Məqalələr

“HESAB MƏSƏLƏLƏRİ”

Rəsmi məktəblərdə mükəmməl olmasa da türk dili dərsi verilmək və ibtidai məktəblərdə əvvəlinci və ikinci illər hesab dərsi dəxi türkcə verilmək qanun oldu. Bundan başqa da bir çox tazə cəmaət üsuli-cədid girdi. İndi hər yandan üsuli-cədid xəbəridir ki, gəliyor. Hər tərəfdə milli məktəblər açılır. Hər yanda məktəb fikrinədir ki, düşülünür...

Məlumdur ki, bu tazə məktəblərə tazə kitablar lazımdır. Türkcəni təlim üçün bir neçə qism kitablar nəşr olunmuşdur. Köhnədən tərtib olunmuş kitabçalara, onların bir çox nöqsanlarına cəhət kifayət olunmuyub, keçən ildən bəri heyəti müəllimin tərəfindən “Əvvəlinci il” və “İkinci il” kitabları nəşr edilmişdir. Deməli ki, türkcə dərsini dermək üçün bir dərəcəyədək olsun təlimnamələr hazırlanmışdır.

Bütün rəsmi və qeyri rəsmi olan məktəblərdə lisan dərsindən sonra ikinci yer tutan hesab dərsi böyük bir ehtiyacda idi. Uşaqlara bir dərs maddəsi olmaq üçün əvvəlinci dərəcədə lazım olan hesab məsələlərini came*[1] bir kitab yox idi. Bu yoxluq hər anda, hər saatda özünü bildirir, hiss etdirir idi.

Bu arada Ağəli Qasımov cənablarının nəşr etdiyi “Elmi-hesabi” dərdə dərman olmuyordu. Çünki o kitabın qəsdi başqa, məktəblərin daha artıq ehtiyac göstərdiyi başqa idi. Ağəlinin bu kitabı şagirdlərdən çox müəllimlərə gərəkdi. Halbuki, müəllimlər Ağəlinin kitabından ala biləcəkləri məlumatı özgə rus və türk mənbələrindən daha yaxşıca ala bilərlərdi.

Hər halda bu kitabın mənfəətsiz olmadığını iqrar ilə deyiriz ki, “Hesab məsələləri” kitabı su kimi gərək və lazım olduğunu hər bir vaxtda bildirməkdə idi. Bu lüzumiyyəti cənab Kərimbəy İsmayılovun müxtəsər və naqis “Hesab məsələləri” də iqna edə bilmiyordu.

Iştə bu ehtiyacı dəf eləmək üçün əvvəlinci igdam edilmişdir. 104 səhifədən ibarət təmiz və aydın surətdə asan Azərbaycan sadə türkcəsilə tərtib olunmuş “Hesab məsələləri” adında bir kitab nəşr olunmuşdur.

Mühərrirlərimizdən müəllim Üzeyir Hacıbəyov cənablarının bu əsəri ibtidai məktəblərin birinci və ikinci şöbələri şagirdlərindən ötrü lüzumlu bir dərs kitabıdır.

Bu əsərin nə üsul və nə qaidə ilə tərtib olunduğunu bildirmək üçün kitabın başında müəllif tərəfindən yazılmış olan müqəddəməni nəql eləməkdən yaxşı tərif ola bilməz. İştə müqəddəmə:

“Bu kitabın tərtibində rus kitablarından istifadə edib cənab Komarovun hesab məsələləri kitabını özüm üçün ümdə rəhbər ittixaz etdim. Müəllimlərdən Komarovun kitabçası ilə aşna olanlarına məlumdur ki, bu pedaqoqun kitabçası ən asan üsul ilə mübtədiləri*[2] hesab əməllərinə v məsələlər həllini öyrədiyor”.

“İştə Komarovun kitabçasın özüm üçün dəstürül-əməl yerinə qəbul elədimsə də, bəzi yerlərində öz təcrübəm ilə əxz etdiyim xüsusi qaidələrin tətbiqini də lazım gördüm. Böylə ki, təklik hesablara dair məsələləri bir neçə tip qismlərə böldüm ki, əvvəla şagirdlər və saniyən müəllim üçün anlamaq  və anlatmaq işi asan olub az vaxt sərf olunsun. Bundan maəda*[3] mənim ümdə qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir: çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini “neçin” və “çünki” – siz həll edib dəlil və sübutlar gətirməyə aciz olurlar.

“Məsələlər intixabında orasına dəxi səy etdim ki, öz məişətimizdən əxz edilmiş məsələlər ilə bərabər rus məişətinə dair məsələlərdən də məzmuni cəhətincə təqdir və təqlidə layiq məsələlər dəxi olsun”.

“Dil cəhətinə gəlincə məsələlərin sırf türk dili ilə yazılıb dilimizin təbiətinə müğayir cümlə və ibarələrdən, baxüsus rus dilinə mənsub idareyi-kəlamdan azad olmasına artıq səy etdim”.

Hesab məsələləri kitabının hamısında kitabın içində həll olunmaq üçün təyin olunmuş məsələləri həll edəndən sonra, həllinin doğru olduğunu təhqiq edib xatircəmlik hasil etmək üçün hamı hesab məsələləri kitablarının axırında məsələlərin öz nömrələri ilə cavablarını yazmaq bir qaidədir.

Bəzi kitablarda diqqətsizlik olaraq bu cavablarda bir çox yanlışlıqlar oluyor. Bu yanlışlıqlar pək əf olunmaz nöqsandır. Çünki müəllifin bu səhvi şagirdin böyük bir dilxorluğuna, vaxt itirib diltəng olmağına səbəb oluyor. Bu da ki, pedaqoji nöqteyi-nəzərindən olaraq ələxüsus mübtədilərdən ötrü qayət zərərli şeydir.

Iştə burası xatirimizdə olduğundan Üzeyirbəy əfəndi tərtib etdiyi kitabın cavab qismini imtahanə çəkdik. İmtahandan yaxşı çıxdı. Səhv və yanlışlıqlara rast olmadıq.

Əvət, məktəblərimizdə, məktəbdarlığımızda gözə çarpacaq dərəcədə görülməkdə olan nöqsanların şu mühüm qismi Üzeyir əfəndinin bu əsəri ilə örtülmüş, təsviyə edilmiş oluyor.

Bəzi səbələrə görə kitab öz vaxtında meydana çıxa bilməyib, bir az gecikmişdir. Bütün Qafqaz məkatıb və müəllimlərinin diqqətlərini cəlb eləyib kitabın tətbiqini tövsiyə ediyoruz*[4].

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 91, 2 oktyabr 1908

*[1] came – toplayan, cəm edən

*[2] mübtədi – ibtidai, başlayıcı

*[3] maəda - başqa, qeyri

*[4] Nəfis bir surətdə çap edilmiş bu kitabın qiyməti 60 qəpikdir. Naşirləri Q.Şərifzadə və A.Kazımzadələrdir. İstəyənlər məzkurların Bakıda Nikolayevski küçədə müsəlman ünas məktəbinin qabağında olan mərkəzi mağazalarından və Parapetdə olan şöbələrindən ala bilərlər. – M.Ə.