Məqalələr

ZEMSTVO ISLAHATI XÜSUSUNDA*[1]

Bu gün olmasa sabah, sabah olmasa o biri gün – 40 ildən bəri İçəri Rusiyada olduğu kimi, Qafqazda da milli zemstvo idarələri qoyulacaqdır.

Zatən Qafqaz canışını Voronsov-Daşkov həqrətlərinin Qafqaza dair verdiyi islahat layihəsində əvvəlinci yer tutan fəsillərdən biri də bu zemstvo bəhsidir.

Zemstvo idarəsi nə oduğu barəsində qəzetəmizin keçmiş nüsxələrində yazılmış, gələcəkdə bu xüsusda təfsilən yazacağımızı vədə veririk. İndi isə Qafqaz mətbuatında bu məsələyə dair görülən əhəmiyyətli bir mülahizə və bu barədə verilən bəzi lüzumlu məlumat barəsində bəyanat vermək istəyiriz:

Zemstvovalar, hazırda tanış olduğumuz Şəhər dumaları misalında olacaq. Dumaların iş gördükləri dairələr şəhərlərin daxilində və onların elədiyi qərar və binagüzarlıqlarda şəhər və şəhərlilərə aid isə, zemstvovaların kargərlikləri bütün quberniyaya, uyezdlərə, qəsəbələrə rayic*[2] olub, onların binagüzarlığı və gördüyü tədbirlərdə bütün quberniya, uyezd, kəndlərə və əhalisinə aiddir. Şəhər idarələrinin vergiləri şəhər mülkədarlarından, şəhər əhalisindən yığılır, zemstvovaların da mədaxili zemstvo vergisi adı ilə zemstvonun hökmünafiz olan yerlər dairəsindəki mülkədarlardan və əhalidən alınır...

Bizim Qafqazın təbayün-fərqlərindən biri də bu vaxta kimi, həmin bu olmuşdur ki, bizdə zemstvovalar özləri olmuyubsa da zemstvo alınmışdır.

Qanunən məhəlli və yerli ehtiyaclara sərf olunmaq üzrə bu vaxta kimi bizdən alınan zemstvo vergilərinin miqdarı ildə 4 milyon 670 min manat oluşdur. Bu hesabdan hər adambaşına 78 qəpik düşüyor.

Halon ki, İçəri Rusiyada adambaşına 1 manat 15 qəpik alınmaqdadır. Hərgah Qafqaz zemski vergisi büdcəsinə daxil olmuş olan 61 prosent, yəni 2 milyon 60 min manat polisə strajnikləri və başqa məcburi idarə xərclərinə sərf olunan məbləğ çıxılsa, o halda gələcək zemstvo idarəsinin təsəvvürünə ancaq 2 milyon manat qalasıdır ki, by hesabdan hər adam başına 34 qəpiklə gərək ki, Qafqaz zemstvosu öhdəsində olan böyük-böyük vəzifələri icrayə qədəm qoysun.

Hal-hazırda isə bu 4 milyon 670 qəpik manat bu qismətlə xərclənir:

Yollara – 933 min m. ya 20 faiz
Səhhəti-ümumiyyə – 607 min m. ya 13 faiz
Maarifi-amməyə – 154 min m. ya 3,3 faiz
Başqa məsarifə – 150 min m. ya 2,7 faiz

Iş bu qaidə ilə olduqda məlum işdir ki, zemstvolardan gözlənilən mədəni işlərin bir o qədər qədri, bacarığı və əhəmiyyəti olmayacaqdır. Hələ gərək bu məbləğin 10 prosenti də zemstvo idarələrinin özlərinin düzəlmələri məsarüfinə çıxılsın.

Məlum işdir ki, bu mədaxil ilə Qafqaz zemstvosu paydar ola bilməz. Məlum işdir ki, bu qədər bir mədəni islahata möhtac olan Qaqafqaziya vadilərini, vilayətlərini, kəndlərini boylə bilmünasib, cüzi olan maddələr ilə islah etmək olmaz. Kəndlərdə məktəblər açmaq, yollar çəkmək, aran zəmin yerlərə su gətirmək, zəxirə*[3] və ehtiyac ambarları təşkil etmək və qeyri-qeyri mədəni və mütərəqqi işlər icra etməkdən ötrü külli mədaxil lazımdır. Bütün-bütünə qərqi-cəhl və qəflətdə olan əhalini iqaz*[4] etmək üçün maarifə 154 min m. sərf etməklə haraya çatmaq olar. Təbibsizlikdən, dərmansızlıqdan mur, mələx*[5] kimi qırılan kəndistana 607 min manatla köməkmi etmək olar? Daş və daşlıqlar arasında rahi*[6]-rusuz qalmış olan Qafqaz qəsəbələrinin, şəhərlərinin, kəndlərinin rahi-rularını islah etmək və tazə yollar salmaq üçün 933 manat kifayətdirmi?..

Məlumdur ki, gələcək Zaqafqaziya zemstvosu bu mədaxillə kifayət edə bilməz, gərək özünə mədaxil yolları axtarsın. Əcəba bu mədaxillər haradan və nə yollar ilə alınacaqmış? İştə hal-hazırda Qafqaz mətbuatını məşğul edən məsələ bu məsələdir.

M.Əmin
“Tərəqqi”, № 103, 16 noyabr 1908

*[1] Bu məqalədə tedad etdiyimiz hesabları “Baku” qəzetəsinin felyetonundan dan iqtibas etdik. Qeyd M.Ə.Rəsulzadənindir. – Ş.H.

*[2] rayic – aid olmaq

*[3] zəxirə - azuqə

*[4] iqaz  oyatma, qəflətdən ayılma

*[5] mələx – çəyirtkə

*[6] rah - yol