Məqalələr

ZAQAFQAZ ZEMSTVO SMETİ*[1]

Bu ünvana dair yazdığımız qabaqkı məqalələrimizdə bizim Zaqafqaziyada zemstvo idarələri olmasa da zemstvo xərclərinin bizdən alınması və bu məxaricatın bütünü hökümət idarələrinin yədi-təsərrüfündə olub onların mülahizələrilə istədikləri kimi xərc və təqsim olunmasını yazmışdıq.

Bu dəfə 1909-1911-ci illər üçün haman bu zemstvo mədaxil və məxaricindən ötrü tazə bir smet tərtib olunub ki, Dövlət duması gərək bu smeti təsdiq və ya rədd eləsin.

Bu smetin Bakı quberniyasına aid qismini tənqid edərək məsaili-iqtisadiyyəyi-ümumiyyədə məlumati kafiyə sahibi olan Orest Syominin şəhərimizdə çıxmaqda olan “Vestnik Baku” qəzetəsində yazdığı bir məqaləsindən iqtibas edərək atidəki mülahizatı qareilərimizə bildirməyi lazım bildik.

Zemski idarələri olan quberniyalarda qaidə bundadır ki, hər quberniyaya olunan məsarifat haman quberniyadan alınan gəlirdən verilir. Zaqafqaziyada isə qaidə bütün-bütünə əksinədir. Burada bir quberniyanın çıxarı o biri quberniyanın gəlirindən örtülüb getməkdədir. Bu üsulsuzluqdan ən çox cəfa çəkən quberniyalardan isə Bakı quberniyasıdır. İştə tazə smetada bu uyğunsuzluq, nizam və qaydasızlıq şərh edilməz məntiqsizlik üzərinə tərtib olunmuşdur. Bu cəhətdən də Orest Syomin cənablarının fikrincə Dövlət duması mülahizəsini gözləməkdə olan Zaqafqaziya zemstvo smeti hamıdan artıq gərək ki, Bakı quberniyası əhalisini düşündürsün, onları təlaşa salsın.

1904-1906-üç sənələrindən ötrü tərtib verilən varidat smetini tərtib verəndə zemstvo bedeh*[2] vergilərinin təqsimində böyük bir ədalətsizlik edilmişdi. Məsələn, Bakı quberniyasından o illərdə 1.080.976 manat varidat alındığı halda, quberniyanın ehtiyacatına sərf olunmaq üzrə 637.516 manat təxsis olunmuşdu ki, o təxsisdən də 327.219 manatı zemski straja xərci olub, əhalinin ehtiyacati-mədəniyyəsinə isə 298.109 manat təyin edilmişdi. Qalan 343.460 manat isə qeyri quberniyaların ehtiyacına sərf olunmaq üçün getdi. Tazə smetada isə bu ədalətsizlik qabaqkına nisbətən bir az daha artıq surətdə görülmüş bedehin artırılması ilə Bakı quberniyası öhdəsinə qondarılmışdır.

1909-cu ildən başlayan 3 illik zemstvo smeti möcibi ilə Bakı quberniyasından alınan varidatın surəti-yekunu bir vechiatidir:

1) Promısla şəhadətnamələrindən alınan - 90.000 manata kimi
2) Traktirxanalardan 1500

“    ”
3) Müəssisatı xeyriyyədən ötrü alınan vergilərdən 5000 “    ”
4) Cərimə sərmayəsindən 3000

“    ”
5) Fabrika və zavod məkanlarından yığılan prosent vergidən (keçən illərkindən 303.000 manat artıq) 715.000 “    ”
6) Şəhər əmlaki qeyri-mənquləsindən (keçən ilkindən timsalən 1500.000 manat artıq) 260.000 “    ”
7) Xəzinə yerləri, meşələri və balıqçılıqdan 60.000 “    ”
9) Vergilərin təxiri-vürudi ucundan alınan cərimələrdən 20.000 “    ”
12) Ödüli-xüsusi və kəndçi yerləri və meçələrindən (keçən ilkindən 312.000 manat artıq) 739.000 “    ”
  Hamısı sərhəm rəftə*[3] (keçən ilkindən timsalən 820.000 manat artıq) 1.900.000

manata kimi

Bu dərəcə artılmış olan zemski vergisinin üzərinə bir də padşahlıq kəndçı yerlərinin vergisi üstünə artırılan 300 min manatı və padşahlıq yer vergisinə artırılan 143.000 manatı da gəlsəniz, bu surətlə zemski varidatı məbləği-külliyyəsi torpaq bedehləri ilə bərabər tazə smeta üzərinə bütün zemstvo varidatı 2.658.000 manata qalxacaqdır ki, keçən ilə nisbətən artıq alınan bedehin miqdarı isə 1.011.000 manat elər ki, ədədi tam olmaq üçün bir milyon manat deyəcəyik ki, bu da 60 prosent eliyor.

Burasını da qeyd etməlidir ki, alınan vergilərin çox hissəsi topraq və yer bedehlərinin üstünə qoyulmuşdur ki, bu vergilər də onsuz da Bakı quberniyasında ağırdı ki, bunu da 1906-cı ilə verilməyib nedoimka*[4] surəti ilə qalmaqda olan verginin miqdarından daha anlamaq olur. Bu vaxtadək qalmış olan bütün nedoimkaların miqdarı isə 436.000 manata baliğ idi.

Böylə bir nedoimkaçılıq gərək ki, vergini artıran cənabların nəzərini cəlb edəydi də, vergini azaltmasalar da əhalinin əhvali-mədəniyyə və iqtisadiyyəsi üçün bir təlaş edəydilər.

İndi baxaq ki, gələcək 3 il üçün hazırlanan smetin məsarif qismi nə diyor?:

1) Hökümət idarələri xərcinə şərakət etmək və zemski straja saxlamaq üçün - 400.000 manata kimi
2) Zemski upravleniya xərci - 2.000 “    ”
3) Həbsxanə təmir və binası 15.000 “    ”
4) Türuq*[5] və məabir*[6] 170.000 “    ”
5) Maarifi ümumi 40.000 “    ”
6) Müəssisati-xeyriyyə 1.000 “    ”
7) Hisseyi-tibbiyyə 100.000 “    ”
8) Hisseyi-baytariyyə 3.000 “    ”
9) Müxtəlif məxaricat 3.000    
10) Naməlum xərclər 5.000 “    ”
  Hamısı 730.000 manata kimi

Polisə və hökümət ləvazimatına xərc olunmaqda olan 417 min manatı buradan çıxandan sonra quberniyanın ehtiyacati-mədəniyyəsinə xərc olunmaq üzrə ancaq 322 min manat qalıyor. Bu məbləğ keçən ilki xərcə nisbətən 24 manat artıqdır.

Vergilər bir milyon manat miqdarında artırıldığı bir halda məxaricin 24 min qərarında artması olduqca cüzidir. Əgər məxaric hesabında səhv etməyimizi bizə qeyd etsələr belə, bunu iki, üç dəfə artırsaq da yenə də cüzidir.

Cüzidir, zira əvvəla Bakı quberniyasından alınan varidatın böyük qismi olan 1.161.000 manat özgə qubernilərə xərc olunur və saniyən ki, ən ümdəsi də budur, Bakı quberniyası özü islahati-mədəniyyəyə o dərəcədə möhtacdır ki, bunun hesabına qeyri yerləri təmir etmək heç bir halda qəbula keçməz.

Götürün, məsələn məktəb işini: məktəbsizlikdə Bakı quberniyasından kasıbı, Bakı əhalisindən məhrumu olamaz. Burada bir çox kəndlər var ki, məktəb adı belə eşitməmişlər. Bakı kimi mədəniyyətli bir şəhərin uyezd kəndlərində belə məktəb flan tapılmaz. Burasını statistika hesabı da bəyan ediyor. Zaqafqaziyanın qeyri quberniyalarında hər məktəbə 620-dən tutub 5000-nə kimi nəfsi*[7]-əhali düşdükdə Bakıda hər məktəbə 8 min 500-ə kimi nüfus düşüyor.

Götürünüz türuq və məabir qismini: bu xüsusda Bakı qubernatoru Alişevski canişin şurasında zemski smet tərtib olunan vaxt demişdir ki, “Bakı quberniyası Zaqafqaziyanın ümdə mənbəi-mədaxili olduğu halda, ondan qrtıq türuq və məabirə möhtac olan bir quberniya yoxdur”. Əvət qubernatorun bu sözü olduqca doğrudur.

Hər halda bu qism bir çox mülahizələr nəzərə alınmayıb fövqdə zikr olunan ədalətsizcə bu surətlə smeta tərtib verilib və Bakı əhalisinin hüququ təhti-təzyiqə alınmışdır!...

Əcəba böylə bir haqsızlığı nəyə istinadən etmişlər?...

Heyrəti əfza*[8] olan böylə bir suala möhtərəm Orest Syomin cənabları “intəhasız bir mülahizəyə istinadən” – deyə cəvab veriyor. Əvət, bunun səbəbini bilümum məntiqsiz, əsassız mülahizələr ilə tərtib verməyə məşğul olan qanunçular və layihəçilər ancaq özləri biliyorlar, bəlkə heç özləri də bu qarma-qarışıq işlərindən baş çıxartmiyorlar.

Əcəba, bunu niyə Bakı şəhər Duması və mədənçilərin Sovet syezdi vaxtında görüb çarəsini etmədilər? Bu sualın cavabında dəxi biz mühərriri fövqüzzikr*[9] ilə müvafiqət edib deyiriz ki: bəli, madam ki, Duma bu heyəti və üsuli-tərzi-hərəkəti ilə var onda böylə şeylər, əhalinin bu qism ehtiyaclarına qalmaq təşəbbüsünü gözləmək bəiddir.

Bazam qlasnılar böylə şeylərə yaramazlar. Onlar ancaq bunu bilirlər ki, bacardıqca öz ciblərini dolduran işləri, layihələri icra etdirsinlər və şəhər idarəsini öylə hala qoysunlar ki, bilamümaniət keyfləri istədiyi kimi hökmranlıq eləyib öz qövm və əqvamlarının keyf və səadətlərini təmin eləsinlər!...

Bütün fikr və təsəvvürləri neft və mazutdan ibarət olan mədənçilər dəxi bu qism mücahidatdan bəiddirlər, onların böylə işlərlə işləri yoxdur.

Iştə bu surətlə Bakı əhalisinə ancaq bircə şey qalıyor ki, o da cəmaətin özünə bağlıdır. Cəmaət özü gərək öz hüfsi-hüququna girişsin. Bu xüsusda Dumadakı Qafqaz vəkillərinə müstədiyat*[10] göndərsin də, tələb etsin ki, smet layihəsi Dumada baxıldıqda Bakı quberniyası əhalisi tərəfindən bilvükalə etiraz edib ədalətcəsinə bir sürətlə smeti təshih etdirsinlər!...

Lakin...

Ah, əgər bu lakin olmasaydı... Bakı quberniyasının əksər əhalisi olan müsəlmanlar bu təşəbbüsə iqdam edəcəklərmi? Onlar aludə olduqları vəhim, xurafat, xəyalat və ətalətdən fürsət tapacaqlarmı?...

Hərgah zemski idarələri Qafqazda açılsa o surətdə bu düyün özü-özünə həll edilər, gedər...

Amma nə edərsən ki, oktyabrist Duması bizim şəhər Dumasından qalmaz!...

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 136, 26 dekabr 1908

*[1] smet - smeta

*[2] bedeh - vergi

*[3] sərhəm-rəftə - cəmi

*[4] nedoimka – vergi borcu, vergi qalığı

*[5] türuq - yollar

*[6] məabir – körpülər, keçidlər

*[7] nəfs - əhali

*[8] əfza - artıran

*[9] fövqüzzikr – yuxarıda söylənən

*[10] müstəd – rica, xahiş