Məqalələr

İRAN MƏKTUBLARI

QƏZVİN SƏMTİ

RƏŞTDƏN

Mücahidini-Tehran Ənzəli yolunda Qəzvinin 20 verstliyində vaqe Kuhistanda səngər edib, ordu vurmuşlar. Buradakı məşrutə ordusunun hər bir şeyləri mühəyya və hazırdır. Bollu bombalar vardır. Düşmənin gələn yerlərində minalar, füqaslar basdırılmışdır. Hpkümət qoşunu Qəzvindədir.

Səhih rəvayətə görə bunların ədəi minə baliğdir. Çoxu tazə setir*[1] tüfənglərlə müsəlləhdirlər. Bu tüfənglər Rəşt vəqəsindən bir həftə iləri Ənzəli gömrükxanasından aparılan tüfənglərdir. Bir neçə ədəd topları dəxi vardır. Lakin bu tədarükatı işə verəcək cürət isə bunlarda bilmərrə məfquddur*[2]. Bunlar nəhayət dərəcədə qorxu və hücum etməyə müsəmməm ola*[3] bilmiyorlar.

Gözləyirlər ki, ətrafdakı elatı da hərəkətə gətirib sonra hücum etsinlər. Bəzi xəbərlərə görə Əmirbahadır Qəzvin ordusu komandanına yazdığı bir kağızda təkid edirmiş ki, gözləməyib, məşrutəçilərin səngərlərinə yeriş etsin.

Rəisi-ləşkər Sərdari-Müzəffər isə cavab vermiş ki, Astaradan Rəşidülmülk ordusu ilə Nəmin xanları və bu tərəfdən elati-ətraf tərpənməyənədək hərəkət etmək müşküldür. Zira, bunlarda bütün bombadır, minadır, füqasdır ki, basdırılmış cəhənnəm maşinasıdır ki, qurulmuşdur.

Imkani-əql yoxdur ki, bu heyəti-hazirəmiz ilə qələbə edə bilək.

Qəzvin ordusunu rəyüleyn görüb müşahidə edənlər nəql ediyorlar ki, bunların ürkakliyi, qorxuları həddi keçmişdir. Bunların bu dərəcə bir röbə qiriftar olduqlarını bu günlərdə Həbibullah nam bir müstəbid qapısında partladılan bombaya birə-yüz daha da artmaqda və hər gecə nəşr olunmaqda olan mücahidi-sirri komitəsinin şəbnamələri təksir etməkdədir.

Mücahid ordusunun rüəsasından Sərdari-Əfxəmi öldürmüş olan Ağayi-Müəzzil Soltan Zəncan rüəsasından olan Ağayi-Müəzzil Soltan Zəncan rüəsasından olan Ağayi Müzəffər Dövləyə yazdığı bir təşviq və dəvətnaməyə atidəki cavabı almışdır:

“Mən təhti-itaətimdə olan 3000 müsəlləh atlı və zəxirəm ilə bu yaxın vaxtda siz islam yolunun mücahidlərinə kömək etmək üzrə lazım olacağam.

Səhih rəvayətlərə görə Zəncan əhalisi dəxi məşrutiyyət tərəfə keçmişdirlər”.

Astara səngəri

Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran höküməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gülanı giridara salsın.

Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir. Hətta əvvəlinci bir müqabilədə məşrutəçilərin düşmənə qalib gəldikləri məlumdur. Heyran gədiyi deyilən bir səngəri-təbii də Nəmin Xəvanin adamları ilə astaralılar baş verən bir atışmada hökümət tərəfindən 9 nəfər ölüb, 2 nəfər əsir düşüb, 30 nəfərin dəxi yaralandığı qabaqca xəbər verilmişdi.

Hüseyn Əli xanın atlıları buranı mühafizə edəcək, Rəşidül-mülkdən difa edəcək dərəcədə rəşiddirlər.

Burasını Ərdəbil “rəşidi” hiss etmişdir ki, rus konsulunun vasitəsi ilə binayi-təvəsvüs qoymuş və guya “itmami-höccət istəmişdir”.

Astara rus konsulunun nümayəndəsi Yusifbəy əncümənə gəlib, rus konsulxanası dilindən bəyan etmişdir ki, “siz gələndə Rəşidülmülk sifarişini eşidin”. Necə ki, Ərdəbil lahqatındansınız, öylə də Naibülhöküməni oradan istəyib, təslim olunuz. Nəmin xanlarının hücumundan məhfuz qalacağınıza biz söz veriyoruz.

Əncümən isə buna cavab demişdir ki, biz heç bir Rəşid-məşid tanımayıb bu vaxta özümüzü Rəştə tabe bilirik. Naibülhöküməni də ancaq Sipzhdardan qəbul edirik. Nəmin xanlarından da zərrə qədər qorxmuruq. Onlardan difa etmək üçün əlhəmdülillah qüvvətimiz də və qüdrətimiz də vardır.

Yusifbəy cənabları məyus olaraq, naümid getmişlərdir.

Rəşidülmülklə Sipəhdar

Bu günlərdə Sipəhdar həzrətlərinə Ərdəbildən Rəşidülmülk tərəfindən bir teleqraf çəkilmiş idi. Bu teleqrafın müxtəsər məzmunu bu idi ki, “Siz alicənab məni dəvət ediyorsunuz ki, gəlib məşrutətələb olam. Bainki, məşrutətələb olmasam da bitərəf durub hökümətə də arxa çıxmayam. Bu qədər biliz ki, mən siz deyiləm ki, əvvəl Təbrizə top atam da, sonra gəlib bir-iki nəfər balıqçı gilək ilə rəfaqət salıb, məşrutətələblik iddiasın edəm.

Bu qədər bilirəm və buna etiqadım var ki, İran hənuz üsuli-məşrutə ilə idarə olunmağa hazır deyildir. Ona görə də vətənimdən ötəri müzürr olan bir zavalı dəf etməyə var qüvvəm ilə çalışacağam. Və 12 min qoşun ilə gəlib sizə də bildirəcəyəm ki, Səttarxan komitəsinə üzv olmağın nəşəsi nədir”.

Sipəhdar cənabları bu teleqrafa atidəki cavab vermişlər: “Zati alilərinin teleqrafı yetişdi, mülahizə olundu. Yazırsınız ki, 12 min nəfər ilə Rəştə gəlib mənə nəşeyi-səvadımı bildirəcəksiniz. Fəqət mən bu qədərcik deyə bilərəm ki, 12 min qoşun Gilandan ötrü çoxdur. Sizdən ötrü daha yaxşıdır ki, bu fövci-əzimin 8 minini Təbriz ordusuna göndəriniz də, 4 mini ilə bizim tərəfə gəlsəniz kifayət edər. Buyurunuz, biz siz alicənabı qəbul etməkdə bir an təkasül etmərik. Səttarxan komitəsinin üzvü olmağa gəldikdə, mən o məqami-mühümmün türbəsini qeyrilərin taci-iftixarına tərcih veriyoram”.

Rəşidülmülk tərcümeyi-halına bələd olanların dediyinə görə bu adam İranın o qism ərbab mənsəblərindəndir ki, Şərqə məxsus nökərçilikləri vasitəailə təclili-məqamə müvəffəq oluyor. Nami-nişan alıyor.

Məruf olduğu üzrə Rəşidülmülkün teleqrafında təhqir surətilə deyilən “Rəşt balıqçıları” sözündən qəhr etmiş balıqçılar Rəşidülmülkə çəkdikləri bir teleqraflarında deyirlər ki, “cənab Rəşidülmülk biz sənin o məruf keçmişini bildiyimiz kimi, indiki füzulluqunu da gördük. Bunu biliniz ki, təhqir ilə adını aparmış olduğunuz komiteyi-müqəddəseyi-Səttar hökm verərsə, biz Rəşt balıqçıları hazırıq ki, Ərdəbili təsxir edək. Sənin murdar elədiyin məsnədi-höküməti lüt istibdaddan təmiz edib adil bir balıqçını oraya oturtmaq ilə əhaliyi-müsəlmanı çəngəli-zülmdən qurtaraq”.

Tehran əks-sədaları

Tehran daimən təlatümdədir. Bir an sakit deyildir. Casuslar, xəfiyyələr müttəsil işdədirlər. Məişət əhaliyə təng olmuşdur. Heç kəsdə istirahət yoxdur. Əmniyyət bilmərrə məfquddur. Şah aldığı yaradan bəstəri olmuşdur. Bağışah xeyli dəhşət və vəhşətdədir. Hər gecə sirri komitənin şəbnamələri şəhərə dağıdılır. Hökümət nə qədər çalışırsa da bu vərəqlərin naşirlərini tuta bilmiyor. Güman ilə bir çox bigünah biçarələrə müvaxizə olunursa da murad ələ gəlmiyor. Şəbnamə hələ nəşr olunur ki, olunur.

Bu şəbnamələrdə İran övzai-haliyyəsi, İsfəhanın iqdamati, Təbrizin fütühatı, Gilanın təhdidatı, Mazandaranın qiyamı, Şirazın istibdadı bir lisani-təşci və təmcid ilə yazılıb, əhali dəvət olunur ki, tətil işində müstəhkəm olub, istiqamət götürsünlər. Hökümət xeyli təlaşdadır. Fəqət səxtiliyindən hənuz əl çəkmək istəmiyormuş.

Təxti-mərmər məclisi bərpa olandan sonra istibdadın şiddəti daha da artmışdır, məlum oluyor ki, şah hökümətinə əlaltı nəvidlər*[4] verilir. Şeyx Fəzlullah və Əmirbahadır partiyası guya müsəlləm olmuşlar ki, siyahi etdikləri bütün məşrutəpərəstləri tamamən tələf eləsinlər. Tainki, məmləkət rahət olsun, getsin.

Panov məsələsi hənuz dəvairi-höküməti təlaşda saxlamaqdadır. Bu günlər Panov dilindən olaraq Tehranda yarı rusca, yarı farsca hökümətə xitabən bir intibahnamə paylanmışdır. Bu intibahnamədə deyilir ki, ey səfeh hökümət məmurları nahaq yerə siz məni tutmaq üzrə təcəssüsdəsiniz. Buna nail olamazsınız. Yaxındır ki, mən Bağişahi bir kuhi-atəşfişan kimi göyə sovuram.

Burada danışıldığına görə Panovun başında bu saat 4-5 yüz nəfər qoçaq atlı vardır. Bu atlılar astarabadlı və məşrutəpərəstlərdir. Yaxşıdır ki, Mazandaran ordusu yaxın bir zamanda hazır olacaqdır. Tehran, Şiraz və İsfəhan tərəflərində olan Sərdari-Əsəd, Sərdari-Ərfə, Seyfüddövlə və qeyriləri ki, şahzadələrdəndirlər, şaha çəkdikləri teleqraflarda şaha tövsiyə edirlər ki, artıq ləcacətdən*[5] əl götürüb də bir daha milləti xilas etsin.

Müctəhidi-məşhur Hacı Mirzə Hüseyn Aştuyani cənablarının xələfi Ağa Mir Mustafa həzrətlərinin surəti-xainanədə qətlindən sonra mələkeyi-cahan məqtulun ağasına təsliyət vermək üzrə bir taqə şal göndərmişdir. Müşar ileyh şalı qəbul etməyib, geri göndərmiş və sifariş etmişdir: Mələkə bu şalı hələ saxlasın, mənim iki oğlum daha vardır. Onları da millətə qurban versəm, o vaxt əlaməti-əza elani-taqə şalını göndərsin, hənuz tezdir.

Neçə gündür Tehran-Kaşan teleqraf simi işləmiyor. Görünür ki, orada da dəxi qəvi bir əl işləməkdədir.

Damənəsində, kursunda Tehran şahnaməsinin sözləri doğruya çıxır.

Tehran idarələrinin hamısı tətildədirlər. Xaricə vüzarətindən başqa hamı hökümət məhafili dəxi tətil etmişlərdir. Ancaq müşavirüssəltənə sədarəti ilə hər gün xaricə vüzarətində müşavirə olunub, əhaliyə tövsiyə olunur ki, şəbnamələrin sözlərinə inanılmasın. Bunlarda bir o qədər qüvvət yoxdur . Bu qədər şəbnaməni hazırlayıb atan bir-iki nəfərdən artıq deyildirlər. Və hakəza poçt rəisi Əminüddövlə millətin mükatibat və müxabiratını kəşf etdirir.

Rəşt övzai

Mücahid komitəsinin qərarı və Sipəhdarın xahişi ilə üç nəfər hürriyyətli zənn olunan acudani-xütur Zəhirüssəltənə və Eynüddövlənin ordusundan gəlmiş olan doktor İbrahimxan 24 saatın zərfində şəhərdən təbid olunub, İrandan xaric olunmaq üzrə təhtül-hifz Ənzəliyə aparılır, oradan dəxi gəmiyə həml olunub, Rusiyaya ezam edilir. Bu cəhət özlərindən çox da əmin olmayan bəzi müstəbid fitrəqləri xeyli əndişəyə salmış və qorxutmuşdur. Deyirlər ki, bu günlər bir çox adamlar da tutulacaqdır.

Sabiq məşrutə dövründə bərpa olub da istibdad iadəsi ilə bərcidə*[6] olan qiraətxaneyi-milli tazədən açılmışdır. Bu qiraətxanə xeyli münəzzəmdir. Qarein artıq şövq ilə gəlib mütaliə edirlər. Qiraətxananın cünbündə kitabxana dəxi mövcuddur. Əncüməni-əyaləti rus hərbi gəmilərinin belə bir nazik mövqedə İran bəndərlərində nümayiş etmələrinə qarşı bütün konsulatə, səfarətlərə protest etdi. Və surəti-protesti bütün Avropa parlamanları və məşhur qəzetlərinə göndərdi.

Sipəhdar tərəfindən bütün talış xanlarına məxsusi-adam vasitəailə kağız göndərilib, bunlar millət tərəfinə dəvət və təşviq olunurlar.

Buradan İcfəhana çapandırılmışdır ki, oradakı mücahidinin fikirlərindən bixəbər olub, birlikdə Tehran səfərinin nəqşəsini hazırlasınlar. Təbriz fütuhatının xəbəri bura əhalisinə və ələlxüsus, təhti-silahda olan mücahidinə artıq ruh veriyor. Və hər kəsin hümmət və qeyrətinin artmağına səbəb olur.

M.Ə.

Rəşt

B.T. Bu kağızı qurtarmışdım ki, Qəzvin tərəfində Sipəhdara məxsus olan bir neçə kəndlərin dövlətyan tərəfindən çapılmasını xəbər verdilər. Bu əvvəlinci həmlə və zərbədir ki, Sipəhdar cənablarına şəxsin yetişir.

“Tərəqqi”, № 74, 9 aprel 1909

*[1] setir - üçatılan

*[2] məfqud - itirilmiş

*[3] müsəmməm olmaq – qərara gəlmək

*[4] nəvid – müjdə, şad xəbər, vəd

*[5] ləcacət – tərslik, inad

*[6] bərcidə - yığışdırılmış