Məqalələr

YERLİ MƏKTƏBLƏR

Yerli qəzetlər vasitəsilə nahiyə maarif müdirinin (Qafqaz popeçitelinin) sirkulyarı elan olunmuşdur.

Sirkulyar xəzinə xərcinə oxuyan uşaqlara məhəlli dillərdən birini öyrətməyi vacib edib və bu vacibliyin əncama götürülməsini, şagirdlərin xəzinə xərcindən qalması hədəsi ilə təmin ediyor.

Bundan bu yana, bu sirkulyar mövcibilə bütün xəzinə xərcinə oxuyan mütəəllimlər nə ki varsa – hansı millətdən olursa-olsun gərək yerli olan türk, erməni və ya gürcü dillərindən birinin öyrənməyini bilatəxəlüf qəbul eləsin. Bu qaidəyə rəayət eləmək istəməyən şagirdə artıq xəzinə xərci verilməyəcəkdir.

Bu sirkulyarı bir tərəfdən baxanda alqışlamaq lazım gəlir. Çünki bu haman tələbatın cüzidir ki, müdam Qafqaz tərəqqiyunları bunu diləyib axtarmaqdadırlar.

Qafqaz məktəblərinə lazımdır ki, öz tərbiyəsinə aldığı övladı-vətəni özünün işlərinə yarayacaq bir bilik və məlumat ilə tərbiyələndirsin.

Buna görə artıq səylər, artıq ciddü-cəhdlər lazım gəldi ki, rəsmi məkatibədə türk dili və yaxud erməni dili, xülasə ana dili də verilsin. Fəqət indiyə kimi ana dili dərsi məzbut*[1] bir qaidə altına alınmamışdır. Məktəblərin çoxusunda ana dili dərsi varsa da dərsin özü və müəllimlərinin qədr və heysiyyəti yox dərəcəsindədir. Ana dili dərsi o dərəcə bir əhəmiyyətsizliyə düçar olmuşdur ki, hər mütəəllim bilatənbih dərsindən qaçdığı kimi bir çox müəllimlər də artıq bir qeydsizlik büruzə verirdilər və indi də çoxları qabaqkı surətlə davam etməkdə və müəllimliklərini ləng etməkdədirlər.

Nə maarif idarəsi tərəfindən bir himayə, nə müəllimlər tərəfindən bir həmiyyəti-kəmalə, nə cəmaət tərəfindən bir qeyd-keşlik görən ana dilinin rəsmi varlığı həqiqi yoxluq dərəcəsinə gəlmişdi. Demək olar ki, hənuz indi də bu haldadır. Qaidədən xaric bəzi məktəblər olsa-olsa bilmiyorum, bilümüm ki, bu cürədir.

Böylə bir hamisiz, mühafizəsiz və özbaşına allaha qalmış yerin dili birdən-birə əhəmiyyət kəsb ediyor. Xüsusi sirkulyar ilə hələ yerli uşaqları deyil, rus uşaqlarına da belə oxutdurulması vacib olunur.

Biz deyirik ki, rus uşaqlarına. Çünki yuxarıdaki sirkulyarın surəti-rəsmisi bütün xəzinə xərcinə oxuyanlara aid isə də, tərəfi-həqiqisi ancaq rus mütəəllimlərinədir. Zira yerli xəzinə xərcinə oxuyanlar onsuz da “yerli dillərdən birini” yerli olduqları üçün oxumağa məcbur idilər.

Bunun səbəbi nədir? Bu qədər bir qedsizliyə məzhər olan “ana dili” birdən nə oldu ki, bu dərəcədə əziz oldu?

Iştə sual.

Maraqlı olan bu sualın cavabını axırıncı vaxtlarda yerli əhalisi arasında oyanmış olan həvasi-tərəqqiyyi-milliyyədə aramalıdır. Axırki vaxtlarda bütün Qafqaz pişrovlarının*[2] - erməni olsun, müsəlman olsun, gürcü və digəri olsun, hamının istədikləri əhalinin milli ehtiyaclarına etina olunmaq tələbləri deyilmidir? Həmişə “bizə dilimizi qanan hakimlər verin”, “bizi bizim dilimizi, adətimizi, rəftar və girdarımızı bilən amillər vasitəsi ilə idarə edin”, “cəmaət üçün açılan mərizxanə, əczəxana və qeyri bu kimi müəssisələrdə cəmaətindərdini, çox dəfə bisavad olan mütərcimlər vasitəsilə deyil, vasitəsiz anlayıb bilən məmurlar təyin edək” kimi tələblər virdi-zəbanımız*[3] olmuyubmu?..

Hökümət bir xeyli zaman bu tələblərə, bu arizuye-həqiqiyə qulaq vermədi. Daima özünü eşitməməyə qoydu. əyalət məsələsində, milliyyət bəhsində menşikovlar təhti-nüfuz və məsləkində olan bürokratlar “təmamiyyəti-mülkiyyə” nöqteyi-nəzərindən olaraq, idarəni cahil mütərcimlərə tapşırmağı aqil və qadir yerliyə verməkdən daha əfzəl hesab etdilər.

Yerli əhalidən nə dərəcə qabil olsa da bir kəsə olduğu yerində, dilini, adətini, rəviş və rəftarını, xasiyyət və təbiətini qandığı əhali arasında məmurluq etmək ixtiyarı verməyib onu özgə bir nabələd yerə təyin etmək kimi, onun vətəninə də qeyri bir nabələd şəxsi təyin ediyorlar. Odur ki, daima Qafqazın məmurları bilümum Qafqaz və qafqazlığından yerli əhalinin dilindən, adətindən, süluk və rəvişindən xəbəri olmayan İşəri Rusiya çinovnikləri olmuşdurlar.

İttifaqən qafqazlı məmur olduqda da öylə etmişlər ki, müsəlman çox olan yerə erməni, erməni çox olan yerə müsəlman təyin etsinlər.

Şərh verdiyimiz bu politikanın nümayəndələri görünür ki, vaxtı mizanə vurub təqazası*[4] ilə iş görmək istiyorlar.

Görünür ki, cəmaətin daha dərəceyi-kəmalə yetməkdə olan idrak ehtiyacına “güzəşt” etmək istiyorlar. Odur ki, Qafqaz dillərinə dara olan ruslar hazırlaşdırmaq fikrinə düşürlər. Çünki bundan belə yerli dil bilən rus çinovnikləri lazımdır. Böylələri tapılmazsa yerli əhalinin özündən məmur təyin etməyə məcburiyyət olar. Bu da ki, məlum olduğu üzrə, hənuz padşahlıq fikrinə alışmayıb idareyi-məmləkətə, dara bir millətçi gözü ilə baxan idarəçilərin proqramında yoxdur.

Bizə qalırsa yerli dillərinə maarif nahiyə müdirini verdiyi əhəmiyyət ehtiyacı rəf etmiyor. Daha artıq nafi və lüzumlu olardı ki, yerli dillərindən biri məktəbin olduğu yerin əhalisinin miqdarına nisbətlə bütün şagirdlər üçün hər kəs olursa-olsun məcburi dərslərdən olub, rus dili dərəcəsində olaydı.

Lakin şu məsələ hələlik də həll olunası deyil. Əqəllən*[5] bir çox zamandan bəri qanun hökmü ilə yerli uşaqlarına təlim olunan ana dili dərsləri mərtəbeyi-ləyaqətə çatdırılsın. Ən diqqət verməli məsələlərdən biri budur.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 70, 7 oktyabr 1908

*[1] məzbut – tutulmuş, zəbt olunmuş

*[2] pişrov – qabaqda gedən, qabaqcıl

*[3] virdi-zəban – dilinin əzbəri

*[4] təqazası – tələbi

*[5] əqəllən - ən azı