Məqalələr

MÖVCİBİ-HEYRƏT

Bu bəndimi yuxarıda yazdığım ünvan ilə sərlövhələndirməyim cərideyi-“İrşad”ın intişarında eşitdiyim müxtəlif fikirlərdən naşidir. Hənuz cərideyi-“İrşad” aləmi-intibaə qədəm basmamış şəhərdə bəzi əcib və qərib fikirlər dövran ediyorlardı ki, guya “İrşad” zühur edir isə şəhərimizə nifaq, ikitərəlik düşəcəkdir. Həmin fikir sahibləri öz səhvlərini buna məbniyi-isbat ediyordular ki, bir yerdə, bir şəhərdə iki qəzetə olur isə, bir məmləkətdə iki hökmdari-mütləq olduğu kimi şiqaq*[1] və nifaq büruz edəcəkdir. Nə kəsif təsəvvür, nə vəxim fikr! Qəzetənin mütəəddid*[2] olmağındanmı nifaq çıxar?!.

Doğrudur, qəzetlər arasında hər bir vaxt, hər bir zaman mübahisə, mücadilə, mübarizə olur, lakin bu bəhs, bu cidal, xəncər vəı tapanca davası olmayıb müsadimeyi-əfkar, mübarizeyi-təsəvvürdən ibarətdir və bu toqquşma və vuruçma qəbih olmayıb, bəlkə ən gözəl və ən müstəhsən mübarizə təriqidir. Müsadimeyi-əfkardan bariqeyi-həqiqət çıxartmışlar! Qəzetənin tədadına sədd qoyan əşxaslar ya gərək mənfəətdən xali bilsinlər və yainki yetmiş min müsəlman əhalisi olan bir şəhərdə iki deyil, onlarca qəzetə nəşrinə himmət eləsinlər.

Əcəba, nə üçün gərək qəzetə çox olduqca nifaq artsın, bərəks olaraq cəraid*[3] və ruznamələrin çoxluğu həsbi ilə ittifaq, ittihad artıb, insaniyyət, həqaniyyət, mədəniyyət tərəqqi etməlidir. Buna intibaatı çox olan millətlərin halı şahidi aşkardır.

Şəhərimizdə bir qəzetə nəşr edilərkən millətimizə “Həyat” bağışlandı. Həyat olandan sonra irşad lazımeyi-mədəniyyət olduğundan “İrşad”ın zühuru mətlubi-təbii olmazmı?

Fikrimcə “Həyat” ilə “İrşad” sütunlarında yekdigərinə intiqad bəndləri yazılır isə, həriflər budur əlaimi-nifaq*[4] - deyə çıxaracaqlar. Lakin xeyr! Bu tənqidlər hərgiz qəbih, ədavətəngiz olmayıb, bəlkə həqiqəti faş etməyə bir asan yol, bir müstəqim caddədir.

Ey həyatçılar! Vəli irşadçı hər kəsdə nə nəqs, nə eyb var isə ona ayni faş edin, tainki o eybdən, o nəqsdən mübərra olsunlar. Millətin ehtiyaclarını, fərdlərini nəzəri-tənqiddən keçirib ona ayna olun. İntiqaddan əl çəkməyiniz, çünki tənqidsiz heç bir sənət, heç bir hirfət*[5] tərəqqi etməmişlər. Göstərin ki, müsadimeyi-əfkardan nifaq, fəsad deyil, həqiqət, saədət və tərəqqi çıxar!

M.Ə.R-zadə
“İrşad”, № 18, 9 yanvar 1906

*[1] şiqaq – iki hissə

*[2] mütəəddid – çox saylı

*[3] cəraid – qəzetlər

*[4] əlaimi-nifaq – nifaq əlamətləri

*[5] hirfət – peşə