Məqalələr

BİR QOCANIN MÜSİBƏTİ

İdarə xidmətçisi ərz ediyor:

- Bir nəfər qoca kişinin idarəyə ərzi var.
- De gəlsin.

Qapı açılır. Cındır kürklü, şikəst gözlü, həzin qiyafəli, 80 yaşlı bir qoca kişi içəri daxil olur. Görünür ki, bu kişinin söykənəcəyi pənahi əlindəki bir ağacı qalmışdır ki, ona təkiyə edərək gəziyor.

- Əmi əyləş, nə işiniz var, əmi?
- Mən bir fəqir adamam. Güzəranım çox pis keçir. Altı baş külfətim var, xırda uşaqlarım, üç qızım, bircə oğlum var: oğlum 9 yaşındadır, palçıqçılığa gediyor, gündə iki abbası gətiriyor, o da hər gün olmuyor, mənim də bir eşşəyim var idi, onunla gedirdim dərya kənarında bostanlarda odun laşəsi yığırdım. Bəzən kəndimizə gedirdim, orada mənə əl tuturdular. Ondan-bundan, buğdadan, arpadan zaddan verirdilər, gətirirdim. Indi bundan da əlim çıxdı.

Burada qoca müsahibimin boğazı qəhərləndi, doluxsunlu, böyük bir bəlayə düçar olan bu zəif insan sözünə belə davam etdi:

- Dünən dəniz qırağından talaşa yığdım, eşşəyin üstünə qoydum. Köhnə veçerni yanından gedirdim, mən səki üstü ilə, eşşək də küçə ilə. Birdən kim isə məni itələyib küçənin aralığına yıxdı, mən durmaq istədim, məni vurub burnumu qanatdılar. Bir azdan sonra ölə-dura ayağa qalxdım. Gördüm iki nəfər müsəlman bir başqa iki nəfəri məzəmmətliyirlər. Onlar bir-biri ilə söyüşdülər, getdilər. Mən baxdım ki, eşşəyim yoxdur. Burada biçarənin çeşmək arxasından baxmaqda olan kipriyi tpkülmüş korhal gözlərindən qocalıq və acizlik yaşları tökülməyə başladı. Mənim ürəyim qısıldı.

Ah! Mən eşşəksiz nə edəcəyəm, yazıq mənim halıma! Altı baş külfətim o eşşəyə baxırdıq. İndi nə qdəcəyik!...

Artıq mənim də bu qocanın tökülən göz yaşlarına taqətim qalmadı. Bu eşşəyi oğurlanıb mafövqi təsəvvürə gətirilməyən bir qüssəyə düçar olan qocanı bilaixtioyar böyük məbləğ almaq tamahı ilə tutulub soyulan ərbabi-dövlətlərlə müqayisə etdim.

Əcəba bunların hansı böyük bir bəlaya düçar olmuş? Bu xüsusda qocanın öz fikrini bilmək üzrə böylə bir sual verdim:

- Necə bilirsən əmi, Musa Nağıyevin zərrəri, yoxsa səninki – hansı çoxdur?
- A... nə deyirsən ağa, Musadan yüz min manat əlsalar da heç olmasa 50 manatı qalar ki, dolansın. Amma mən... mən biçarənin eşşəyini apardıqda dəxi dolanmaq mümkün olmayır. Altı baş külfət o eşşəyə, o ac eşşəyə göz tikmişdi.
- Bəli, qoca əmi, sənin dərdin hamısından artıqdır.
- H., balam! Mən eşşəksiz nə edəcəyəm. Hələ mən eşşək üçün ağlayıram. Amma arvadım xəvarici üçün ağlayır. Deyir ki, mən çalışıb göz işığı qoymuşam, yun xərcləmişəm, xurcun toxumuşam, mən eşşəkdən ötrü ağlayıram, o xurcunu oxşuyur... Amma bilmiyor ki, iki kisəni biri-birinə tikərsən, xurcun yerini görər. Amma gözünün qorasını sıxır, eşşək olmayandan sonra xurcun nə iş görəcək.

Nə qədər təzad!

Ah dünyamızın əsasları! Çoxlarının maddeyi-kərahəti, zəhləsi getdiyi eşşək, o həqir heyvan, yalqız insana nə qədər əzizdir. Baxnıız iyirminci əsr mədəniyyətdə mədəniyyəti, qüdrəti və sənətilə fəxr edən insanların əfradı, nə qism aciz qalmış ki, bütün həyati və mayeyi-nəcatı bir ac eşşəyə bağlıdır.

Bir baxınız insanların dənaətinə ki, öz aciz, zəif üzvləri əlindən belə bir vasiteyi-məişəti dəxi qəsb ediyorlar.

Ah qasidlər, həyasız dəni hasiblər!!... Əclaflar. Bu qocanın acızliyindən, sinnindən, saçından, saqqalından utanmıyordunuz, barı öz boy-buxununuzdan, qüvvətli, qüdrətli qolunuzdan utanaydınız!...

- Ah... Mən də gör sizdən nə istiyoram!... Sizlərdən həya istiyoram!

Heyhat, həya insaf sizdə nə gəziyor, cəmaət laqeydliyindən siz bu hissiyatı itirib, insanlığı fəramuş etmiş, getmişsiniz!

Ey ciblərinə hücum edildikdə özünə gəlib dad-fəryad edən ağalar, siz də diqqət veriniz! Cavanlığını, ərbabi-miknət və sərvətin qulluğunda zail etmiş bütün qüvvət və bacarığını ağalara satmış olan bu qoca, bu zəif insan nə gündə ruzigar keçiriyor. Bunu da biliniz ki, bu tövr eşşəklərə möhtac olub, qalan züəfa bir tək Rəcəb Əli oğlu Səfərəli deyil: bu qism fəalkətzədələr hədsiz, sansızdır. Bunlardan elələri vardır ki, dərdini belə ber yerə, bir idarəyə desin, onu da bilmiyordunuz görək bir dəfə, bir an olsun bu acizlərin qeydinə qaldınızmı? Bu xüsusda elədiyiniz bir təşəbbüsü göstərə bilərsinizmi?

Yox! Əvət, yox!

Hərgah sizdə o dərəcə bir insanpərvərlik, o dərəcə bir təşəbbüs və həssaslıq olsaydı, bu günkü cibinizə hücum edən qasiblərdən də əminəm ki, xatircəm olub qalardınız!..

Əziz oğlu ölmüş ata kimi eşşəyinin fərağında göz yaşı töküb, qırışıq rüxsarını islatmaqda olan bu qocaya, qoca Səfərəliyə nəhayət dərəcədə yazığımız gəldi. Ona təskinlik olmaq, onun dərdinə şərakət etmək üzrə vədə verdik ki, ianə vərəqi açıb ondan ötrü bir eşşək pulu yığaq. Bundan ötəri də ona bir 15-20 manat lazımdır.

İndi ey ürəyində rəhm olan qareini-giram, bu xüsusda bizə yardım ediniz də, bu qoca kişiyə kömək edək. Ona eşşək almaq üçün bu cüzi məbləği cəmləyək. Biz ona vədə verdik ki, rus cüməsi gəlsin pulu aparsın.

Iştə hörmətli qareimiz hümmət edin, bildirək ki, aramızda dəni təbilər məəttəssüf mövcud isə bunlara etiraz edən sahibi-vicdanlar da yox deyildir!!... İanə etmək istəyənlər “Tərəqqi” idarəsinə verə bilərlər.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 23, 30 yanvar 1909