Məqalələr

KÖRPÜ HƏMMALLARI*[1]

Bakı fəhlələri arasında ən məşəqqətli, ən dargünlü, ən yazıq, ən məzlum bir heyət varsa, o da körpü hamballarıdır.

Bu yaddan çıxmış, gözdən düşmüş yazıqlar və talesizlər barəsində bir parça məlumat vermək istəyiriz.

Bütün körpülərdə işləyənləri əgər 5 yüz hesab eləsək bunların arasında bir nəfər qeyri yerli tapmazsınız, hamısı İranın zavallı, nikbətli*[2] oğlanlarıdırlar.

İran xanlarının möhtəkir və ərbabi-hökümət deyilən vəhşilərin zülmündən, işsizlik və qanunsuzluğun çəngindən qurtarıb özünü saxlamaq və İranda böyük bir fəlakətlə ömür keçirməkdə olan külfətinə bir az maaş qazanıb yollamaq qəsdilə “həmşəhəri” Bakıya gəliyor... körpü hamballığına girir. Qeyri fəhlələrin bircə gün davam edə bilməyən məşəqqətlərə səssiz-səmirsiz qatlaşıb, gündə 12, 13 saat arxasında yük daşımaqla, ömür keçirdir. Və bu qədər bir zəhmətin əvəzində gündə 50-60 qəpik, yainki, ayda 15-20 manat məvacib alıyor, elə bilir ki, dünya və aləmi qazanmışdır. Halbuki mədən fəhlələrinin ən ucuz və məşəqqətli bir üsul ilə işləyən qara fəhləsi 20-25 manat aldığı halda 9-10 saatdan artıq işləmiyor, hələ 8 saat işləyənləri də vardır. Mədən fəhlələri 20-25 manat aldıqlarında da mənzil olmasa mənzil pulu, neft kimi, su kimi məvacibdən başqa şeylər də alıyorlar ki, körpü hambalları belə şeyləri ağıllarına belə gətirmiyor. Bunların onu, onbeşi bir olub şəhərin kənar bucaqlarında adı ev, özü tövlədən seçilməyən mənzillər kirayə edib adam başına ayda 50 qəpik, 1 manat kirayə veriyorlar.

Qeyri fəhlələrə ümumi fabrika qanunu üzrə rasçot dəftərçələri verilir ki, fəhlə işdən çıxarılanda, yainki şikəst olduqda karına gəlib qanun üzrə qoyulan qaidələrə görə mükafat alır. Ona nisbətən edilən qanunsuzluqları dəf eləmək üçün bugün haqqını kəsib vermək istəməsələr şikayət etmək, məhkəməyi-ədliyyələrə rücu etmək vaxtlarda artıq lazım olur. Ancaq bu qaidə körpülərdən kənar yerlərdə var, körpü hamballarından başqalarına aiddir. Heç bir hambalın rasçot dəftərçəsi yoxdur.

Körpü hamballarından ötrü heç bir qəbul və ixrac qaydası mövcud deyildir. Podratçı hər vaxt istəsə işə qəbul edər, hər vaxtda istəsə işdən qovar.

Fəhlələrin muzdlarını, işlədiklərini bəzi yerdə ayda bir, bəzi yerdə həftədə bir və çox yerlərdə iki həftədə bir hesablayıb özlərinə vermək bir adət və qaidədir. Körpülərdə siz bunu görməzsiniz. Körpüdə olan başqa prikazçık, ya gəmi əmələsi və qeyrilərə görə bu qaidə varsa da körpü hambalları bundan da məhrumdurlar. O qədər bir məşəqqət və zəhmətlə işlədiyi muzdunu almaq üçün hambala bir çox rəzalətlər, söyüşlər çəkmək lazımdır ki, özünün həqqini alsın. Hələ çox vaxt olur ki, haqq-muzd yerində kötək alıb qulluqdan da ixrac edilir.

Bunların bu halətlərinə səbəb nədir? Yoxsa körpü içindən o qədər mənfəət yoxdur ki, qeyri işlərdə olan qaidə və nizam burada da olsun?

Xeyr, səbəb burada deyil. Bu işdə mənfəət var. Lakin mənfəəti aparan podratçılardır. Podratçılar hər bir hambaldan gündə 50 prosent qazanc götürüyorlar. Yəni bir hambal gündə podratçı vasitəsilə 50-60 qəpik qazanırsa, podratçı olmuyub bilavasitə körpü idarəsinə işləməli olsa gündə 1 manat, 1 manat 20 qəpik qazana bilər.

Bu sürətlə podratçıların ən az qazananı gündə 5-10 manatdan dəm vurur. Bu az qazananındır. Kiçik körpülərdədir. Öylələri var ki, 20-30 manata pul demiyorlar!!...

Körpü hambalları eləyə bilməzlərmi ki, özləri artellər qayırıb podratçılardan xilas olalar?!... İştə məsələ!...

Burası yəqindir ki, fövqdə bəyan etdiyimiz və təriflərinə qaldığımız cahil və məzlum hamballar bu fikri meydana çıxarmağa qabil deyildirlər.

Onlara bu yolda müavinət eləmək, yol göstərmək lazımdır!...

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 7, 15 oktyabr 1908

*[1] həmmal – hambal (mətndə belə verdik)

*[1] nikbət – talesiz, bədbəxt