Məqalələr

ZEMSTVO İSLAHATI BARƏSİNDƏ

Keçən nömrəmizdə dedik ki, indi Qafqaz mətbuatını zemstvoya lazım olacaq mədaxillərin haradan və nə yollar ilə alınacağı bəhsinə məşğuldur.

Bu məsələyə cavab vermək “zemstvo idarələrinin Qafqaza tətbiqi barəsində” yazılan rəsmi zapiskadan “U-S” cənablarının iqtibas etdiyi bəzi mütaliatı qareinə bildirək:

Bəyannamənin dediyinə görə bu vaxta kimi zemski vergidən ötəri ümumi bir qismətnamə olub hər il 4.692.304 manat yığılmışdır.

Bu mədaxil və məxaric ölkənin ayrı-ayrı əyalətlərində münasibət üzrə olmamışdır. Bir vilayətdə, quberniyada mədaxil az olsa da məxaric çox olmuşdur. O birisində məxaric az olsa da mədaxil çox olmuşdur. Yəni bir vilayətin xərci, o birinin hüsabına olunub getməkdə olmuşdur. Zaqatala okruqu və Bakı  quberniyasından başqa hamı əyalətlərə mədaxillərindən çox məxaric olunur. Yəni Bakı quberniyası və Zaqatala okruqundan başqa heç yerdə əhalidən yığılan zemstvo xərcləri əhalinin ehtiyacını rəf eləmiyor. Hərgah bu yerlərdə o ehtiyaclar rəf olunursa o da Bakı quberniyası və Zaqatala okruqlarının ehtiyaclarından artıq qalan vergilərin hesabına və yainki xəzinədən hər ildə buraxılan 282.227 manat təxsisatın hesabına olunur.

Zemstvo idarələri təşkil olunduqda mədaxil məxaricin bu qism ilə təqsimi mümkün ola bilməz. Onda mədaxil pulları axtarmaq məsələsi özünü qəti surətdə hiss etdirəcəkdir.

Bu məsələni həll etdikdə əvvəlinci və ümdə yollardan biri – bəyənnamə müəllifinin fikrincə - zemstvo vergilərinin polisiyə xərc olunan hissəsini dövlət xəzinəsinin phdəsinə verməkdir. Bu mətləbə hər il iki milyon 490 min 800 manat xərclənir ki, ümumi məxaricin 53 prosentini təşkil ediyor.

Polisə strajniklərinə və qeyri höküməti-zabitəyə olunan xərclər zemstvo mədaxillərinin böyük bir hissəsini udub ya qeyri ehtiyacların rəfinə artıq müşküllük veriyor və əyalətlər, mədəni müəssisələr cəhətindən artıq çətinliklər çəkiyorlar. Burası bundan sonra səbr ediləcək deyildir. Lazımdır ki, bu xərc hökümət öhdəsinə verilsin.

1902-ci sənədə sabiq daxiliyyə vəziri Pleve. Qalitsinə yazdığı 1903-cü ilin iyunun 20-də zemstvo idarələrini hər quberniyada xüsusiyyətə qoymaq barəsində sadir olar fərmanı xəttar ilə bərabər, öz tərəfindən polisə xərclərinin dərəcə ilə dövlət xəzinəsinin öhdəsinə verilmək barəsində məhəlli hökümətin iltimas eləməsini tvsiyə etmişdir. Buna görə də 1904-cü ildən 3 il irəliyə tərtib verilən zemstvo xərclərindən polisəyə olunanın bir xümsünü xəzinə hesabına olunmağa qərar verilmişdir. Bu qərara müvafiq gərək idi ki, 1909-cu ilin əvvəlinə kimi zemstvo məxarici bilmərrə polisə xərclərindən xilas ola idi.

Lakin bu mülahizə əmələ gəlməyib, 1904-cü ildən bütün zemski xərclərini örtməkdən ötrü xəzinədən 282.227 manat təxsis ediliyor.

Bundan əlavə də zemstvo barəsində olan qərardad polisə xərclərini hərgiz zemstvo idarələrinə həvalə etmiyor. Onlar bu xərci etməyə məcbur deyildirlər. Və hal-hazırda zemstvo idarələri olan yerlərdə də bu xərci edən zemstvolar deyildir.

Həmin bu mülahizələr ilə məhkəmə müfəttişləri və polisə əzalarının maaş və məkan xərcləri ki, Zaqafqaziyada ildə 51.000 manata çatmaqdadır, dəxi zemstvonun borcu deyildir. Həmçinin ihdiki halıda zemstvo işlərinə baxan bəzi hökümət müəssisələrinə verilməkdə olan 93.000 manat dəxi verilməyəcəkdir.

Bu sayaq ilə gərək xəzinə öhdəsinə 2 milyon 237 min 200 manat xərc köçürülsün və zemstvo mədaxillərini yuxarıda göstərilən (2.237.200 manat) xərcdən azad etməklə bərabər xəzinənin illik təxsisi olan 282.227 manatdan da imtina etməlidir.

Bu surətlə Zaqafqaziya zemstvosunun ümumi mədaxili ümumi məxaricindən 2 milyon 379 min 872 manat qərarında artır.

Bundan əlavə bəyanat müəllifi zemstvo mədaxillərini artırmaqdan ötrü indi kənd cəmaətləri eyləyən xərcləri dəxi zemstvoların idarəsinə alınmağı təklif edir.

Qubernatorlardan südur*[1] edən məlumata görə kənd cəmaətlərinin tərəfindən müxtəlif ehtiyaclara bütün Zaqafqaziyada ildə 1 milyon 16 min 86 manata qədər xərc olunurmuş.

Bu mədaxillər də zemstvo idarəsi müdaxillərinə artırılsa, o surətdə zemstvo idarələrinin büdcəsi indikinə nisbətən 1 milyon manat artar. Bir milyon manat artar da tazə bədə*[2] ağırlığı da verməz. Cəmaəti artıq vergi verməyə vadar eləməz. Çünki, bu artıq vergi indiki halda kəndistan cəmaətindən çıxmaqdadır. Özü də hesabsız, yersiz surətdə xərc olunmaqda və hər bir nizam və qaidədən xaric bir halda xərclənməkdədir.

Lakin yuxarıda göstərilən 5 milyon yarım manat gələcək Zaqafqaziya zemstvosu xərclərini ödəməz. Bundan ötrü lazımdır ki, onun bilavasitə olan vergi mədaxili artırılsın.

Necə ki məlumdur Dövlət dumasının 1908-ci ilin fevralının 12-sində olan qərardadına görə canişin soveti yer bədəsinin yeni üsulunu təyin etmişdir. Bundan naşı bilümum yer bədəsi hesabına olaraq zemski vergisi də gərək ki, 4 milyon 470 min manatdan, təxminən 6 milyon manata qədər artırılsın. Bu surətlə Zaqafqaziya zemstvosu vücudunun əvvəlinci ilində 7 milyon manat qərarında bir mədaxilə dara oluyor ki, bu bizim əhalimizə təqsim olunsa hər adam başına 1 manat 20 qəpik düşüyor.

Hərgah Rusiya zemstvoları ilə bunu qiyas eləsək - əvvəl karda bu qədər bir mədaxilin zemstvo öhdəsinə həvalə olunan mədəni işlərin icrası üçün kifayət edə bilməsinə qənaət etmək olar.

Zaqafqaziya islahatı düşmənlərinin əllərində olan bəhanələrdən biri də budur ki, Zaqafqaziya zemstvolarına lazım olan mədaxil yoxdur. İşdə bu bəyanat bu qism əşxasə bir növ cavabi-şafi*[3] olsun gərəkdir.

M.Əmin
“Tərəqqi”, № 104, 17 noyabr 1908

*[1] südur – sadir olma, hasil olma

*[2] bədə - vergi

*[3] şafi – kafi, şəfa verən