Məqalələr

REALNİ MƏKTƏBİNDƏ MÜSƏLMAN ƏLİFBA SİNFİ

Musa Nağıyev cənablarının xərci ilə Qafqaz nahiyə müdirinin izni ilə Bakı realni məktəbində müsəlman uşaqlarına məxsus bir əlifba sinfi açıldığı qəzetə oxucularına məlumdur. Müsəlman uşaqlarının ev tərbiyələri olmadığından edadi məktəbin ibtidai siniflərinə daxil olmaq sinləri qəflətə ötür, o cəhətdən də müsəlman uşaqlarını edadi məktəblərə vermək çətin olur. Özgə millətlər isə uşaqlarını üsuli-idareyi beytiyyə və ictimaiyyələrindən naşi-evdə hazırlamaq mümkün olduğundan edadi məktəblərə girmək, müsəlmanlara nisbətən neçə qat asandır.

İştə bu cəhətdən müsəlmanlara bir kömək olmaq üzrə yuxarıda zikr olunan sinfin açılmasına səy edilmişdir.

Zahirən işin səbəbi və məntiqi nəzərə alınıb baxılırsa burada artıq mövcibi-bəhs və etiraz bir şey yoxdur.

Lakin bu məsələ əvvəl dəfə realni məktəbinin valideyn şurasında qalxızıldığı vaxt bəzi şura əzaları*[1] tərəfindən mövcibi-etiraz olması ilə bərabər, indi də sinfin açılması münasibətilə Bakı qəzetləri səhaifində böyük bir mübahisəyə səbəb olmuşdur.

Mübahisələrdən birisi “Baku” qəzetəsinin stunlarında cövlan edib isbat ediyor ki, icra olunan bu qədəm ümumiyyət və beynəlmiləllik nöqteyi-nəzərindən xilafdır.

Məzkur fikrini bu növ bəyan ediyor ki, bu müsəlman sinfi qəbul olunduqda, qeyri özündən irəlidəki sinifləri ibtida olduğundan, bu sinifdən qurtarmışları o biri siniflərə qəbul edə-edə bir qədər zamandan sonra realnı məktəbi bütünbütünə müsəlmanları təsərrüfünə keçər, halon ki, bütün şəhər əhalisi xərcinə saxlanan məktəb gərək ki, hamı əhalidən ötrü olub, bir millətə müxtəss*[2] olmasın.

Deməli ki, bu mühərrir bütün insaniyyət naminə hifzi-hüquq edir də, əhali arasına ayrılıq salacaq bu “müzürr” qədəmdən ehtiraz*[3] ediyor.

Bu xüsusda biz də öz nöqteyi-nəzərimizi bildirmək istəriz:

Əvvələn məsələ bir o qədər “dəhşətli” deyil ki, realni məktəbini döndərib vaxtilə “müsəlman” məktəbi eləsin. Lakin burasını gərək qəbul eləmək ki, vəchlə realni məktəbində müsəlmanların hesabı artar, lakin bu hesab nə qədər artsa da 70 min müsəlman əhalisinin realni məktəbində binnisbə*[4] hissəsinə düşən vakansiyaları doldurmaq dərəcədən hər halda artıq olmayacaqdır. Hərgah Bakı uyezdi və quberniyasını da bura daxil eləsəniz, onda məsələ bir az da aşkar olar.

Mən əsasən “Baku” qəzetəsi ilə razı olardım, hərgah müsəlman cəmaəti ilə, qeyri müsəlman cəmaətinin dərəceyi-mədəniyyətləri, üsuli-məişətləri bir dərəceyi-təsavidə olmasa da, yaxın bir nisbətdə heç olmasa – olaydı.

Lakin nə edərsən ki, bir çox siyasi və tarixi səbəblərə görə qonşuluqla yaşamaqda olan millətlərin biri tərəqqi və təməddünün ovci-əlasında*[5] olduğu halda, o birisi hənuz indi hərəkətə gəlməkdədir. Erməni qonşularımız bizdən ədədcə 5 dəfə az olduqları bir halda bir nəfər oxumuş sahibi-mərifət müsəlmana, üğraq olmazsa 30-40 nəfər erməni çıxardarlar. Qeyri həm sahələrimiz də həmçinin.

Iştə həqiqətən bu cəhətini nəzərə alıbda mən ümumi işin xatirəsinə əhali arasında millət fərqi qoymamaq tərəfdarı olduğumun şərəfinə olaraq “Baku” mühərriri ilə əsasən razı olduğum nöqteyi-nəzərdən, yenə də ümum Qafqaz xatirəsi və ümum-əhali səadəti naminə güzəşt ediyoram. Bu güzəşti edibdə özümü hər bir cəhətdən haqlı və məntiq görüyoram.

Məntiq diyor ki, bir ölkənin, bir əyalətin tərəqqi və təməddünü başlıdır o əyalətdə olan müxtəlifülcins millətlərin təvafüq qədəm ilə tərəqqi etmələrinə.

Hərgah bu təvafüq*[6] qədəm Qafqazda bu vaxtadək olsaydı, onda Qafqaz başına gələn bu qədər bəlaları çəkməzdi. Hərgah realni məktəbində xüsusi sinif açmaq kimi tədbirlərə bir on il bundan qabaq, “təvafüq qədəm” xatirəsinə diqqət yetirilsəydi axırıncı illərdə edilən “şikayətlərə” yer qalmaz idi.

Qafqaz islam əhalisinin “cəhaləti” həmişə mövcibi-şikayət olmamışdır?..

Hərgah müxtəlif pərdələr altında gizlədilən kor-koranə millətçilik olmasa idi indiki “millətçilərə” də yer qalmazdı. Qafqazın mütərəqqi və mütəməddin milltlərinə lazım və vacibdir ki, mərifətcə dalda olan qardaşlarına kəsb-ümum yolunda olaraq hər növ köməkdə olub, cəmaət işlərində, ümumvətən uğrunda lazım və vacib olan “təvafüq qədəmə”  müvəffəq edən “təvafüq üqulə”*[7] çalışsınlar.

Bu məramnamə ayrı-ayrı millətlərin sərmayədarlarına xoş olmasa da, əminiz ki, yoldaşlığa, bərabərliyə, təvafüq qədəmə daha artıq möhtac olan əvamünnasə gərək və lazımdır.

Iştə bu sürətlə realni məktəbində açılmış olan müsəlman sinfi qəsd və fikrində biz heç bir sui-niyyət və zərər görmiyoruz.

Ancaq təəssüf ediləcək bir hal varsa, o da sinifin hənuz lazım olan qərarda şagird tapmamasıdır.

“Baku” qəzetəsinin bu məsələni qalxızmaqda guya “erməni mənafeini” mühafizə etməyinə, “Kaspi”nin də müsəlman ehtiyacına “göz-qulaq” olmağına, onların erməni millətindən və müsəlman cəmaətindən uzaq bir məsafədə durduqlarından naşi nə qədər gülməyimiz gəlirsə də, əhəmiyyətli bir məsələyə qayət səthi, kütahbinanə*[8], səbuk-fəhmanə, nəhayət dəni bir vasitə ilə cavab verib hər bir məsələ bəhsi üstündə ağzına gələn hədyanat ilə mətbuat səhifələrini qaralayan bir qəzetənin təşəbbüsatına da göz örtə bilmiyorum.

“Baku” qəzetəsi mühərriri “Brovin” Bakı realni barəsində yazdığı zaman Şuşa realni məktəbini yaddan çıxartdığı kimi, bu qəzetəçilik üsulundan xəbərsiz olan “qəzetə” də güşə məşğul olub hər bir hədd və dərəcəni itirib də erməni cəmaətinə rəğbəti olmayıb, ancaq bir taqım erməni sərmayədarlarının mürəvvici-əfkarı olan qəzetə mühərririnin “mütaliəsizliyi” səbəbilə bütün erməniləri qəbahətli etmək dərəcədə bir cəsarət və qəbahətə giriftar oluyor.

Məlum olsun ki, bu qəzetə elədiyi təşəbbüsatını islam adı ilə etmək xəyalındadır.

Lakin müsəlmanların mütərəqqi qismi cəmaət və cəmiyyət nöqteyi-nəzərindən əhəmiyyəti olan məsələni o tövr uşaq yollu söyüşlərlə “mühafiz” etməkdən artıq dərəcə tənəffür*[9] edib, qayət sakitanə və üdübanə olaraq mətbuata yaraşar və əqillərə sakitlik verər yollar ilə isbat etməyə qadir və buna tərəfdar olub, heç bir vaxtda bir firqənin, bir şəxsin qəbahətini bir millətə, bir cəmaətə isnad vermək fikri-xainanəsinə düşməz!

Mütərəqqi müsəlmanlar bu qəbahəti üstlərinə alacaq deyildirlər, zənnindəyiz!

Rəsulzadə
“Tərəqqi”, № 59, 23 sentyabr 1908

*[1] əza – üzvlər

*[2] müxtəss – xas olmasın, aid olma

*[3] ehtiraz – çəkinmə

*[4] binnisbə - faizlə

*[5] ovci-əla - ən yüksək mərhələ

*[6] təvafüq – bir-birinə uyğun gəlmə, müvafiq olma

*[7] üqul - ağıllar

*[8] kütahbinanə - dar görüşlü

*[9] tənəffür – nifrət