Məqalələr

DÖVLƏT DUMASI. YƏHUDİ MƏSƏLƏSİ

9 noyabr qanunu hənuz Duma müzakiratından düşməmişdir. Bu xüsusda danışıqlar olunur. Məsələ əsasi tərəfdən qurtarıb, indi fəsil-fəsil müzakirə olunmaqdadır. Duma iclasında bu məsələnin ailə, yaxud şəxs xüsusiyyətinə verilməyinə dair olan fəsli müzakirə edilirdi.

Bu fəslə görə nadel yerləri gərək bulunub əkinçilərin öz xüsusiyyətinə verilsin.

Kəndçi vəkillərinə bu fəsil bir az çətin gəliyor. Diyorlar ki, iş bu cür olanda yerlər bütün yəhudilər əlinə keçər, kəndçiləri aldadıb bütün yerlərini əllərindən alarlar. Bu xüsusda şiddətli nitqlər deyən məbusları vəzir sakit etmək üçün bəyanat vermiş və demişdir: böylə ola bilməz. Çünki qanunən kəndçilərə yeri başqasına satmaq ixtiyarı verilmiyor, ancaq irsən öz əqrəbalarına tərk etməsi qərara alınmışdır ki, bu da yəhudi qorxusunu məhv ediyor! Burasını hökümət nəzərə almışdır...

Bu cəhət nə qədər acı bir həqiqət, nə qədər dilgir bir vəqədir!..

Əvvəla yerlərin yəhudilər əlinə keçə biləcəyi qorxusu rus əkinçisinin nə dərəcə mədəniyyətsiz, ğafil, cahil olmasından və dolanmağa, məişətə hazır olmamasından nəşət ediyor ki, buna da haman obşinanı dağıdanlar özləri səbəb olub onları bu dərəcə bir səfalətdə və əczdə saxlamışlar.

Ikincisinə qaldıqda madam ki, yəhudilər Rusiyada oluyorlar Rusiya təbəəsidirlər, Rusiya qanunlarının hifz və himayəsi altında dolanırlar, niyə gərək ki, onlar qeyrilər malik olduğu hüquqdan mən edilsinlər. Nə əsasla yerlərin yəhudilərin əlinə keçilməsindən qorxulunur? Nə cəhətlə rus mülkədarları əkib-biçib istifadə edə bilərlər, amma yəhudilər yox?!...

Qeyri Avropa yerlərində əcəba həmin bu yəhudilərin mülk və yer almağa haqq və ixtiyarları yoxmudur?

Əcəba bu ixtiyar və həqqə malik olmaları hansı Avropa dövlətini zərə və ziyanlara salmış, hansı məmləkəti inqiraza məhkum etmiş, hansı milləti-hakiməni məşlub edib, hansı heysiyyəti milliyyəni həlakətə vermişdir?...

Əvət, yəhudilərdən qorxan kəndşilərə böylə bir cavab verilmək, onları böylə dost tutmaq və məmləkətpərvər fikirləri ilə tərbiyə etmək əvəzində vəzir cənabları “qorxmayınız biz sizi yəhudilərdən saxlamaq üçün hər bir tədbir görmüşük, biz razı olmarıq ki, bizim sadiq olan kəndçi qullarımızı hiyləgər yəhudilər aldatsınlar”, misalında iki mənalı və muftinanə tövzihat verirlər.

Bundan görünür ki, yerin başqasına satıla bilməməsini təyin edən qanunçular da bu məsələni həll edəndə yəhudilərin “tamahkarlıqlarını” nəzərə almışlar. Ancaq kəndçilərdən durbin* olduqları üçün “yəhudi” ləfzi işlətməyib, ancaq bir təbiri “hüquqşünasanə” ilə bəyani-hal edib keçmişlər.

Odur ki, vəzir qanunun kəndçilər xüsusiyyətlərinə verilən yerləri heç kəsə sata bilməyəcəklər cümləsini yəhudilər yerləri ala bilməzlər misalında olaraq şərh və bəyan ediyor. Yəni “yəhudilər qorxusu” olmasa imiş “kəndçilər yerləri sata biləcəklərmiş”...

Iştə vəzirin bəyanatından anlaşılan budur!..

M.Ə.
“Tərəqqi”, № 118, 4 dekabr 1908

* durbin – uzaqgörən