Məqalələr

NƏ DƏHŞƏTLİ BİR GÜLÜŞ!

NƏ ACI BİR İSTEHZA!!

İnsan təbiət və qüvayi-ünsüriyyə ilə elədiyi mübarizə ilə, mübarizə eyləyə bilməsi ilə dəhrin*[1] təcavüzatına müxtəlif alat və ixtiraat qayırmaqla müqabilə edə bilməsilə, bir kəlmə təbiətə, dəhrə qalib gəlməsilə qeyri heyvanatdan bu dərəcə fərqlənmiş, əşrəfi-məxluqat namini almağa nail olmuşdur.

Əvət, insan əşrəfi-məxluqatdır*[2]. Zira, bütün məxluqat içindən ancaq budur ki, təbiətin hər bir ünsürünü müsəxxər*[3] edib özünə tabe etmiş və sərkeşliktə olanları dəxi təsxir*[4] etmək üzrədir. Ab, atəş, xak, bad hamısı fərmanda fəzl və tədbiri-bəşəriyyət olmaqdadırlar.

Təbiətin böylə bir təsxirə düşməsi xudbəxud öz xoşuna olmamışdır. Aləmi-insaniyyət bu yolda böyük-böyük rəyasətlər, ali fadakarlıqlar, mühüm kəşflər və ixtiraat etmiş də bu dərəcəyədək naili-kəlam olmuşdur. Bu qədər bir fütuhatilə ki, indiki əsri-təməddündə gördüyümüz və necə tərəqqiyati-sənayeə, ixtiraiyyə onun bir şahidi-güvahidir. Haman bəşəriyyətin heyvaniyyətə etdiyi qələbəsinə mədəniyyətin bu bütə qarşı göstərdiyi fəth və qələbəsinə bir dəlil və bürhan olmazmı?

Kiçik bir nəhrdən keçə bilməyən insan indi mühitlərin altını da, üstünü də seyr etməyi bəs deyil, hələ onlarda dəhşətli müqatilələr*[5], mücadilələr də açır. Dağların, daşların, qar və yağışların arasında büzüşüb donmağa məhkum olan bəşər təəyyülərz*[6] adına layiq olan dəmir yollar vasitəsilə bilmünasibə demək olar ki, bir türfətüleyndə*[7] hara desən gedər.

Yüz çağırımdan səni güclə eşitdirməyə müqtədir olan bəni-adəm indi ixtira etdiyi telefonlar, teleqraflar ilə dünyanın hər yeri ilə istəsə müxabirə*[8] edə bilməzmi?

Bir qədər yerdən yuxarı qalxmağa qadir olmayan bu vücud indi havada bir aləm açmaq fikri-alisinə düşüb bir dərəcəyətəkin də müvəffəq olmamışmı?

Can yandırıb, evlər yıxan ildırımları rədd etmək üçün çarəsi yoxmu? İstədiyi vaxt yağmur hasil etmiyormu? 19-cu və 20-ci əsrin mədyuni*[9] olan elektrik qüvvəsi ilə bəşəriyyət, mədəniyyət hansı müvəffəqiyyata nail olmayıbdır, nələr zühura gətirməyübdür?

Əvət, insanın qüvvətinə, qüdrətinə, cəsarət və rəşadətinə heç bir söz deyilməz, insaniyyət müttəfiq, müttəhid olursa, bütün bacarıqlı düşməni-ümumisi olan qüvvətli ənasiriyyə*[10] ilə mübarizə etməyə həsr edərsə, daha artıq müvəffəqiyyətə nail olub, daha ali fütuhata məzhər olar.

Fəqət nə edərsən ki, bəşəriyyət, mədəniyyət hənuz bunu layiqincə dərk etməmişdir. Bu idraksızlıqdandır ki, bütün qüvayiinşaiyyə və ixtiraiyyəsini təbiət və ənasir ilə mübarizə və müqabilə etmək əvəzində vəqtinin, təbinin, qüvvətinin çox hissəsini öz əzası arasında olan layəqəlanə*[11] mübarizələrə, müharibələrə, rəqabətlərə tərk ediyor.

Dəryaları fəth ediyor, suyu məğlub ediyor, fəqət bu vasitə ilə qitəati-xəmsəyi zəmində cəzairi-müxtəlifədə olan insanları bir-birilə rabitə və bənd edib dəhr ilə elədiyi mübarizədə müttəhid etmək əvəzində biri-birilərinə hücum edib, yek-digərlərini nurlandırmaq, mərifətləndirmək üçün bilik, mərifət, hissi-bəradəri aparmaqları yerində, bir-birini tələf və məhv etmək məqsədilə aləti-nariyə və təxribiyyə daşıyorlar.

Yerlərin damarlarını əllərinə alıb az bir fürsətlə çox yerləri, məsafələri təyy*[12] etməyə nail oluyorlar. Bu vasitə ilə bir-birinə dəsti-müavinət uzadıb yek digərlərinin ehtiyacatını rəf etmək əvəzində, yekdigərini təsxir etmək, öldürmək, təmlik*[13] etmək, rəqabət və ədavət açmaq əməli ilə qoşun sövq edib alət və ədəvati-hərbə yollayırlar.

Teleqraf, telefonlar dəxi fitnə və fəsada vasitə oluyor. Məhəbbət və məvəddət*[14] əvəzində bu alətlər insanlar arasında olan ədavət və rəqabətin mürəvvici və tərcümani oluyorlar!

Havaya çıxmaq, havada dolanmaq şu fəzai-lamütəhanidə yeni bir aləm icad etmək xəyalında olanlar dəxi bu xəyaldadırlar ki, “düşməni”necə tələf edib nə qism insanların başına od yağdırsınlar!...

Elektrik qüvveyi-bərqiyyəsi dəxi hamıdan çox insanların nükbətinə*[15] işlənir gediyor...

Xülasə insanlar əllərinə saldıqları alati-mübarizə ilə təbiətdən çox özləri ilə dalaşıyorlar. Öz aralarında olan mübarizəyə uyub, ümumi düşmənləri olan o soyuq qəlbli, hay-küy anlamayan, dərdi-dil bilməyən mühib*[16] və dəhşətli təbiəti-qüvayi-ünsüriyyəni yaddan çıxarıyorlar.

Deməli, bir dərəcə etdikləri bu fütuhata qürrələnib, ğülüv*[17] ediyorlar, zindan keçirirlər, dəhri məğlub və sərkub etmiş kimi cilvələnirlər. Bu vaxt hərdən bir öz müdhiş və cangüdaz nümayişlər ilə aləmi-bəşəriyyəti mütənəbbih*[18] etməkdə olan təbiət öz qüvvəsini göstəriyor.

İnsanların bunca qəflətləri ilə müdhiş xəndələri*[19] gülüyor. Bunun bir gülüşündən nami-qəhqəhə etməkdə olan bu atəşin dodaqlarının hərəkətindən İtaliyanın o gözəl İtaliyanın böyük bir qismi xak ilə yeksan olub gediyor. Qafqaz boyda olan Qalabra əyaləti ilə Siciliya cəzirəsi darbadağın olub, bir çox qeyri şəhərlər, qəsəbələr və kəndlərlə bərabər məşhur Məsinə şəhəri dəxi xak ilə yeksan oluyor.

İştə, budur İtaliya. Aləmi-mədəniyyətə, bəşəriyyətə, bu qədər xidmət etmiş, sənayei-nəfisəyə qiymətdar yadigarlar vermiş olan İtaliya bu gün böyük bir yas və matəm içindədir. Bütün aləmə, aləmi-nəfis mədəniyyətə gözəl təsəvvürlər, şairanə, rəsmanə-heykəllər yadigar verib təsəvvürati-nəfisəsi və mədəniyyətitarixiyyəsi ilə XX əsrin mövcibi-heyrət və istimrarı olan İtaliya bu gün bir darülhüzn və matəmsəra şəklini almış və matəm libası geymişdir. Müsiqi aləmində böyük inşaat və müəzzəm ixtiraat etmiş olan İtaliyanın səfəhatid arasında indi yer gurultuları, vulkan nəriltiləri xəsaratzədəganın ahı-nalələri olayıq, ezam olan musiqar*[20] və kompozitorların bədiənnəvaz tərənnünləri yerini tutmuşdur. Daş, torpaq və uçurumlar altında qalan meyitlərin üfunəti İtaliyanın o gözəl və şairanə mənzərələrinə yalnız nə istehzalar ediyor. Görünüz, min illərdən qalmış olan böyük memar və heykəltaraşların tpkülüb xırda-xırda olmuş asari-bədiələri bəşəriyyətə nə andırıyor!!...

Əvət, təbiət insanların mədəniyyətinə gülüyor. Atəşin və müdhiş bir surətdə gülüyor. Və bu nümayişi inhidamkaranə*[21] səni rəyüleyn*[22] bütün cahaniyanə bildirmək üzrə odur ki, Asiyayi-suğradə*[23], Fillipani cəzirələrində və Amerika zəlzələlər zühur ediyor.

Böylə bəlayi-üzmayə*[24] giriftar olan aləmi-bəşəriyyət əcəba yenədəmi anlamayacaqdır, yenədəmi özlərinə gəlib bir fikr etməyəcəkdir, yenədəmi qüvayi-ixtiraiyyəsinin çoxunu biri-biriləri ilə olan mübarizəyə həsr edəcəkdir. Düşməni-ümumini ümumi-bəşəriyyət olan təbiətdən qəflət edəcəkdir.

Iştə bu qədər fəlakətlərə səbəb olub, misli tarixdə görülməmiş İtaluya zəlzələsi mədəniyyətin dərəceyi-tərəqqiyatı tarixlərdə görülməmiş bir əsrdə hadis oluyor. Diqqət edilsin, insanların arasındakı təzad, təbayün*[25], rəqabət rəf edilsin də. Bütün qəlblər, bütün fikirlər, bütün səylər, bütün amallar, bütün mücahidələr, mübarizələr təbiətin əleyhinə qaytarılıb, onun ilə olunan mübarizə və mücadiləyə həsr olunsun.

Bəsdir ki, insanlar bu qədər qəflətə uydular. Artıq qəflət yaramaz!!

Təbiətin müdhiş xəndələrindən ibrət almalı!!...

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 9, 12 dekabr 1908

*[1] dəhr – dünya, dövr

*[2] əşrəfi-məxluqat – yaranmışların ən şərəflisi - insan

*[3] müsəxxər – fəth edilmiş

*[4] təsxir – fəth etmə

*[5] müqatilə - vuruşma

*[6] təəyyülərz – sürətlə getmə

*[7] türfətüleyn – bir göz qırpımında

*[8] müxabirə - xəbərləşmə, məktublaşma

*[9] mədyun – minnətdar

*[10] ənasir – ünsürlər, elementlər

*[11] layəqəlanə - ağılsız

*[12] təyy – yol getmə

*[13] təmlik – mülk sahibi etmək

*[14] məvəddət - sevgi

*[15] nükbət – fəlakət

*[16] mühib - qorxunc

*[17] ğülüv - tüğyan

*[18] mütənəbbih – oyanan, xəbərdar olan

*[19] xəndə - istehza, gülüş

*[20] musiqar – yel əsdikdə musiqi səsi kimi

*[21] inhidam - yıxılma

*[22] rəyüleyn – öz gözü ilə görərək

*[23] Asiyayi-suğra – Kiçik Asiya

*[24] üzma – çox böyük

*[25] təbayün – ziddiyyət