Məqalələr

MƏTBUAT XÜSUSUNDA

Rusiya mətbuatı olmazın təvyiqatı çəkmiş 17 oktyabr manifestindən bəri bir “hürriyyəti-mətbuat” xülyasına göz tikmiş olan Rusiya qəzetləri budur 3 ildir hələ sıxıntıdadırlar!..

Mətbuat bu qədər bir təzyiqi, bu qədər bir sıxıntını çəkiyor, olmazın cərimələr veriyor, mühərrirlərinin mənfi*[1] və məhbus olduğuna qatlaşıyor, bunların hamısına davam ediyordu!...

Fəqət bu davama bir təsliyət, bir gözləmə vardı ki, o da bu təzyiqatın müvəqqəti olub bir az sonra bunlara bir intiha qoyulacaq və mətbuatdan ötrü bir nizam, bir qaidə düzələcək ki, onda daha nə tövr olsa da bu cəbrlər olmayacaqdır. Mətbuatda qəbahət olsa da burası keyfə mayəşau deyil, məhkəmə (sud) ilə təyin ediləcək və lazım olan cəzalar dəxi məhkəmə əmri ilə olunacaq ümidi idi.

Indi bu ümid da nəhayətə çatdı. Nəhayətə çatmamışsa da bir dərəcəyədək özünü göstərmişdir. Işin nə tövr ilə qurtara bilməsini anlamaq çox da çətin deyildir!...

Vüzarət komissiyası tərəfindən Dumaya həll olunmaq üçün verilmək üzrə mətbuat barəsində olan qanun layihəsi hazırlanmışdır.

Bu xüsusda Peterburq qəzetələri layihənin üzünü dərc etməklə bərabər müxtəlif yollu tənqiqatda bulunurlar.

Tazə qanun üzrə mətbuatın qəbahətli və müqəssir olması bilümum məhkəmələrə aid isə də qanun ilə bir çox “xüsusi” hallar dəxi təyin edilmişdir ki, bu surətdə idareyi-zabitənin özü də icrahatda bulunmağa möhtacdır.

Tazə qanun üzrə mətbuat qəbahətli olduğu halda cərimeyi-nəqdiyyə giriftar olacaqdır. Özü də bu şərtlə ki, cərimə qəzetə müdirindən qəzetənin müdiri istitaətsiz*[2] olsa, naşirdən, naşir istiaətsiz olsa qəzetəni çap çapxana sahibindən alınacaqdır.

Məlum işdir, iş böylə olduqda heç bir mətbəə qabaqca müəyyən bir girov almamış və naşir ilə mühərririn müstəti*[3] olduğunu təmin etməmiş qəzetə çap eləməsini öhdəsinə almayacaqdır.

Bu nədir?... Hamı köhnədən qalmış və əsası çürümüş qanun deyilmi?...

Nə tövr olur? Hansı ədalət buna yol veriyor ki, bir özgəsinin günahı əvəzində ikincisi məsul olsun?..

Bizim vüzarət nəqdiyyə cəriməsi üsulunu Qərbi Avropadan qəbul edirsə də, əsas məsuliyyət məsələsində köhnə Şərqdən hənuz ayrıla bilmiyor. Ancaq köhnə Rusiyada gözləmək olardı ki, birinin günahı əvəzində başqası cəza edilsin. Qanun və ədalət yoluna düşmək istəyən Rusiyada böylə hallara səbr etmək müşküldür. Əcəba bu layihəni düzəldən vüzarət komissiyası burasına diqqət vermiyibmi?!...

Bundan əlavə layihənin hüquqi-şəxsiyyəni hifz etmək uğrunda qərar verdiyi nöqtəsi daha təəccüblüdür.

Bir nəfərin şəxsini təkdir etmiş bir qəzetə maddeyi-təkdiri mündəric olan nömrəsinin nəşr etdiyi miqdarı münasibətilə hər nömrəsinə bir manat cərimə verilməlidir ki, burası minlərə, on minlərə baliğ olur ki, heç bir qəzetə bunu təhəmmül edə bilməz.

Hürriyyəti-mətbuata riayət etmək üçün düzlənən bu qərardarlar hamıdan əvvəl mətbuatı tərk edəcək və onların tərəqqisinə mane olacaqdır. Çünki fövqdəki şərtləri qəbul edib nəşr etməyə özünü razı edən idarə çox az tapılar.

Guya mətbuatın azadlığını təmin üçün qərara alınan qanun iştə mətbuatı kökündən yaraliyor və onun vücudunu belə təhlükəyə salıyor!..

Mətbuatın qədrini, əhəmiyyətini Rusiya ərbabi-höküməti bu dərəcədə təqdir ediyorlar!

Bu, hakimlərimizin təsəvvürü!... İştə baxalım “vəkillərimiz” nə deyəcəklər?...

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 108, 21 noyabr 1908

*[1] mənfi – sürgün olunmuş

*[2] istitaətsiz - iqtidarsız

*[3] müstəti – imkanlı