Məqalələr

ÇARƏSİ NƏDİR?

“Terror” Rusiyaya bir adət olmuşdur. Hər tərəfdə elə vurdu, apardı, aldı, gətirdilər ki, eşidiliniyor. Hədələr ilə pul almaq, hökümət məmurlarına hücum etmək, Rusiyanın adi işlərindən biri olmuşdur.

Məlum işdir ki, qaidə və nizamı saxlamaq istəyən bir ölkənin idarəsi bu qism qanunsuzluqlara səbr edə bilməz.

Aşkar şeydir ki, rahəti-ümumiyyəni xələldar edən bu vəqələrə vəzifəsi ümum və ümumiyyəti mühafizə etmək olan hökümət barmaq arasından baxa bilməz. Müəyyəndir ki, hərc-mərc deyil, bir qanun üzrə dolanmaq vacib olduğunu dərk edən heyəti-ictimaiyyə və firqəyi-siyasiyyələr bu məsələdə sakit dura bilməzlər!

Əvət, burası səbr ediləcək deyildir. Buna bir çarə etməlidir. Bunun çarəsini axtarmaq hər bir şəxsə vacib və lazımdır.

Fəqət bunun çarəsi nədir?

İştə məsələ ki, hər kəs onu öz fikri, öz təsəvvürüncə qanır və bütün ixtilaflar da bu qanmaqdan nəşət ediyor və nəzərimcə bu məsələnin surəti-təsviyyəsi əsasını həqiqətdən uzaq bir yerdən götürülərək əksəriyyət təşkil etdiklərindəndir ki, nə qədər şiddətli üsullar ilə çalışılırsa, həyati-ictimaiyyəmizi mühlik*[1] bir intiha ilə təmama yetirə biləcək bu mərəzi sağaltmağa müvəffəq ola bilməyib, onun daha da şiddətlənməsinə , daha doğrusu kök və rişə salmasına səbəb oluyor.

Teleqrafın verdiyi bu günkü xəbərlərinə görə bu msəələ Dümada müzakirə edilmişdir. Jandarmalara, polislərə məvacib artırmaq üçün müəyyən bir məbləğ təxsis*[2] olunması təklif olunmuşdur. Bu təkliflərin və onların həməfkarı olanların fikrincə “terror” və qeyri nzmüvafiq hərəkətləri güc və “terror” ilə sakit etmək olurmuş.

“Qanı qan ilə yumaq” üsulunun tərəfdarı olan bu politikanın biəsas və bimənfəət olduğunu isbat etməyə gümanımızca artıq ehtiyac yoxdur. Zira bu tədbirlərlə işin surəti nə qdəər təsviyə oluna bilsə də batini hərgiz düzəlməz. Nəq qədər ki, bu hadiseyi-müsifələri*[3] doğuran səbəblər mövcuddur, nə qədər ki, bu vəqəələri bəsləyən, bu mərəzi tərbiyə edən şəraiti-həyat mövcuddur, bu illətlərin izaləsini kənarda qoyub qeyri vəsilələrə əl atmaq heç bir mənfəət verə bilməz.

Iştə trudoviq firqəsinin nümayəndəsi də Dumada bu fikri bəyan etmiş, demişdir ki:

“Terror ilə mübarizə etmək üçün jandarmaları, xəfiyyələri artırmaq, onları müsəlləh etmək gərək deyil, bunları törədən səbəbləri aradan götürməlidir”.

Bəli o səbəbləri aradan götürməlidir.

Əcəba o səbəblər nə imiş? O səbəblər çoxdur. Fəqət ən ümdəsi əhali ilə məmurunini-hökümət arasında olan qovuşmaz bir fəzanın var olmasıdır!

Bu təzad və təbayünü, bu biri-birindən bəid və uzaq olmanı yaradanlar 17 oktyabr manifestini quru bir kağız şəklinə salanlar isə o təbayün və uzaqlığı saxlayanda əbədən üçü Duması əksəriyyətini təşkil edən oktyabrist firqəsinin heyəti vüzəraları ilə gedən taktikasıdır.

Terroru yatırtmağın çarəsi, iştə bunu törətməkdə olan illət lərin izaləsi ilədir!...

Əvət hər bir təbibi-haziq*[4] müalicə etmək istədiyi hər bir mərizi bu tövr saxlatmalıdır!...

Ayrı cürə hər qism müalicə olunarsa müvəqqətidir, gözlənəcək mənfəəti verə bilməz!

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 127, 15 dekabr 1908

*[1] mühlik - qorxulu

*[2] təxsis – ayırma (pul)

*[3] müsif – təəssüf doğuran

*[4] haziq - mahir