Məqalələr

EYDİ-FİTR*[1] MÜNASİBƏTİLƏ

İŞSİZ

Bayram günüdür...

Müsəlmanlar namazdan qayıdıb hərə bir tərəfə gediyor idilər. Məşədilər, hacılar, kərbəlayılar kimisi evinə, ailəsinin yanına gedib onlar ilə birlikdə bayram etməyə çalışır. Kimisi də konka olan küçələrə enib Bayıl vaqonun gözliyordular. Fayton çağıranları da az deyildi. Bibi-heybətə tələsirdilər. Bir dəstə cavan müsəlmanlar öz aralarında məsləhətləşirdilər: kimisi deyirdi ki, “Qrivkaya”*[2] gedək, kimisi: “bu gün “Nicat” teatro qoyur, sürün oraya” deyərək yönəlirdi.

Hamısının simasında bu günün bayram olduğunu açıq anlamaq olardı. Müsəlman məhəllələrində nüdrətlə*[3] görünən bir həyat var idi...

Hamı özünü bu gün birər məsud hesab ediyordu. Bəzi üstübaşı bəzəkli olan ərbabi-dövlətin sifətlərindən məlum olurdu ki, bu gün üçün artıq tədarüklər görmüşlər!...

- Bizə gedək, yaxşı süfrəmiz var.
- Yox, buyurun, bizə, sizə bir gözəl qonaqlıq verəcəyəm!

Bu minvalda söhbətdə olanların ürəkdən şad olub ehtiyacsız olduqlarına, dünyada möhtaclar olmadığına inandıqlarına, daha doğrusu yadlarından çıxartdıqlarına, daha doğrusu yadlarından çıxartdıqlarına laqeydanə qəhqəhələri şəhadət ediyordu.

Qapılar əğzında allı-bəzəkli, irili-xırdalı uşaqlar idi ki, çıxıb qapıda atalarını gözliyordular. Bir az iləridə əlində pay və bəxşeş olan atanın üstünə, pərvanə şəm üstə yığışan kimi götürülərdi.

Xülasə böyükdən kiçiyə kimi hər kəs özünü məsud hesab ediyor, hər kəs dünyadan razı kimi görünürdü.

Bu arada ancaq Məşədi Qulam qəriqi-fikr idi, yol ilə gediyordu... Amma hara getdiyini deyəsən özü də bilmiyordu...

Bu adama bayram təsir etmiyor kimi görünürdü. Daha doğrusu qeyrilərə olan bayram təsiri buna əks halda əsərbəxş oluyor, onlarda olan şadlıq, fərəh, bunda birə on qədər artıq olan kdər və qəmə, qüssə və ələmə mübəddəl olub, onlar bütün aləmə sənaxan*[4] bayram münasibətilə xəndan görünürkən bütün aləm və mafihayə*[5] nifrətxan və bügündən nalan idi...

Səbəb nə idisə dövrəsində olan bəşaşətə*[6], zərafət və xoşhallığa Məşədi Qulam şərakət etmiyordu. Şərakət etmiyordu səhlidir. Hərdənbir göz qiyqacı ilə ətrafına olan qəhr-alud*[7] baxışı dövrəsindəkilərdən acıqlı olduğuna işarə edirdi.

Məşədi Qulam başın aşağı salıb qayət mükəssəranə*[8], təfkiranə bir hal ilə yol gediyor və hərdənbir qeyzli və qəmgin gözlərini qalxızıb ətrafındakı laqeydanəliyə bir nəzəri-qəhr ilə baxıb qüvvətsizlik əlaməti olan dərin-dərin, soyuq-soyuq ahlar çəkirdi...

Məşədinin qiyafəsindən görünürdü ki, o hər nə isə yalqız öz dərdini çəkməyib müdrikanə bir yolda özü kimi bir çox düçari-fəlakət olanların, özü kimi bir qism özgələri bayramlı edib də özləri bayramsız deyil, çörəksiz belə qalanların fikrin ediyordu...

Soyuqdan əfil-əfil iki xırda uşaq və bir 9 yaşında qız qapıda durub yol gözləyirdilər... Uşaqların ən kiçiyi i birilərinin üzünə baxıb şadlanaraq dedi:

- Bax, bu gün bayramdır, keçən illər kimi indi dədə gələcək, bizə pay gətirəcək.
- Hə, mən istərdim keçən bayramda bacıma gətirdiyi gəlindən bir dənə də mənə gətirəydi.
- Hə mənim yazmağa qarandaşım yoxdur, mənə qarandaş gətirəcək!..
- Qardaşlarım, anamız evdə acdır, hələ bu çağacan iftar açmamışdır. Siz istiyin ki, atamız yeməli bir şey gətirmiş olsun...
- Aha dədə gəlir, - deyə balaca bala uzaqdan görünən Məşədi Qulama sarı yüyürdü. O biriləri də onun dalınca yüyürüşdülər. Çatıb atalarına sarıldılar.
- Dədə hanı mənim qarandaşım?
- Mənə nə aldın?
- Anama çörək gətirmisənmi? – deyə biçarəni bu tövr suallar ilə araya aldılar...

Məşədi Qulam bir tövr ilə xuddarlıq eyləyib ağlamadı. Qorxdu ki, ağlasa balaca uşaqlara həddən ziyadə zülm etmiş olar. Özünü şad göstərməyə artıq zor eyləyib dedi ki:

- Balalarım, hamısı olar, ancaq indi işsizəm. İş taparsam sizə yaxşı bayramlıqlar alaram.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 76, 14 oktyabr 1908

*[1] eydi-fitr – orucluq bayramı

*[2] “Qrivka” (Qriva) – mənası uzun saç. Bakıda əyləncə yerlərindən biri.

*[3] nüdrətlə - nadir hallarda

*[4] sənaxan - duaçı

*[5] mafiha – anda olanlara

*[6] bəşaşət – sevinc, şadlıq

*[7] qəhr-alud – kədərli, qəhərli

*[8] mükəssəranə - sınıqlıqla