizam ki, əvvəlinci sədəmədə oğlunu mücahidlər öldürmüşlər, işdən istefa verib, bəyan etmişdir ki, artıq müdaxilə etməyəcəkdir. Dövlət rəisi olan Müzəffərüssəltənə Tehrana xəbər vermişdir ki, o şəhəri salmaqdan savay heç bir iqdam edə bilməyəcəkdir.

Sipəhdar çıxır

Sabah Sipəhdar öz atlıları ilə çıxıb səngər başına gedəcək və oradan səngərdəki qüvayi-mücahidinlə bərabər Qəzvinə hücum ediləcəkdir.

Vicdani-ümumi buna qaildir ki, Sipəhdarın xurcu ilə ətraf vədihatlardan bir çox dövtələb gəlib, məşrutəçilərə mülhəqq olacaqlar.

Panov

Varid olan xəbərlərə görə Rəşt mücahidini-rüasasından olub, Mazandaran tərəfə göndərilən Panov mərüf Astarabaddan hərəkət edib, iki ağaclıqda olan Daş qaryəsinə gəlmişdir ki, ordan Tehrana tərəf yerisin.

Panovun dəstəsi Astarabad ilə Mazandaran simini parə etmişlərdir. Tehrana xəbər verildiyinə görə sədri-əzəm Şahruda olan Əbdülməlik və Şövkətnizamə teleqraf etmişdir ki, buranın səvar və sərbazını cəm edib Panovdan cilovgirlik etsin.

Tehranın övzai

Müstəbidlərin hissiyyatı xeyli hissidədir. Millət dəxi bir haləti-intizardadır. Hər iki tərəf intizardadırlar. Təfavüt burasındadır ki, millətin ümidləri qəvi, hökümətinki isə nəhayət zəifdir. Ümidi üzülmüş hökümət ölümünü nəzərə alıb, hər nə bilirsə ediyor. Ölməmişdən qabaq intiqam almaq istiyor. Əhaliyə xeyli səxt və düşvar tutulub, bir gecə və gündüz yoxdur ki, Tehranda adam öldürülməsin. Ələlümum, qatil hökümətdir.

Bu gün Tehranı iki tərəf qorxudur. İki tərəfdən hücum gözliyor. Məlum olduğu üzrə həzrəti-Sipəhdar ilə cənabi-Səmsamın sözləri aprelin əvvəllərində hücuma başlamaqdır. Odur ki, hökümət xeyli əl-ayağa düşmüş və əlimyanlı etməkdədir. Keşikxanə süvarilərindən yüz nəfər İsfəhana rəvanə olunmuşdur.

Şosse yolunun dəstigahları olan Bağırovlara rus səfarəti tərəfindən hökm olunmuşdur ki, Firəngistan postunu həml etməsin.

Lakin bundan istifadə edən dövlətlilər müfəttişlik etməyə fürsət tapıb, şöhrat vermişlərdir ki, Rəştdə postun hərəkətinə mane oluyorlar. Bunun ilə istiyorlarmış ki, süfəranı şikayətə vadar etsinlər.

Sərdari-Əsəd İsfəhana varid olub, bu həftə Tehrana hərəkət edəcəkdir. Sipəhdarın Qəzvində olan əmlakını dövlətlilər çapıbdırlar. Bu xüsusda təhqiqat etmək üçün rus səfarətindən adamlar göndərilmişdir.

Tehrana yetişən xəbərlərə görə Təbrizin azuqəsi dəxi dörd ay kifayət edər.

Naibülssəltənə və qeyri adına olaraq xariciyyə vəziri Sədüddövlə dövlətdən ötrü bir kürur daha borc tədarük eləmişdir.

Şahın mənsubiyyəti yetişdiyi Astarabad türkmənlərindən neçə nəfəri Tehrana istənilib, xələt verilib, göndərilmişdir ki, gedib bir iddə səvar ilə Tehrana gəlsinlər.

Şiraz hakimi Asəfüddövlə qəribə bir işə düçar olub, millətə müvafiqət etməyə məcbur olduğundan hala hökümətin məğzubi və məzulu olmuşdur.

Asəfüddövlə Şiraz hakimi olduğundan İsfəhan mücahidləri buna kompani simi vasitəsilə Tehran adına bir teleqraf vurub, təcilən Tehrana istəmiş və bədən teli qırmışlardır.

Asəfüddövlə də dəvətə təbiidir ki, ləbbeyguya olaraq, azim olmuş, yolda İsfəhan tərəfindən müqabilə gördükdə geri qayıtmış, görmüş ki, şəhər mücahidlərin əlindədir. Əncümən qurulub oturmuşdur. Təslim olmaqdan başqa bir çarə tapmamış, götürüb şaha bir nəsihətnamə teleqraf etmişdir ki, bəsdir daha, inadından əl çək! Məsmu olunduğu üzrə Əlaülmülk xaricə və Əmirnizam maliyyə vəzirliyinə qəbul olunacaqdır.

Hücəcülislamın fitvaları

Osmanlı səfarətində və Şah Əbdüləzimdə mütəhəssin olan zəvatə xitabən: ağayani-izam, hücəcülislam qələmə aldıqları fitvayi-cədidin bin az fotoqrafla alınmış əksi Rəştə göndərilmişdir. Ağayani-Abdullah Mazandarani, Məhəmməd Kazım Əlxorasani və qeyri üləmayi-izam tərəfindən nəşr olunan bu xitabnamələrin məali-ələlümum bir vəchə atidir: süfərati-kübradə və zaviyeyi-müqəddəsəsdə mütəhəssin olan bütün islam qardaşlarımıza xitabən-səlami-vafir bədində təbliğ ediyoruq ki, məclisi-darrüşşurayi-milli açılıb, tamamilə tərəfimizdən imza olunanqanuni-əsasi qəbul elan və təmim olunmayana kimi və millət vəkilləri intixab olunub, biladi-müslimini xaraba qoyub, xəlxüllahın qanının nahaq yerə tökülməsinə bir intəha qoyulmayana kimi hər bir müsəlmana lazım və vacibdir ki, hər növ, hər sinif və silkdən olursa-olsun, gərək höküməti-haliyyənin əvamirinə qulaq asmayıb, onun ilə hər surətlə mümkün isə mübarizəyə qalxsın və hər kəs indiki hökümətə təmkin edər və onun dilxahi ilə rəftar edərsə, Yəzid-İbn-Müaviyəyə təmkin edib, Şümrün dilxahinə rəvayət etmiş kimidir. Vəlihaza bütün mütəhəssininə lazım və vacibdir vaxtın uzanmasından diltəng olmuyub, kəmali-mətanəti-qəlb və səbr ilə başladıqları mübarizələrini iləri aparmağa çalışsınlar. İnşaallah həzrəti-Höccətin vəchi sayəsində yaxındır o vaxt, istibdadın rişəsi qırılıb, millət öz istədiyinə nail olsun. Həqiqəti-diniyyə özünü zahir etsin. Allah sizlərə nüsrtə verib, qədəmlərinizi sabit eləsin. Vəssəlamü əleykum və rəhmətüllah.

M.Ə.
Rəşt

B.T. Bu sətirləri qurtardıqdan sonra Ərdəbildən Rəşidülmülk ilə Salar arasında bir münaqişə olmaq xəbəri eşidildi. Bu məclisdə bir nəfər sözləşib, Salarfiruz qəhrən məclisdən çıxmış və adamları götürüb getmişdir. Vəlihaza Rəşidülmülk Heyran ayağında cəm olan adamları əvəzində Rəşidülmülk vüruduni gözləmələri, naxoş olmaq xəbərini almış və Astara əvəzinə Ərdəbilə rəvan olmuşlar. Panovun məğlubiyyəti məsələsi bura dəvairini xeyli mükəddər etdi. Bu xüsusda Tehran postası ilə gələn kağızlar hökümət mənafeyindən olaraq xəbər verirlər. Guya Bakı qəzetlərinə də bu xəbər gəlibmiş.

Rəşt isə bu xüsusda müstəqimən bir şey bilmiyor. Rəştlilər bu xəbərə bavər etməməkdədirlər.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 76, 12 aprel 1909

* səxt əndər səxt – çətindən çətin