Məqalələr

İBTİDAİ YERLİ MƏKTƏBLƏR

İbtidai məktəb gərək ki, milli olsun. İbtidai məktəb gərək ki, yerli cəmaətə doğma olsun. Burada təlim ana dilində olsun. Bu məktəblər gərək cəmaətin məişətinə uyğun olsun...

İştə bu nəzərlər həmişə maarifi politika aləti deyil, cəmaət ümidgahı etmək istəyənlərin xahişi idi. Hər kəs ki, məktəbi azad bir maarif idarəsi bilirdisə, hər kəs buraya farsların dediyi kimi “kargahib adəm sazi” nəzəri ilə baxırdısa – mütləq onun fikri yerli məktəbləri yerli etmək idi. Mütləq onun çalışdığı ibtidai məktəbi daireyi-mədəniyyətə girə bilməyə müqtədir mübtədilər yetişdirmək üçün idi...

Ancaq bəzi surətnümalar bəzi məktəblərə məktəblikdən irəli bürokratizm idarəsi və misyonerxanalar nəzəri ilə baxanlar bu fikirlərin əleyhində idilər...

Nə qədər ki, bu əleyhdarlıq hıkmfərma idi, nə qədər ki, bu ürfanpərvan surətilə nümayişdə olan iğfalkalar meydanda idilər və nə qədər ki, bunların fikri məzlumların təşəbbüsati-nuraniyyəni buludlar altına almaq qüvvət və qüdrətində idilər iştə bu yerli məktəblər də bir haləti-səfalət və fəlakət ilə dolanmaqda, dirilik etməkdə idilər.

Cəmaət bu məktəblərə inanmıyordu. Onlar da “təlim” pərdəsi altında gizlənmiş olan piolitikanı dərk də olmasa, avama müxtəss bir fəhmi-təbii ilə deyəsən ki, qanmış idi...

Əvət, rus-müsəlmanlar üçün açılmış olan yerli məktəblərin 17  oktyabr  günlərindən qabaqkı halı böylə bir dairədə idi. Müsəlman və yerli məktəbi hesab olunur idisələr də müsəlmanlıq və yerlilikdən fəqət bir ad var idi... Həftədə 25-30 dərs arasında 3 saat türk dili və 2 saat şəriət dərsinə vaxt ayrılması bunu türk və müsəlman məktəbi ediyormuş. Buraya türk və şəriət dərslərinin “qaidə və nizam” təhtindən xaric olunduğunu əlavə etsəniz onda dəxi bu məktəblərin “milli” olduğuna şəkkiniz qalmaz idi...

17 oktyabrda bütün Rusiya məişəti alt-üst oldu. Rusiyanın binayi-həyat və əsasi-davamında bir şikəsti-tarixi əmələ gəldi. Məktəb və maarif dairəsində də bu hal özünü bildirdi. İlminskilər, çerevanskilər və kompaniyaları bir zərbeyi-mənəvi yedilər...

Əsil maarif tərəfdarı, yerli məktəblərin ciddi xeyirxahlarına meydan açıldı.

İbtidai məktəbləri milli olmaq surətinə salmaq istəyən fikri-səlim*[1] zəfəriyyət qazandı.

1907-ci sənənin noyabrının əvvəli gəldi. Canişin həzrətlri Qolitsin dövründən qabaq Qafqazda indiki kimi canışının olduğu vaxtlarda qərar verilib sonra rədd edilən 1881-ci ilin təlim layihəsinin yenidən elam və təsdiq etdi... Bu proqpam möcibincə yerli məktəblər hər bir şeydən əvvəl milli olmalıdır. Əvvəlinci il müddət tədrisdə bütün təlimat ana dilində olub sonrakı illərdə də rus dili məcburi bir dərs kimi təlim edilməlidir.

Canişini-aliyə həzrətləri Qalitsin məzaliminə giriftar olmuş olan bu proqramı yenidən elan etdikdə verdiyi iradənaməsində diyor ki, “Yerli məktəblər mənən və maddən əhaliyə köməkçi olub və gələcək məişətlərində onlara rəhbər olmaq üçün tədrisi ana dilində etməli və onları rus millətilə birləşdirib aralarında ittihad vermək üçün rus dilini öyrətməlidir”.

Lakin Rusiyanın o ballı sənələri, o şirin ayları, o ruhnəvaz günləri keçdi. Afaq*[2] qaranlıqlaşdı. Rusiya məişəti ricətə*[3] başladı. Aşkar işdir ki, ümumi olan bu qaidədən milli məktəblər dəxi xaric ola bilməzlərdi. Odur ki, bir təbliği-vüzarət olaraq milli məkatib müdiriyyəti Qafqaz nahiyə maarif müdiriyyəti zərfində tətbiq üçün göndərilmiş olan dərs proqramı bütün rus-müsəlman məktəblərinə dəxi göndərilmişdir.

Bu proqram üzrə milli və yerli məktəbi hesab olunan rus-müsəlman məktəblərində dərslər atidəki qərar üzrə oxunmalıdır:

Bir klaslı məktəblərdə oxunan dərslərin miqdarı:

Dərslər 1 də 2-ci, 3 də 4-cü sənaye-tədrisdə

Dərslər: sənaye-tədrisdə
1) Elmi ilahi dərsi 4 4
2) Rus dili 12 12
123) Ana dili 6 6
4) Hesab dərsi 6 6
5 Nəğmə 2 2
    30 30

Görüyorsunuzmu? Əvvəlinci illərin türkcə təlim edilməsi getmiş. Yerli dilə əhəmiyyət verilməsindən bir nişan qalmamışdır. “Mənən və maddən əhaliyə köməkçi olmaq və gələcək məişətlərində onlara rəhbər olmaq üçün “ana dilinə həftədə 6-ca saat verilir”. “Rus milləti ilə tanış olub birləşmək üçün” rus dilinə tamam iki dəfə artıq olaraq həftədə 12 saat veriliyor. Böylə proqramın nə dərəcədə mənfəətsiz və kifayətsiz olduğu hər kəscə məlum olduğu kimi görünüyor ki, məkatib müdiriyyətinə belə sabitdir. Eşitdiyimizə görə bu xüsusda Bakı və Dağıstan müdiriyyəti tərəfindən bəzi iqdamat edilmişdir ki, Fon Koxmanın bu qanılmaz hərəkətinə bir surət təsviyə verilsin. İştə baxalım!

M.Əmin
“Tərəqqi”, № 107, 20 noyabr 1908

*[1] fikri-səlim – sağlam fikir

*[2] afaq – üfüqlər

*[3] ricət – geriyə dönmə