Məqalələr

GƏNC TÜRKLƏRİN SON QƏLƏBƏSİ HAQQINDA

Gənc türklərin “İttihad və tərəqqi” partiyası konstitusiyanın düşmənləri ilə mübarizədə dalbadal qələbələr qazanır, konstitusiyanı müdafiə etməklə, Türkiyənin yeni üsul-idarəsinə qarşı hər cür qəsdlərin qabağını vaxtında almaqla vəziyyəti düzgün anladığını büruzə verir.

Məlumdur ki, gənc türklərin xarici siyasətinin məqsədi ölkə daxilində həyatın təzələnməi və konstitusiya əsaslarının möhkəmlənməsi ilə rahat məşğul ola bilmək üçün plkəni hər cür təcavüzlərdən qorumaqdan ibarət idi.

Onlar öz işlərinin bu sahəsində fövqəladə qabiliyyət sahibi olduqlarını göstərdilər. Gənc türklər zəruri saydıqları islahatları həyata keçirərkən ölkənin bütün dövlət qüvvələrini öz əllərində cəmləşdirir, sultanı etibarsız favoritlərdən təcrid edir, yeni üsul-idarənin hansı bəd əməldəsə açıq-aşkar təqsirli olan bütün düşmənlərini məsuliyyətə cəlb edir, nazirlərin hamısının fəqliyyətini nəzarət altına alır və başlıcası, Türkiyədə azad idarə tərzinə və 300 milyon müsəlmanın müqəddəs xəlifəsinin hüquqlarının məhdudlaşdırılmasına qarşı təşkilatlanmış qaragüruhçu ictimai qüvvələri gözdən qoymurdular.

Gənc türklər “Fədakarani-ümmət” (Xalqın qurbanları) adı altında birləşən, partiyanın bir sıra görkəmli xadimlərinə sui-qəsdlər etmək və bərqərar olmuş üsul-idarəyə qarşı təşviqata başlamaq niyyətində olan irticaçıların məxfi təşkilatını sayıqlıq, təmkin və sağlam düşüncə sayəsində vaxtında aşkara çıxartdılar. Qaragüruhçu təşkilatın başçıları dərhal məhkəməyə verildilər və onların bütün cəhdləri alt-üst edildi.

“İttihad və tərəqqi” partiyası parlament seçkilərində parlaq zəfər çalmışdır və məlum olduğu kimi, indi parlamentdə rəhbər rol oynayır.

Elə bu günlərdə gənc türklər yeni dövlət çevrilişi cəhdinə qarşı mübarizə aparmalı olmuşlar. Qəsdin başında bu dəfə sultanın birinci naziri Kamil paşa dururdu. Çoxdandı ki, gənc türklər ona etibar etmirdilər. Məsələ burasındadır ki, hələ parlamentin açılışından əvvəl Kamil paşa nəzakətsiz hərəkətləri ilə konstitusiyaçılarda şübhə oyatmışdı və qəzetlərdə onun əleyhinə güclü kampaniya aparılırdı. Onu günahlandırırdılar ki, xarici ölkələrlə münasibətləri gərginləşdirmək və Türkiyənin vaxtilə məhv edilmiş birinci konstitusiyası kimi, onun yeni konstitusiyasını beynəlxalq anlaşılmazlıqlar hayküyü içərisində dəfn etmək istəyir. Bu ittihamın irəli sürülməsini əsaslandırmaq üçün belə bir dəlil gətirilmişdi ki, Kamil paşa bütün dövlətlərin səfirlərinin və nümayəndələrinin iştirak etdiyi təntənəli ziyafətə Bolqarıstan nümayəndəsini dəvət etməmiş, bununla da Bolqarıstan ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsinə bais olmuşdur.

Bu dəfə Kamil paşa çox qəti hərəkət etməyə başlamışdı. Gənc türklərin  tərəfdarı olan iki naziri – hərbiyyə və dəniz nazirlərini istefaya çıxartmış, qoşunun konstitusiyaya və yeni quruluşa ən sadiq olan hissəsini – Makedoniya atıcılarını Konstantinopoldan uzaqlaşdırmağa cəgd etmişdi. Lakin gənc türklər bu cəhdə vaxtında son qoydular. Onlar parlament qarşısında cavab vermək üçün Kamil paşanı qoşunla mühafizə olunan parlamentə çağırdılar, zirehli gəmilərin toplarını sultan sarayına tuşladılar. Kamil paşa parlamentə gəlməkdən boyun qaçıranda palata ona etimadsızlığını bildirdi və onun dərhal istefaya çıxarılmasını sultandan tələb etdi. Sultan Kamil paşanı uzaqlaşdırmağa və onun yerinə gənc türklərin tərəfdarı Hilmi paşanı təyin etməyə məcbur oldu.

Ə.N.*
“Volna”, № 1, 1909, səh. 11-12.
Rus dilindən tərcümə

* Kobanın (Stalinin) xahişi ilə M.Ə.Rəsulzadənin “Gənc türklərin qələbəsi haqqında” yazdığı məqalə onun “Stalinlə ixtilal xatirələri” əsərində (Bakı, 1991, c. 16-17) göstərildiyi kimi “Qudok” qəzetində deyil, “Qudok” və “Bakinski raboçi” qəzetlərinin əvəzinə 1909-cu ilin fevralında nəşrə başlayan və cəmisi 2 nömrəsi çıxan “Volna” jurnalının 1-ci nömrəsində dərc olunmuşdur. Məqalə yuxarıda göstərildiyi kimi Ə-N” (Əmin) imzası ilə çıxmışdır. “Qudok”da bu mövzuda yazı yoxdur – Ş.H.