Məqalələr

QORXUDURLAR!

Dövlət dumasının iclasında yer və torpaq məsələsini həll etmək üçün hökümət tərəfindən tərtib olunmuş 9 noyabr qanunu müzakirə olunmalıdır.

Bu məsələ üstündə böyük bir mübahisə olubdur. Duma əksərini təşkil edən oktyabrist firqəsi gözləmədiyi bir sınıqlığa düçar olmuşdur.

Iş burasındadır ki, üçüncü Dövlət dumasının ikinci dəfə yığılmasında hökümət tərəfindən bir məramnamə təqdim olunmuşdur. Bu məramnamədə məhəlli idarələr, məhkəmələr, yer və torpaq islahatı, maarif, məktəb işləri, dillər məsələsi, vergilərin islahı senatın təbdili-üzviyyəti və qeyri bu kimi məsələlərin müzakirə olunacağı vəd olunmuşdur.

Zikr olunan bu məsələlər hamısı mühüm məsələlərdir və ölkənin müxtəlif heyət və firqələrinin diqqətlərini ələddəvam cəlb ediyorlar. Vaqiədə məmləkətin asayişi, istirahəti və tərəqqisi həlakət və ya səadəti bu məsələlərin nə surətdə həll və fəsl olunmasına başlıdır. Lakin bunların cümləsində yer və torpaq məsələsi əxəss*[1] əhəmmdir*[2]. Zatən Rusiya inqilabını donduran səbəblərdən birincisi də haman bu yer və torpaq uyğunsuzluğu olmadımı?

Odur ki, əvvəlinci dəfə yığılmasında bütün xırda-öxuruş məsələlər ilə heyəti-vüzəranın ürəyini ələ götürüb saxlayıb hökümətin düdüyünə müvafiq oynamağa sərfi-vaxt və qeyrət edən Dumaya indi vədənin təqazasınca çar-naçar çoxdan həllini vaxtı gəlmiş yer və torpaq məsələsini müzakirə etmək lazım gəliyor.

Odur ki, məsələ meydana atılır. Torpaq məsələsi həll olunsun – deyə Duma idarəsinə təklif olunur. Lakin Duma sədri təklif edir ki, heyəti-vüzəranın xahişinə görə bu məsələ bir az təxirə qoyulsun. Çünki hökümət tərəfindən noyabrın 9-u qanuna əlavə olaraq bir kaç təshihat və islahat əlavə eyləyəcəkdir. Sədrin bu təklifi müzakirə olunduqda bir təsadüf olaraq sağlar ilə solların ittifaqı ilə bu xahiş rədd edilir. Və məsələnin bilatəxir həll olunmasına qərar verilir. Yəni hökümət xahişinə əməl olunmuyor. Yəni Duma əksəriyyətinə dara olan və həmvarə dövlətin xahişini əncamə gətirmək fikrində olan oktyabrist firqəsi şikəstləyir.

Işdə heysiyyətinə bu qismlə bir zərbə dəymiş olan oktyabrist firqəsi indi özünü kəndçilərin işini təxirə salmaq fikri ilə müttəhim olub üzərinə edilən hücumlara müqabilə olmaq ünvanı ilə hədələr başlayır.

“Xoxu gəldi” – diyor...

Oktyabristlərin mürəvvici-əfkarı olan “Qolos Moskvı” qəzetəsi bu xüsusa dair yazdığı baş məqaləsində məsələnin əhəmiyyəti cəhətindən hökümətin təklif etdiyi təshihat və islahat əlavəsi olununcaya qədər gözlənilməsini vacibatdan hesab edərək qeyri firqələrin fürsətindən istifadə edib piolitika oyunçuluğu elədiklərini şiddətlə müaxəzələyərək*[3] diyor ki:

“... Bu işin əvvəli görün gələcəkdə nə olacaq, özlərinə cəmaət qəmxari və kəndçilər qeydkeşi deyənlərin ağızlarından seylan-seylan nitqlər töküləcək... – bunlar da neçə qismdir – Milyukov , çxeidze, Qeqeçkori və Bulat və ikinci Markov kimilər... boşboğazlıq etməkdə davam edəcəklər, məsələ isə haman yerində qalıb hərəkət etməyəcək. Solda ifrat, sağda təfrit*[4] olub Duma da özünün işə yaramazlığını göstərəcək. Iş görmək əvəzində dönüb inqilab ocağı olacaq və cəmaət həyəcanına səbəb olacaq. Iyunun 3-ü Dumasından narazı olanlar dəxi böhran salacaqlar, meydana ki, bu səbəblə qalxan ləpələr ilə düşmüş olduqları dibdən üzə çıxa bilsinlər...”

Görüyorsunuzmu 17 oktyabr firqəsinin rəsmi orqanı necə qızışıb, nə acığı tutubdur? Burasını bilirik ki, yer və torpaq məsələsi artıq danışıq aparan məsələ, artıq hissləri yerindən oyanadanm bir nöqtədir. Yəqin ki, bunu nəzərə alıb da məsələni məhdudlamaq istiyormuş..., əgər ki, qəzetənin bu xüsusda bəhanəsi ayrıdır ki, yuxarıda zikr olundu...

Gələcəkdə Dumanı “inqilab tribunası və mitinq olmaqdan mühafizə etmək üçün” qəzetə təklif ediyor ki, Duma barəsində olan dəstrul-əməlin 127-ci fəsli dəyişilsin. Hərgah bu fəsil dəyişməzsə o halda “iş aparan əksəriyyət” Dumanı iş görəcək bir halda idarə edə biləcək qüdrətindən düşüyor.

Əcəba 127-ci fəsil nə imiş ki, onun vücudu oktyabristləri həlakətə salıyor və oktyabristlərin qəzetəsinin baş məqaləsi sətirləri arasında oxunan “Duma buraxılması” hədəsinə səbəb oluyor.

127-ci fəsilin təqazasınca 50 vəkil bir məsələnin müzakirəsini Dumadan tələb etsə məsələ gərək labüddən müzakirə olunsun.

İşdə oktyabristlərin əhvalını qarışdıran burasıdır. Onlar istəyəcəklər ki, Duma minbərindən çox da kəndçi-mətnçi, həqq və ixtiyar və qeyri bu kimi sözlər az işlədilsin. Onlar istəyəcəklər ki, nə tövr olsa da dvoryanlara, bürokratlara xoş olmayan nitqlər az söylənsin, onlar istəyəcəklər ki, bir çox şeylərin üstü örtüü qalsın. Bunları istədikdə bu yandan haman fəslə istinad edərək bir əlli nəfər qeyri-vəkillər cəm olub səs verəcəklər ki, yox, biz həm danışmaq istəyiriz. Bunu deyib də 127-ci fəslə söykənəcəklər.

Yaxşısı budur ki, onların ağzını lap bağlamaqdan ötrü Duma nizamatı və qaidəsi olan nakazın bu fəsli təbdil olunsun.

Işdə baxınız, oktyabristlər qorxuyorlar?... Duma batacaq diyorlar. Batacaq, xünki “danışıq çox olur. Artıq təsəvvürlər olunur”.

İndi hər kəs Dumanın qalmasını və iş görməsini istiyorsa oktyabristlərə tabe olub, oktyabrist olmayan Duma vəkillərinin ağzını bağlatmağa çalışmalı imiş!...

Oktyabristlər bu arzularına nail ola bilməzlərmi? Bu dəfə xüsusi bir təsadüf olaraq sollarla səsləşən sağlar sabah həmin fəslin təbdilini istəməkdə oktyabristlərlə ittihad eləməzlərmi?!..

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 89, 30 oktyabr 1908

*[1] əxəss – daha xüsusi

*[2] əhəmm – daha mühüm

*[3] müaxəzə - danlaq

*[4] təfrit – səhlənkarlıq, boş yerə sərf etmə