Məqalələr

KOOPERATİV CƏMİYYƏTLƏRİ

“Tərəqqi” felyeton şəkli ilə şərh və bəst verəcəyimiz bu məqaləmiz bir-iki dəfə fəhlələrə xütbə olaraq oxunmuş və fəhlələrin xahiş və arzularına görə iləridə yenə də oxunacaqdır.

Məsələnin bu gün bütün Rusiyada, o cümlədən Bakıda artıq rəvacda olub fəhlə qismini, fəhlə orqanizasiyalarını məşğul etdiyindən, məlumdur ki, bizim müsəlman fəhlələri də gərək ki, bu barədə bilik və məlumat sahibi olsunlar. əvvəla leksiyaya fəhlələrin hamısına qulaq asmaq mümkün olmadığından və saniyən bu tövr şeylərə alışmayıb lazımı məlumatı birinci dəfə eşitməklə kəmalınca dərk etmək təbii bir yolda olaraq, mümkün ola bilmədiyindən, biz o leksiyamızı çap etmək istəyiriz. Tainki fəhlələrimizin savadlıları və fəhlə deyilsələr də cavanlarımızdan cəmaət və cəmiyyət işlərinə həvəskar olanları lazımeyi-məvaddi buradan əxz edə bilsinlər.

MÜQƏDDİMƏ

“Kooperativ” rus sözü deyil, əcnəbi bir ləfzdir. İki sözdən tərkiblənir “kooperasiya” və “koo” sözlərindən “operasiya” – “icra” demək olub, “koo”da fars “həm” ilə müvafiq gəlir ki, bu vəchlə “kooperasiya”ya türkcə “bir yerdə icra etmək”, yaxud “əlbirliklə işləmək” mənası vermək və mənanı ifadə edəcək ərəbcə, farsca bir istilah axtarmaq mümkün olursa da biz onu etmədik. Nəzərimizcə buna artıq ehtiyac yoxdur. Çünki o istilah da belə əhalini andırmayacaq bir halda olmayacaqmı? Öylə isə niyə artıq zəhmət çəkilib bihudə vaxt sərf olunsun. Bundan belə bu qism istilahlara ehtiyac artıq olacaq və ən gözəli də odur ki, Yevropada işləndiyi kimi əlahidə öz dilimizə daxil edək, necə ki, ruslar və bir dərəcəyədək türklər ediyorlar. Mən əminəm ki, qanuni-əsasinin təhti himayəsində vüsət tapan osmanlı ədəbiyyatı işlənməyə məcbur olacağı bir çox siyasi, iqtisadi və ictimai istilahları Yevropada beynəlmiləl bir istemala müvəffəq olan surətlər ilə işlədəcəkdə “ictimaiyyət” deyil, “sosializm”, “iştirakiyyət” deyil, “kommunizm” istemal edəcəkdir.

Istemalının yevropacasına eyni qəbul edəcəyimiz sözlərdən biri də “kooperativ” sözüdür.

“KOOPERATİV” NƏDİR?

“Kooperasyon” – bir iş üstündə, köməklə, əlbirliklə, yoldaşlıqla görülən səyə və edilən zəhmətə deyilir.

Ağır bir dəyirman daşını bir nəfər, iki nəfər, üç nəfərlə də qalxızmaq mümkün deyil, yainki nataraz par qazanını 4-5 fəhlə arabaya mindirə bilməz. Bundan ötrü lazımdır ki, bir xeyli adamlar əl-ələ versinlər. Köməkləçsinlər ki, ta bu ağır iş görülsün, dəyirman daşı götürülsün, par qazanı da arabaya mindirilsin.

Indi şəriklik ilə görülən böylə bir ağır işin görülməsinə kooperasyon deyirlər.

Lap müxtəsər və açıq deyək: üç nəfər fəhlə köməklik edib birlikdə bir ağır daşı yerindən aldılar.

Burada nə oldu? Burada “kooperasyon”, yaxud “kooperativ” əmələ gəldi.

Bəli, “kooperatsiya” deyilən söz insanların biri-birinə kömək edərək birlikdə gördükləri işə deyirlər. Iş ancaq insanların kooperativlərinə, yaxud birlikdə işlədiklərinə cəhət mənfəətli olur, xeyir verib bir çox insanların bir yerdə məhəbbətlə gördükləri işləri ayrı-ayrı insanların hissəsini, payını artırmaqla bərabər zəhmətlərini də azaldır. Nə qədər insanlar zəhmətlərini öz aralarında bölüşüb yoldaşlıqda işləsələr, bir o qədər tərəqqi artar, insanlar irəli gedərlər. Bizim, yəni insanların dərəcə-dərəcə qalxıb bu hala gələn dolanacaqlarına bir nəzər edilsin. Heyəti-ictimaiyyənin dəyişməsinə diqqət verilsin: bütün dirilikləri ancaq ovçülüğa bağlı olan cəmaətlərşərikli olub birlikdə zəhmət çəkməyə möhtac deyildirlər. Afrikanın qara vəhşiləri hər kəs öz başını saxlayan kimidir. Çünki çoxdan heyvanları tutuböldürüb yemək üçün artıq bir kömək lazım deyildir. Köməksiz də dolanmaq mümkün olur.

Ovçuluq ilə məşğul olan taifələrin külfətləri və şəxsləri ümumi kömək olmasa da keçinə bilirlər. Lakin heyvandarlıq və əkinçilik ilə məşğul olan taifələr zəhmət bölgüsü olmamış iş görə bilməzlər.

Bir sürü qoyunu olan bir kəndçi hərgiz bacarmaz ki, ona lazım olan işlərin hamısını özü aparsın. əkini, buğdanı əkib göyərdib çörək halına gətirənə kimi bir xeyli insanların köməyinə möhtacdır. Yoxsa heç vəch ilə onun əkinçiliyindən gözlənən fayda hasil olmaz.

Insanların tərəqqisi bu sayaq ilə gəlmişdir. əvvəldə olan insanlar bu gün əsrimizdə mədəniyyət asarının bugünkü alət və karastıların heç birindən xəbərləri olmamışdır. Əvvəlcə insanlar vəhşilər kimi dənizdən balıq, çöldən heyvanat tutub yeməklə dolanıb, sonralar sürü saxlamaq, əkinşilik etmək kimi sənətlərə keçmişlər. Insanların tərəqqisi əkinçiliyə keçməklə bərabər onların mədəniyyətləri, yəni kənd, şəhər bina edib oturaq olduqları da başlanılır. Bu vaxtdan kənd və əkinəcək karastılarına ehtiyac görünür. Dəmirçi, xarrat, səbət toxuyan və qeyri bu kimi insanlara (ustalara) meydan açılır.

Bu sənətkarlar cəmaətə lazım olan işlərinin bir hissəsini deməli üstlərinə götürürlər. Və bu zəhmətlərinin əvəzində əkinçilikdə hasil olan mətaın bir hissəsini atırlar. Zəhmət bölgüsü əmələ gəlir. Bir çox insanlar ümumi olan bir işdə bərabərlikdə işləməyə başlayırlar.

Aralıq qərinələrdə (Qryunderstvo*[1]) iqtisad dairəsi genişlənir. İnsanların tərəqqisi çoxlaşır. Adamların zəhmət şərikləri böyüyür. Sənətkarlar şəhərlərə yığışıb, ziraətkarlar da kəndlərə çəkilirlər.

Ziraət işi vüsətlənib şəhərləri əhatə ediyor, aralığa alır və onları özündə hasilə gətirdiyi müxtəlif mətalar ilə doldurmağa başlıyor. Kənd ilə şəhər arasında mübadilə məələ gəlir. Şəhərlərin öz aralarında isə madədkarda mübadilə çox çətinliklə əmələ gəliyor. Çünki rahət və qorxusuz yollar olmadığından alış-verişçilər buradan-oraya getməyə qorxurlar, mümkün edə bilmiyorlar. Çox çətinlik və dəhşət ilə ipək və qeyri bahalı malları tacirlər bu şəhərdən o birinə aparmağa başlıyorlar.

Bu surətdə biz görürük ki, tərəqqi, zəhmət bölgsüü, insanların bir yerdə köməklə işlədikləri və mədəniyyət biri-birinə yoldaşdırlar.

Axırən Yevropada böyük inqilab əmələ gəliyor.

18-ci qərinə axırında par maşinası ixtira olunur. Iştə indiki dünyanın təşəkkülünün də əvvəli aradan götürülür. Maşına olmayana kimi sənətkarlar mətai ayrı şərti-şürut ilə hazırlıyordular.

O zaman hər bir sənətkar sifariş üzrə nə buyrulursa, kimə xoş gəlirsə, öylə də hazırlıyordu. Özü də bir o qədər böyük “kooperasiya”ya, yəni zəhmət şərikliyinə möhtac deyildi.

Maşın isə özgə şeydir. Maşın artıq hazırlıyor. O qədər hazırlıyor ki, bir şəhər və onun ətrafında olan ehtiyacı ötüb keçir. Bundan ötrü sərmayədar məcbur olur ki, mətaını yeritmək üçün uzaq yerlərdə bazar tapsın.

Irəli sənətkar necə ki, dedik sifarişə görə hazırlıyor idi. Sifariş olmasa da hazırladığı şeylərin rəvac olacağına inanır idi. Fabrikaçı isə böylə deyil. Fabrikaçının imkanı olduğundan maşın vasitəsilə müdam işləyib məta hazırlıyor. Mətai hazırlıyor da satılacağını heç bilmiyor. Buna görə də ona lazımdır ki, ticarət azad olsun, yollar rahat olsun, insanların biri-birilə rəftarı və əşyanın hüsulu asan vəchə düşsün, tainki maşınlarını işlətmək üçün məta və fəhlə tapa bilsin. Ona gərəkdir ki, hər yerdə müəyyən bir qanun mühafizəsi görsün. Ona gərəkdir ki, hər bir yeri yaxşı öyrənib bilsin; məlumatlı olsun, hər yanda, hər tərəfdə nizam, qanun ona kömək olsun.

Insanların səfləri, zəhmətləri ayrı-ayrı əyalətdən keçib milli şəklə düşür. Yəni ümum cəmaət ümum dövlətin olur.

Buradan da ötüb beynəlmiləllik şəklini alır. Burasına isbat istərsiniz: millətlər və dövlətlər arasında bağlanan müqavilənamələr və ittifaqlara baxa bilərsiniz. Bütün dünya əhalisinin bəzilərinin mənfəətləri (interesləri) birləşir. Bunu bilmək üçün ancaq bir neçə dəqiqə qeyri fikir və xəyallardan ayrılıb insan öz güzəranına diqqət edərsə, həqiqəti-hal məlum olar. Fikir aləmində bir ana özünüzə baxın, görün ki, siz aləmyanə necə bir surətdə borclusunuz. Görün bir ki, necə sizin varlığınız bütün aləmin varlığına bağlıdır. Bir baxın ki, əyninizə geydiyiniz kətan köynək haradan hasil olmuş, Amerikada göyərdiyini düşünürsünüzmü? Bu kətan Yevropaya ingilis fəhlələri tərəfindən gətirilib, Fransa fəhlələri tərəfindən toxunmuşdur. Ayağınızdakı çəkmələr rus öküzünün dəriləridir. Qışda geydiyiniz kürk türkmən qoyununun arxasından alınmışdır. Çikaqodan gətirilən yağ ilə Almaniyadan gələn kartoşka qızardırlar. Berlin farforunda içdiyiniz çay, xətadan gəlmiş böylə bir həvəslə özünüzü zəhərlədiyiniz, artıq damaxla dartdığınız tənbəki osmanlıdan alınmışdır. Hərdən bir təfənnün*[2] üçün içdiyiniz qəhvə Ərəbistanda hüsula gəlir. Xülaseyi-kəlam, bütün aləm, tamam dünya siz üçün işliyor, siz də bütün aləm üçün zəhmət çəkirsiniz. Özgə zəhmətlərinin meyvələri hər bir tərəfdən axıb siz üçün gəlir. Sizin də səylərinizin əsəri özgələr üçün aparılır. İnsanlar köməkləşir və tərəqqiləri də köməkləşilmədədir. Bu köməkləşmək olmasa idi, insanların tərəqqi və mədəniyyətləri də olmazdı. Mədəniyyət ancaq orada ola bilər ki, orada zəhmət bölgüsü olsun. Bu, köməkləşmə ilə zəhmət çəkməyin ölçüsü xudmədəniyyət və tərəqqinin ölçüsüdür. İnsanların arasında zəhmət bölgüsü və birlikdə zəhmət çəkmək nə dərəcə vüsətli isə o dərəcə də tərəqqi və mədəniyyətləri vüsətlidir!..

İndiki dövrü-sərmayənin iştə elə yaxşı tərəfi odur ki, o insanları bir-birinə bağlıyor, zəhməti onların arasında elə bölür ki, biri hamısına, hamısı birinə bağlı olubda yekdigərləri üçün işləməkdədirlər. İnsanlar biri hamı üçün, hamısı biri üçün işliyor. Əlbirliklə dünyanı dolandırırlar. Təklikdə hərəkət verilməsi müşkül və namümkün olan dünya imran və emarını (sivlizasiyanı) “kooperasiya” ilə iləri aparıyorlar.

Bu surətlə bir az diqqət verəndə aşkar görünür ki, dünyanın bu varlığı böyük bir kooperativdən ibarətdir.

Dünya böyük bir kooperativdir!

İnsanları bu dərəcə biri-birinə rəbt edən tərəqqini bu əndazə sevən və icbari edən sərmayədarlığın qəsdi nə olduğunu da bir ləhzə düşünməlidir. Maşınlar ixtirai fikrinə düşüb bu qədər təlaş və səy ilə mal hazırlayan fabrikaçıların, sərmayədarların əcəba hazırladıqları mal, gördükləri tədbirlər cəmaətin ehtiyacı üçündürmü?!.

Əcəba malüt-ticarəsinin işə vermək və bu qəsd ilə - Krupptopları ilə olsa da gedib Asiyanın künc bucaqlarında müstəmləkələr ələ salıb, orada olan əhaliyə birə on qiymətinə mal satan Yevropa sərmayədarı asiyalının qumaş paltar geyinməsi fikrindəmidir? Çəkmə hazırlayan fabrlkanın qəsdi insanların ayaqyalın gəzməməsidirmi? Xeyr, bu deyil!

Müxtəlif rəng və şəkildə olan zərif ayaqqabılarını sərgisinə düzən mağazaçı qapısında ayaqyalın durub həsrətlə ah çəkən biçarəni görmüyormu? Anbarları, dükanları, mağazaları isti paltar ilə dolu olanlar soyuqdan ölənlər barəsində eşitmiyorlarmı? Qism-qism ləziz təamlar, müxtəlif xörəklər, içkilər hazərlayıb satan ağalar bir çox fəlakətzadələrin quru çörək belə tapmayıb acından ölməklərini eşitməmişlərmi?..

Əlbətdəki bilirlər, əlbət ki, bu ehtiyacların hamını bilib, hamısını görür, hamısı barəsində məlumat alırlar. Bunların hamısını bilə-bilə, görə-görə, ehtiyacı rəf etmyorlar, etməzlər də. Çünki onların açdıqları işlərdə, gördükləri ticarətdə qəsdləri əhalinin ehtiyacını rəf etmək deyil, özlərinin alacağı mənfəətləridir. Əhali qəhəti-ğəlayə*[3] düçar olub qırıldığı bir zamanda möhtəkirlərin buğdanı anbarlarda saxlayıb qiymətini artırması müsəlmanların hamısına bəllidir. Bəli, hər bir sərmayədar öz pulunu bir işə qoymamışdan əvvəl təsəvvür və fikr ediyor ki, görən bu iş ona nə qədər mənfəət verər. Və qoyduğu pula nə qədər faiz götürər. Hərgah təsəvvüründə görə ki, o işdən ona az mənfəət gələcəkdir, o halda cəmaət o işə nə qədər möhtac olursa da olsun, onu buraxıb başqa idarə başlayacaqdər, yoxsa pulları sandığa qoyub üstündə oturmağı daha da əfsəl hesab edəcəkdir.

Qoy bizim iqtisaddan, sərmayədarlıqdan ülumi müxtəlifədən xəbəri olmayan dövlətlilərimiz desinlər ki, onlar fabrikalarını, zavodlarını, ticarətlərini millət üçün açmışlar, “millət papirosu”u qayırırlar, “millət kətanı” toxuyurlar, millət üçün bu işi, yainki digər ticarəti görüyorlar. Onlar bu sözlərlə ancaq özləri kimi üsuli-iqtisaddan sərmayədarlığın əsasından və içində yaçadığımız əsrin nəliyindən xəbərsiz olan avam əhalini aldada bilərlər. Qəsdləri olan mənfəəti çox almaq üçün məhsulatlarını satmağa milləti inhisara alarlar da, bu yol ilə qeyri sərmayədarlar ilə rəqabət edib, millət cibinin zərərinə olaraq, öz ciblərini doldurarlar. Əsri təməddünün təcrübəsi, iqtisad elminin kəşfi isə diyor ki, ticarət və sinaət milliyyət bilməz, özünün hüsula gəlməsi ilə heç bir kəsin, heç bir firqə və ya millətin ehtiyacına deyil, hüsuli üçün sərmayə qoyan şəxsin mənfəətinə xidmət edər.

Bir millətin ticarət və sinaəti ancaq elm və təcrübə ilə göstərilən yollar ilə getdiyində tərəqqi edəcək, irəliləyəcək olduğundan bizim təklifimiz odur ki, müsəlman satıcı və alıcıları iqtisad elminə namüvafiq olan “millət malı” sözündən vaz keçibdə, özləri, daha doğrusu, “millət”lərini aldatmasınlar. Çünki “millət malı” deyilən şey yoxdur. Ancaq “mənfəət malı” vardır.

Xülasə dünyada edilən hər ticarət, qurulan hər bir kargah, açılan hər bir mağaza rəfi-ehtiyac üçün deyil, cəlbi-mənafe üçündür.

Cəlbi-mənafe üçün zavodlar, fabrikalar və qeyri məhsulat hazırlatdıran sərmayədarlar, tutduqları qəsdlərindən naşi müştəri fikrinə düşürlər. Bu fikrə düşərək hər qism tədbirlərə əl atırlar.

Maşına vasitəsilə ölçüsüz və qədərsiz hasilə gətirdiyi malını işə vermək və başqa onunla bərabər mənfəət axtaran rəqiblərinə üstün gəlmək üçün: sərmayədarlar bazar axtarıb müştəri dalınca gəzməyə başlıyorlar. Bir ayrı söz ilə alıcı ovuna çıxırlar.

Məlum işdir ki, sərmayədar özlüyündə, bütün məmləkətə, bütün dünyaya paylayacağı malına özü müştəri tapmaq imkanından məhrumdur. Bu hərgiz mümkün olan şey deyildir. Odur ki, özgə adamların köməyinə ehtiyac zühur ediyor.

Iştə vasitəçi də buradan nəşət ediyor ki, çüəllimi-kəbir Marksın dediyi üzrə, cəmaət işlərinin hər cəhətində olursa-olsun, mənfəətin şir payısı da ona çatır.

Lakin nə tövr olmuş olsa da vasitəkarlar indiki halda lazımdırlar. Çünki onlar sərmayədarın mətaına rəvac verdirməyə müstəqiddirlər. Mətaın harada yaxşı satıla biləcəyini bilməklə bərabər bu adamlarda müəyyən bir nəqd vardır ki, onun səbəbi ilə mümkün edə bilirlər ki, fabrikaçılardan çox qədərdə məta alıb aparsınlar, müxtəlif yerlərdə bazarlar tapıb onları işə versinlər. Bu surətlə tacirlərə, dəllarlara ehtiyac gəliyor ki, bunlar da artıq hiylələr işə verməyə başlıyorlar. “OPT”*[4] ilə mal alıb satan tacir də fabrikaçı kimi öz mənfəətinə çalışıyor. O da öz cibini özünə mühərrik*[5] qərar vermişdir. Bu cəhətdən satmaq qəsdi ilə aldığı mətaın üstünə bir qədər də (optçi) tacir əlavə ediyor. Bu da məlumdur ki, optçunun, başqa sözlə “partiyaçının” müştəriləri xırda füruşlardır ki, bunlar da öz mənfəətlərini malüt-ticarənin üstünə gələndən sonra başqa bir müştəriyə satırlar və bu surətlə fabrikadan çıxmış mətaın hər bir fərd əhali əlinə gəlincəyədək əldən-ələ keçdiyi münasibəti ilə qiyməti də üst-üstə olaraq heyrətli bir dərəcədə böyüyür. Fabrikada işləyən bir nəfər fəhlənin əlindən çıxdığı mətaın qiyməti - əvvəlisi, bir çox təsadüflərdə, yenə də haman fəhlənin öz əlinə gəlincəyə qədər dəfələrlə artıq. Bir çəkmə fabrikasının fəhləsi, deyək ki, gündə bir manat müqabilinə hazırladığı 3-4 ədəd çəkmənin, zərurət vaxtında mağazaya gedib, birini 5 manata almağa məcburdur. Doğrudan da gündə 5 yüz min çəkmə hazırlayan fabrikaçı hər çəkmədən o qədər mənfəət götürmüyor, nə qədər ki, ildə ancaq min ədəd çəkmə sata bilən xırda füruş mağazası istiyor. Qiymət diyirlənən qar qumbarası kimi artır, Məta müştəriyə uzaq olduğu dərəcə də bahalaşır.

Bazari-füruşa çıxan mətaın qiyməti bir əldən o biri ələ keçdikcə artır. əvvəlinci 1 faiz (prosent), ikincici 5 faiz, üçüncüsü 10 faiz, xırda füruş*[6] isə hədsiz olan mağazalar və məhdud olan müştərilərdən naşi azı gərək 20 faiz artırsın ki, ta “gözü bir şey görsün”. Bu surətlə məta işə vermək üçün tacir, dəlla, dükançı, xırda füruş və qeyri müxtəlif adlarla böyük bir vasitəkarlar silki əmələ gəliyor ki, bunları və bunların ailəsini saxlayıb dolandırmaq, bunların vasitəsilə özünə lazım olan məta alıb öşlədənlərin öhdəsinə düşüyor. Məsələn: Fransada hesab olunub ki, hər bir 9 adama bir nəfər satıcı vardır. Bu 9 adam il başına kimi işlətdiyi mətalarda görün nə qədər adi qiymətdən artıq faiz gərək verə ki, bir adamın illik maaşını təmin eləsin. Halon ki, vasitəkarlar yalqız bir maaş ilə deyil, bəzək və rövnəq dəxi axtarıyorlar? Hədd və dərəcəni keçən bu rəqabət ucundan bahalanan qiymətlər özünə cürbəcür inhisar və dəllal hiylələrindən gələn izafi xərcləri də əlavə etsəniz, təsvir daha da vazeh*[7] olar!

Burada professor Gedin vasitəkarəni-ticarət olan alış-verişçilərə dediyi, irad etdiyi sualı biz də təkrar ediyoruz.

Professor Ged diyor ki, qabaqda kəndistan yerlərində vaqe olan yanğını söndürmək üçün çəllək saxlanırdı ki, yanğı vaxtında su olan yerdən bu çəlləklərdə su götürülüb əldən-ələ ötürülərək yanğının üstünə tökülməklə atəşi söndürməyə çalışınılırdı. Məlumdur ki, yerindən alınıb yanğı yerinə gəlincəyə qədər çəlləkdə olan suyun əvvəlki miqdarından çahar yegidə qalmıyordu. Çünki əldən-ələ ötürüldükdə tökülüb dağılırdı. Sonra sənayein qayət namüvafiq olan çəlləkləri nasos turbası əvəz etdi ki, suyu vasitəsiz olaraq yerindən alıb bir baş yanğı olan məhlə vurmaqla məramına çatıb odu söndürməklə bir çox zərərlərdən əhalinin xilas etməyə müvəffəq oldu.

Indi olmazmı ki, çəlləklərə oxşar bir sələseyi-vasitəkaran təşkil edən bu alış-verişçiləri öylə bir şeyə dəyişmək ki, onun vasitəsilə məhl xüsulundan çıxan məta vasitəsiz olaraq bir baş möhtaci olan müştərinin əlinə keçsində, daha bir bu qədər nahaq xərclər olunmasın?..

Əsrimizdə olan məhsulat qayət bir nizamsızlığa əmələ gəlib və müştərinin xahişinə müvafiq deyil.

İndiki məhsuldarlar öz hazırladığı şeyləri xoş oldu, naxoş oldu bir özgəsinə gərək yeritsin. Çünki özündə saxlaya bilməz. Bu üsulda mətai işlədən və onun müştərisi olanlar tərəfindən deyil, məta hazırlayıb və satan sərmayədarın tərəfindən təqviyə olunub, saxlanılır. Bu üsul guya haman ondan ötrü əmələ gəlmişdir ki, insanları nə qədər mümkünsə artıq pul və vaxt sərf etməyə, özü də mənasız və bihudə bir yerə sərf etməyə məcbur etsin.

Bu günə üsuli-məhsulatın nöqsani, ədəd və hesabi saysız olan dükanlardan belə aşkardır. Çox da böyük olmayan şəhərlərin küçələrindən belə keçsəniz qatar ilə açılmış dükanlar görəcəksiniz ki, hamısı bir qism məta yığıb müştəri gözləyirlər.

Qoltuq füruşluq və xırda füruşluq sənətinə çox adamlar o vaxt girişirlər ki, qeyri-işlərdən əlləri çıxmış, artıq bir sənət və ya məsulıyyətli bir iş görməyə istedad və səlahiyyətlərini itirmişlərdir. Bir çoxlarına, ələlxüsus bizim müsəlman baqqal və qeyri dükançılarımıza asan və mənfəətli görünür ki, bir qədər mal alıb qabağına düzüb dəxil dalında otura da, müştəri gözləyə, xırda füruşluq edənlərdən və dükançılardan bir çox xüsusi sənətlərdən qalmış olan insanları görmək mümkündür ki, bunu şəhər idarəsi tərəfindən məmur olduğum bir vəzifənin icraçı əsnasında özüm təcrübədən daha çıxartdım. Şəhərdə olan bütün “bekar”ları təhqiqə məmur olduğum da lazım olan məlumatdan əlavə alış-verişçilərlə əhvallarına dair başqa söhbətlər edib məlumat almağa həvəslənərdim. Iştə bir çoxlarının bu təhqiqat nəticəsi bir vergi və yaxud başqa bir xərc olacağı ehtiyatı üzrə əhvalının fəlakətli olduğunu bildirməklə “gözlənilən” xərci əsgiltmək, daha belə bəyan halda bulunduqlarında əksəriyyətlə: “Əlimiz hər bir şeydən çıxdı, indi də bununla baş saxlamaq istəyirik”, “nə edək, bizim ki, indi buna qalıb əlimizdən bir şey ki, gəlmiyor”, “böyük bir külfət yiyəsiyəm, oğurluq ki, etməyəcəyəm, bununla baş dalandıraram” kimi sözləri eşidirdim. Bunların çoxusu yeyinti şeyləri satanlardır.

Dükanların, mağazaların bilməmum vasitəkar olan alış-verişçilərin çoxluğu müştəriləri – mal işlədənləri bölüşür. Bir neçə yüz və yainki bir neçə min manatlıq şey satmaq üçün lazım gəliyor ki, ayrı mənzil kirayəsi, mağazanı qızdırmaq, işıqlandırmaq və qeyri-ləvazimata xərclər olunsun, bu dükanların hər birinin mənfəətinə gərək ki, mağazaların elədiyi bu xərclər də əlavə olunsun, hələ bundan əlavə mağazaçının ailəsinin xərci də gərək buraya artırılsın. Bütün bu xərcləri hardan almalıdır? Əlbəttə ki, gərək mətaın qiyməti üstünə gətirilsin. Bu surətlə mağazaların və dükanların çoxluğu mətaın qiymətini əhəmiyyətli bir dərəcədə artırır.

Təbiidir ki, hər bir dükançı öz qonşusu və həmnövü olan digər dükançı ilə rəqabət edəcəkdir.

İştə bu cəhətdən müştəri cəlb eləmək qəsdilə lövhələr, yazılar, rənglər və qeyri-yollar ilə mağazaları, dükanları məcla və cəlbedici bir rövnəq və səliqəyə salmağa, elanlar verməyə artıq-artıq xərclər ediyorlar ki, bunların hamısı da axırdan-axıra müştərinin cibindən gedir. Bunların da ağırlığını müştərilər çəkirlər.

Hələ bu bəs deyil. Bir nəfər dəllalı güdəndə görün ki, o dükanları qapı-qapı gəzib nələr qayırır? Baxınız ki, o nə yollar ilə mağazlara girib vəkil olduğu ticarətxanənin, yainki fabrikanın mətaını nə dillərlə tərif edib, nə üsullar ilə işə verir. Dükançının yanında oturub olmazın dillər tökür, tarixlər açır, nağıllar söyliyor, məzhəkələr danışır, axır nə tövr olsa da malını işə verir. Bu qədər ciddi-cəhd, hiylə və dəsisə ilə çalışan bu adamı kim saxlıyor, kim buna məvacib veriyor? Buna haman müştəri-malalanş. Bir tək balaca Şvetsariyada 70.000-ə kimi dəlallar vardırlar ki, 18.000-i ancaq məta işə veriyorlar. Bu dəllal qoşunu saxlamaq ildə əhaliyə 120 milyon franka tamam oluyor. Amerika Cəmahiri Müttəfiqəsində isə, xırda füruşlar orada olan “trestlər”*[8] cəhətindən az olduğuna görə - bunların ədədi bilmünasibə azdır, orada 750.000-ə kimi vardırlar. Karl Kautski deyir ki, Amerikada “trestlər” təşkil olunduqdan bəri dəlalların ədədi əsgilməkdədir.

Bunlardan əlavə tüccarlar, mağazalar, ticarətxanələr, öz aralarında rəqabətdə olduqlarından müdam fikirləri budur ki, biri-birlərindən müştəriləri alsınlar. Bu qəsd ilə də xüsusi vasitəkarlar tutulub artıq xərclər olunur. Elanlar verilir, hazır paltar satan amerikalı özünə məxsus elan yazan mühərrirləri vardır ki, ildə onlara 33.000 manat xərc edilir. Tsürix şəhərinin 150.000 əhalisi var, ancaq bir qəzetə elanına azı ildə 380.000 manat xərclənir. Bir o qədər də başqa elanlara xərc olunur. Bu 760.000 manat məbləği Tsürixdə olan 30 min ailəyə təqsim olunsa hər ailə ildə 25 manata qədər “iqtisad vergisi” verməyə məcbur oluyor.

Əsrimizin təqsimi məta üsulunun bağqa bir nöqsanı da vardır. Məlumdur ki, böyük bir rəqabət meydanından ibarət olan satqı bazarında məta artıq işə vermək və əzgələrə faiq gəlmək üçün qiymət ucuzluğu ən böyük bir rol oynayır.

Burası da bir az fikr edilsə məlum olar ki, mətaın qiyməti əskildikdə lazımdır ki, onun dəyəri, ləyaqəti və maddəsinin heysiyyəti də gərək dəyişilsin.

Iştə bu cəhətdən qəlp mal işə vermək, böyük adlar, cürbəcür təriflər ilə saxtakarlıqlar edilib və əsil və sağ mallar müqabili olaraq badal və çürük mətalar meydana qoyulur və qiymətlərinin azlığı və zahirlərinin müşabəhət*[9] ilə müştərilər aldadıləırlar.

Saxtakarlıq, qəlp mal satmaq rəvac tapıb olmazın hiyləkarlıqla rəhi-təvəssül*[10] edilir. Cürbəcür bicliklər əmələ gətirilir. Bir alış verişçi səy ediyor ki, özünün hiylə və dəsisəsi ilə öz rəqibini keçcin və bu yolda nə edilirsə hamısının zərəri axırda yenə də müştəri talesizin öhdəsinə gəlir.

Lüzumsuz xərclər və saxtakarlıqlardan başqa indiki üsuli-mübadilə və məhsulatın bir yaramaz tərəfi də məşhuri-təəbir ilə “məhsulat anarxiyası” kimi dəhşətli bir vəqəəyi-iqtisadi, icbari etdiyidir. Müştərinin xahişi ilə heç bir rabitə və əlaqəsi olmayan üsuli-məhsulat bu işini görməkdədir.

Böyük bir ədədlə hazırlanan qism-qism mətalar bazarı sındırmaq qəsdilə müdam axıb satqı meydanına qoyulur, nə qədər ki, bazar qaytarmiyorsa müdam gəliyor.

Axırda kasadlıq zühur ediyor. Görüyorsan ki, mağazalar, dükanlar, bazarlar, meydanlar bütün mala mal olub müxtəlif lövi və surətdə olan mallar tökülüb qalmışdır. İşsiz qalmış ac əhali görürsən fabrikaçıları, dükançıları artıqlığı cəhətdən zara və təngə gətirən müxtəlif mətaların, cürbəcürə şeylərin üzünə həsrətlə baxıb da heyran-heyran dolaşır, nəzərlərini qabarlaşdıran şeylərin heç birinə əl vura bilmiyor.

Bu qədər sadaladığımız maddi zərər və uyğunsuzluqlardan savayı bu üsul təqsimin mənəvi ziyanları da çoxdur.

Bundan nəşət edən rəqabət insanları bir-birinə salıyor. Daima biri-birinə salıyor. Daima biri-birini aldatmaq, biri-birinə pusqu qurmaq dərəcəsinə vardırıyor. İnsanlar biri-birlərinə rəqib kəsilirlər. Xeyirxahanlıq havası gedib yerinə nəfspərəstlik qaim oluyor.

Ümumiyyət nəzərindən gedib şəxsiyyət elani-zəfəriyyət ediyor.

Əlbət ki, bir bu qədər maddi və mənəvi zərərləri və nöqsanları icab etdirən fabrikaçılar, tacir, alış-verişçilər olmuyub əsl səbəb o üsuldadır ki, zəmani-haliyyə də hər bir ticarət və sinaətin mühərrikidir.

Illət və səbəb o iqtisadi-halətdədir ki, onun yeganə qəsdi, tənha amalı ancaq mənfəət və yenə də mənfəətdir.

Mənfəət güdmək əsası üzərində qaim olan dövri-iqtisadda məhsulatın bu şəklə düşməsi bir qanuni-iqtisaddır ki, haman o qanun hər bir sahibi-bəsirətə, hər bir tədqiq və təhqiqçiyə aşkar surətdə bəyan ediyor ki, bu əsas özü nə qədər varsa, ona məxsus olan bu nəqsanlar və onlardan hasilə gələn bu zərər və haqsızlıqlar da daim olacaqdır. Alış verişçi hərgah öz ticarətinin paydar olmasını istəyirsə görək ki, yalan və hiylə təbəssül etsin.

Cənab Bruno öz risaləsində bir xırda füruşun dilindən olaraq nəql ediyor ki, o həmişə məzkura şikayət edirmiş ki, nə qədər çalışır, nə qədər vicdanı ilə mübarizə ediyormuş ki, yalan deməsin, yenə də keçmiyormuş və böyük bir kədər ilə boynuna alıyormuş ki, o müştəriləri aldatmağa məhbur oluyor. Zatən burası bədihatdandır. Hər bir müsəlman alış-verişçisini dindirsən “yalansız iş keçməz” diyər. Hər bir ticarəti axtarsan axırda şu həqiqəti təsdiq etməlisən ki, deyər: “ki xırda alış verişçilərin davam etmələri müştərilərin allanmalarına başlıdır”.

Buraya kimi yazdığımızla biz indiki üsuli-ticarətin nə əndazədə maddi və mənəvi nöqsanlara sahib və məzhər olduğunu təsvir elədik. Füyuzati-mədəniyyənin nə tövr bir uyğunsuzluğa təqsim olduğunu mümkün olduğu bir dərəcədə bəyan qıldıq. Kooperativ-müştərilər cəmiyyətləri istiyorlar ki, bu nöqsanları rəf iləsinlər. Lakin nə tövr?

Bu suala Tatamyans cənabları atidəki surətlə gözəl və aydın bir vəchlə cavab veriyor.

- Onların xahişi budur ki, ümum cəmaətin mənafeyinə olaraq ammeyi-cəmaəti sahibkar-məhsuldar eləsinlər.

Onlar diyorlar ki, gərək məhsulat məmulata tabe olsun. Yəni məhsulat ehtiyacatdan nə artıq, nə əskik olmasın. Onların səyi bunadır ki, hər bir müştəri bu sözü deyə bilsin: “mən flan və flan şeyi flan və flan qədər də istiyoram”.

“Mən istiyoram ki, gərəyim olan şeyləri almada heç bir kəsə artıq bədə vermiyim”.

“Mən istiyoram ki, malları mənim boynuma qoymasınlar. Mən özüm nəyə möhtac olduğumu diyərəm”.

Haman ki, müştəri rəyasət və höküməti-iqtisadiyyəni öz əlinə saldı, nə istiyorsa, ehtiyacı nəyə isə onu da qayıracaq, hüsulə yetirəcəkdir. Böylə olduqda hazırlanan hər bir mətaə müştəri tapılar və vəhşiyanə və tamahkaranə bir surətdə mənfəət dalınca qaçmaqdan zühur edən kasadlıq da olmaz. Kasadlıq olmadığı halda bu gün ondan nəşət edən hadsiz-hesabsız nizamsızlıqlara da ehtiyaclara da yer qalmaz. Indiki zamanda, tacirlər, alış-verişçilər və hətta fabrıkaçılar tərəfindən işə verilən saxtakarlıq qaldırılar.

Hörmətli qare! Diyorsan ki, bunlar hamısı yaxşı, təəmmül, təfəkkür edirsən, səni bir şey dayandırır, ona təəccüb ediyorsan, diyorsan xub, bu qədər bir fəlakət və səfalətə uğramış olan biçarə müştəri nə qayıra biləcəkdir? Bu qədər tox bir sərmayə sahibi olan iqtisad ağaları ilə nizamsızlıqla nə tövr mübarizə edəcəkdir! Bir qarın çörəyi güc ilə tapan, məişətini darlıqla keçirən adam göstərdiyin məqsədə hansı məbləğlə çata biləcəkdir. Hansı sərmayə ilə işə girəcəkdir?

Əvət əzizim qare, mülahizələrin qayətdə təbiidir. Fəqət bir az səbr eləsən səni həvəsləndirən suala cavab alarsan. Mən sənin üçün “Roçdel pişrovlarının” tarixini nəql edərəm ki, o nəql səni bu əndazədə bir təşviş və təfkirə salan suallara cavab verər.

O halda əzizim qare, sən görərsən ki, bundan ötrü artıq bir qüvvət flan lazım deyil, ancaq dərrakəıli bir kardanlıqdan başqa özgə şey lazım deyil. Pul ehtiyacı isə ikinci məsələlərdəndir.

Hər bir ingilis fəhləsindən kooperativlərin haradan gəldiyini xəbər alsanız o sizə çox da böyük olmayan bir fabrikalı şəhər nişan verəcəkdir ki, adı Roçdeldir. Roçdel haman o yerdir ki, orada zühur edən himmətli kooperativ pişrovlarının tutduqları bina və əsas indiki bütün kooperativ cəmiyyətlrində “Roçdel əsası” və haman bir firqə qeyrətli fəhlələrin adları timsalən “Roçdel pişrovları” deyə yad olunur.

1843-cü sənaye-miladidə bütün İngilistanı almış olan bir sinaət kəsadlığından irəli gələn üsrətə*[11] həmin bizim nişan verdiyimiz Roçdel şəhəri də giriftar olmuş idi. Fabrikaların bir çoxu bağlanıb fəhlələri küçələrdə qalmışdılar. Aclığa düçar olan Roçdel mənsucat*[12] fabrikasının əmələləri üzərlərinə bəla ilə artıq bir mübarizə edirdilər.

Lokautdan naşi olaraq minlərcə fəhlələri gələcəkdə soyuq və şiddətli bir qış gözliyordu və bilmiyordular ki, bu kimi müşkül bir haldan necə qurtarsınlar. İştə noyabr ayının soyuq gecələrindən birində bu fəlakətzədə olan fəhlələrdən bir neçə nəfəri öz yoldaşlarının mənzilində iclas edib bu məsələni müzakirə etdilər. Sailliyə*[13] getmək onların namusuna müvafiq gəlmiyordu. Özgə məmləkətlərə qaçmaq fikrinə düşdülər. Bundan da vaz keçdilər. Bir çox artıq-əskik təkliflər oldu. Heç birindən fayda görünmədi.

Bizim iclasa yığılan bu fəhlələrimiz arasında məşhur kooperator Robert Ouenin bir neçə nəfər şagirdləri vardı. Robertin fekrincə, fəhlə ona görə bədbəxtdir ki, əvvəla onun zəhmətinə az muzd verirlər və saniyən fəhlə aldığı maehtiyaca: xörəyə, çörəyə və geyməyə artıq pul verir. Bu da ona görədir ki, şu məhsulatı vasitəçilərdən alıyorlar. Əgər fəhlələr özləri məhsulat cəmiyyətləri təşkil etsələr özləri “işlədənləri “cəmiyyəti-potrebitelni obşestvalar” qayırsalar gərəkləri olan şeyləri vasitəsiz olaraq məhsula gətirənlərin özlərindən alsalar, o halda hər bir kasadlığa, ehtiyaca və qeyrilərinə intiha qoyular”.

İştə böyük Robertin bu sözləri onun şagirdlərinin xatirinə gəldi. Onlar öz müəllimlərinin öyrətdiyi həqiqəti ortalığa saldılar – fəhlələrə kooperativ cəmiyyətləri qayırmağı təklif etdilər.

Bu fikir qeyri-fəhlələr tərəfindən də təsvib*[14] olundu. Bu fikirdə fəhlələrin birləşməsini və ittihadını görən fəhlələr qət etdilər ki, bir potrebitel dükanı (işlədənlər dükanı) açsınlar.

Haman burada səhmnamə (aksiyalar) hazırlanıb meydana buraxıldı, əlləri gəzməyə başladı və hamısı söz verdilər ki, nə tövr olsa boğazlarından kəssinlər, girlənsinlər, adama həftədə 8 qəpik yığsınlar. Cümlətanı 28 adam yazıldı. Bu sayaq ilə bir ildən sonra toxucular 280 manat yığdılar. Onlar istədilər ki, işə başlasınlar. Şəhərin kənar küçələrinin birində yarım-podval bir mərtəbədə 90 manata bir mənzil kirayə edib uşaqların və küçə gəzintiləri və heyvərələrinin gülməsi və töhməti altında olaraq əvvəlinci Roçdel fəhlə mağazasını açdılar. Bu vaqeə 1844-cü sənənin dekabrının 21-ndə olmuşdu. Əvvəlinci gecə dükanın şeyləri bir neçə girvəngə yağdan, buğda və darı, unundan ibarət idi. Satqı işin əvvəlində düşənbə və şənbə günləri olunurdu. Kooperatorlardan biri xəzinədar, digəri satıcı olub növbə ilə işliyordular və bu qism ilə qeyri-işlər. Potrebitellər dükanı aşağıdakı əsaslar üzərinə bina olunmuşdu:

  1. Satqı nisyə deyil nəqd olunur.
  2. Məta adətən bazar nırxına satılır. Gələn mənfəət yığılır və ilin axırında dükanın hesabına basıldıqda nə qalırsa dükanın özünü böyütməyə, maarif qəsdlərinə işlətmək və ehtiyati-sərmayəsinə hissələr ayrılandan sonra artıq qalan hissəsi müştərilərin mənfəətinə gediyor ki, onlar da bu pulu dükandan il başına kimi aldıqları malın qədərinə görə öz aralarında bölürlər.
  3. Kooperatsiyanın idarə olunması bütün üzvlərinin öhdəsində olub hamı işlərdə ictimaiyyət əsasları mülahizəyə alınıb onlara artıq diqqət verilir: “bir adamın bir də səsi var” Roçdel əsası denilən bu binalar sonralıqda bina olunan bütün kooperasiyaların özülünə qoyulmuş bünövrə daşları olmuşdurlar.
  4. Təzə başladıqları bu işə artıq himmətlə girişib fəhlənin istixlasını bununla əla mərtəbəyə aparmağı görüyor idilər. Onların məramnaməsində deyilir ki: “Cəmiyyət mədaxilinin bir hissəsini məktəblərə, qiraətxanalara və kitabxanalara sərf ediyor. – Zira mərifəti-mədəniyyət də həqiqi tərəqqini yeganə mühərrikidir”. Bu qəsd ilə də qət olunmuşdu ki, hasil olan mənfəətin 21,2 prosenti bu fikrə xərclənsin. Podvalda açdıqları dükan ilə bərabər həmən gündən etibarən bir qiraətxana dəxi hazırlandı.

Fəqir toxucular artıq-artıq xəyallara düşdülər. Onlar güman edirdilər ki, əvvəl məhsulatdan başlayıb əvvəlinci lazım olan şeyləri əmələ gətirib, sonra bütün mətaları özləri hazırlayacaqdırlar. Onlar xəyal eliyordular ki, yerlər alıb, evlər salıb imarətlər tikdirərlər. Fəhlələr daha əsarətdən xilas olarlar, işsizlər daha olmazlar. Fabrika onların olduqda artıq əməlini sui-istifadə etmək olmaz. Onların xəyalı axırda o dərəcələrə uyurdu ki, kooperativlər sayəsində onlar indiki şəxsi mənafe üzərinə vurulan övzai-iqtisadini ləğv edib, əvəzinə ümumin mənafeyi üzərinə qurulan ictimaiyyət qaideyi-iqtisadiyyəsini bərpa edərlər. Həqiqət isə göstərdi ki, bir tək kooperasiya ilə bu qəsdə hənuz çatmaq olmaz. Bundan ötrü başqa bir şərtlər dəxi lazımdır. Kooperativlər isə qəsdə çatmaq üçün müxtəlif vasitələrdən biridir.

Bu sayaq ilə Roçdel kooperativinin əsası quruldu. Binası düz qurulduğuna görə iş ağır bir yol ilə olsa da doğru bir müvəffəqiyyətə çata bildi. Pay 10 manata qərar verildi. Hər üzvün 4 paydan artıq hissə götürməyə ixtiyarı yox idi. Üzvlüyə girəndə ancaq lazım idi ki, 5 qəpik verilsin. Qalan məbləğ isə aybaay apardığı malın mənfəəti hesabından çıxılırdı.

Iş bu surətlə böyüməkdə idi. Üç aydan sonra şürayi-ümumiyyənin qərarına görə çay və tənbəki də satılmağa başlandı. Iki ildən sonra isə aə də satılmağa başlandı. Üzvlərin hesabı get-gedə artırdı. Bir bulkaçı dəstgahı dəxi açıldı.

1850-ci ildə Roçdellilər öz potrebitel cəmiyyətləri cuvarında bir də kooperativ dəyirmanı bina etdilər. əvvəl xırda dəyirman zərər etdi və bəzi üzvlər qorxub paylarını geri aldılarsa da qeyri cürətli himməti sayəsində dayanıb axırda özünü bərkitdi. Bundan 10 il keçəndən sonra bir də toxucu kargahı açdılar.

Bir az sonra cəmiyyət üzvləri üçün oturacaq evlər tikilməyə başladı ki, bunlar “yemək ilə tikilən evlərdir”. Bu qəsd ilə hər il hal-hazırda 13.000 manat təxsis olundu. Cəmiyyət evlər bina ediyor, üzvləri də adi kirayə ilə əyləşirlər və 15-20 ildən sonra evlərə edilən bütün xərclər çıxır. Qabaqki, dükanın əvəzinə, şəhərin ən mərkəzi küçələrindən birində 140.000 manata dəyən ali bir mərkəzi imarət və şəhərin müxtəlif güşələrində 24-ə kimi mütəədid*[15] şöbələr yapılmışdır. Cəmiyytədə bir silsilə pensiya kassası, üzvlərin söğortası (straxovoyu), məktəblər və qeyri müəssisələr qayrılmışdılar. Kooperativ gündən-günə böyüyürdü. Bir ovuc, ədədləri 28-ə çatan fəhlələr indi 13.000 nəfərli bir orqanizasiyaya dönmüşlər ki, 128 manat əvəzinə əlan 2.200.000 manat sərmayələri vardır ki, bundan ildə 320.000 manat mənfəət götürüyorlar. Böyük mağaza və skladlarından başqa cəmiyyətin müntəzəm buloçniyası, paravoydəyirmanı və parça fabrikası vardır. Maarif məqasadinə kooperativ ildə 10 min manata kimi xərc ediyor. Cəmiyyətin özünün məktəbi vardır ki, orada 75 nəfər şagird dərs oxuyurlar. Kurslar, leksiyalar qiraətlər və qeyri bu kimi şeylər bina olunur. Kooperativin mərkəzi imarətində 18.000 kitabı olan kitabxana və böyük bir qiraət zalı vardır. Bundan əlavə 19 ədəd də kiçik oxumaq odaları vardır ki, hətta bunlarda teleskop, mikroskop və qeyri bu kimi imtahandan ötrü olan elmi və fənni alət və ədavat da hazırdır.

Cəmiyyət universitetlərdə bir çox stependiyalar açmışdır ki, öz üzvlərinə, ali məktəblərdə oxumağa imkan versin ki, burası İngiltərədə məlum olduğu vəchlə - çox ağır bahaya tamam olur.

Roçdel banilərinin qoyduqları binayi-xeyrin parlaq nəticələri böylədir. Qara məxluqun, izdihamın istehazasına, xırda dükançıların ədavət yolvuranlıqlarına baxmayaraq Roçdel fəhlələri öz işlərini apardılar. Doöru bunlar sərmayədarların istifadələrindən bilmərrə qurtarmadılar, doğru onların böyük xəyallanələri əmələ gəlmədi, lakin yenə də bir çox şeylərə nail oldular. Öz daireyi-mərifətlərini genişləndirməyə, öz maaş və xörəklərinin bilmünasibə bolluğuna müvəffəq oldular. Və hamıdan ümdəsi bu ki, nə qismilə kooperativ cəmiyyətləri gərək təşkil olunsun məsələsini hamıya bildirib bir dərs və ibrət oldular. Onların bu işləri, bu binakarlıqları fəhlə tarixinin gözəl səhifələrində yazılacaqdır. Beljik kooperatoru Bertran doğru demişdir ki, “Əvvəlinci Roçdel kooperator cəmiyyəti bina edən fəhlələrin adları layiqdir ki, nəsildən-nəslə ötürülsün, nəinki, krallar və hökmdarların adları ki, onların vücudi bir halda insaniyyətə bədbəxtliklər verərək gəlmişdir”.

Roçdel fəhlələri ingilisin əvvəlinci kooperatorları deyildirlər. Onlardan qabaqda kooperativ bina edənlər var idi. Ta 18-ci əsrin axırından başlayıb bir çox kooperativlərin İngilisdə bina olunmuş və bir az müddət ərzindən sonra batıb getmişlərdir. Bunların böyləcə müvəffəqiyyətsizliklərlə, böyləcə səbat etməmələrinə bir çox səbəblər vardı. Payların baha edilməsi, əzaların müdaxıləsizliyi, dividend almaq qəsdi ilə bina edilmələri və qeyri səbəblər bunların məhv olmalarını icab ediyordular. Bir çox kooperativlər paylarının bahalığı və əzalarının məhdudluğu ucundan axırda dönüb aksioner (səhmdaran) şirkətləri oluyordular. Çox vaxt oluyordu ki, kooperativlərin pərişan olmasına o vaxtın parlamentorları səbəb oluyordular. Hüquqca kooperativlərə imtiyazi-rəsmi verilmiyordu. əlavə çox cəmiyyətlər həlakətə gediyordular. Məhz ondan ötrü ki, alış-verişi nisyə ediyordular. Keçən əsrin əvvəlinci nəsfində bir çox istehsal kooperativləri təşkil olundu. Bir dəstə fəhlə bir yerə balaca bir məbləğ cəmləyib ku-karasti alıb masterskoylar qayırdılar və artel binası üzrə işləməyə başladılar. Bu artellər adətən davam eləyə bilmiyordular. Zatən indiki sərmayə dövrü əsrində istehsaldan başlayan kooperativlərin adətən cəzaları budur. İştə Roçdel banilərinin böyük bir xidmətləri də həmin buradadır ki, onlar əvvəlinci olaraq kooperativin düzgün bir əsası və bina üzrə qurulduğunu bilməməyini göstərib bildirdilər ki, əvəəl bazarın tərəddüdünə və rəqabətə bağlı olan istehsalat (proizvodstva) kooperativindən deyil, məlumat (potrebitel) kooperativ cəmiyyətlərdən başlamalıdır ki, hazır elədiyi mətai hər halda müəyyən olan üzvlərinə satmaqla, həmin bu cəmiyyətin yanında özünə lazım olduqca istehsal şöbələri də açmaq olar. Bunun ilə Roçdel baniləri kooperativ cəmiyyətlərini düzgün bir əsas və bina üzərinə təşkil edib, aləmə bildirdilər ki, kooperativin mümkün olduqca əzalarının müdaxiləkarlıqlarında və bütün fəhlələrin bilafərq millət, məzhəb, firqə və dərəcə kəsb olaraq bu cəmiyyətlərə qəbulundadır.

Roçdellilərin müvəffəqiyyəti onların tutduqları əsasın səlim və müvafiq olduğuna bir dəlil idi. Odur ki, bunlara təqlid edənlər meydana düşdülər.

Kooperativ dairə hərəkətini böyütdü. Bütün İngilistana yayıldı. Buna 1863-cü ildə hüquqca kooperativin rəsmiyyətlərini mümtaz edən qanunun nəşr olunması dəxi artıq kömək elədi.

Bu sayaqla İngiltərə kooperativ cəmiyyətləri ilə dolmağa başladı. Bunların artdığı və böyüdükləri nisbətlə bir yerdə mal almaq fikri dəxi bunların nəzərini də cilvələndirdi. Bunlar istiyordular ki, bir mərkəzi cəmiyyət qayırsınlar, bütün kooperativ cəmiyyətləri öz nümayəndələri vasitəsilə o cəmiyyətə daxil olub bir yerdə mətalar alsınlar. Bi fikrdən irəli hər bir kooperativ özünə lazım olan şeyləri bilrabitə özü alıyor və lazım olan məhsulatı biləlaqə özü hasil ediyor idi.

Burası məlumdur ki, bir şeyi ucuz və mənbəindən almaq üçün çoxlu surətdə almalıdır ki, bu da ancaq böyük sərmayə ilə ələ gəliyor. Hər bir kooperativ təkliyində lazım olan sərmayəyə dara olmadığı üçün mərkəzi cəmiyyətin vasitəsilə ayrı-ayrı olan xırda məbləğləri yığıb gərəkləri olan malları şəriklikdə ucuz qiymətlə alıb sonra öz aralarında bölüşüyorlar.

Iştə mərkəzi cəmiyyəti bundan ötür təşkil etmək istəyirlərdi.

Kooperativlərin dərəcə təriqi və təkamülü bünü tələb editordu. İştə ingilis kooperativlərinin ikinci dərəceyi-cərəyanı nəşət ediyor ki, bütün kooperativ cəmiyyətləri ayrı-ayrılıqda olan mütəfərriq qüvvətlərini qığıb böyük bir güc və qüvvət təşkil ediyorlar.

1864-cü sənədə ingilis, 5 ildən sonra isə Şotland mərkəzi kooperativləri bina olunmuşdur. Xırda kooperativ cəmiyyətlərinin qəsdi xırda tacirləri, dükançıları, xırda vasitəkarları rəf və dəf etmək isə, mərkəzi kooperativlərin qəsdi də böyük tacir və alış-verişçiləri dəf və rəf etməkdir. Xırda kooperativ əzaları ayrı-ayrı fəhlə-məmulatçı olduğu halda, mərkəzi kooperativin əzaları ayrı-ayrıməmulat kooperativ cəmiyyətləridir. Məmulat kooperativ cəmiyyəti hər 80 üzvünə müqabil 150 manatlıq bir pay götürüyor. Lakin əvvəlcə tək bir nəfər kooperativə üzv götürülən kimi 5 qəpik verilib, qalan pullar isə kooperativin alacağı mənfəətlərindən tədric ilə çıxılır. Mənfəətin bir hissəsi xırda kooperativlərin arasında onların apardıqları məta münasibətincə bölünür, qeyri hissəsi isə üzv olmayan qeyri-müştərilərin nəfinə derilir. Üçüncü hissəsi isə kooperativ işinin tərvicinə*[16] xərclənir. Hər kooperativ öz əzalarının miqdarı münasibətinə, müxtəlif səsə malik oluyor. Məsəla, hər 500 üzvə bir səs veriliyor. Buradan görünür ki, mərkəzi kooperativdə haman o qaidə, əsas və binalar üzərinə qurulur, necə ki, xırda kooperativlər qurulmuşdur. Yəni Roçdel əsasları üzərinə.

Mərkəzi kooperativ bütün kooperativləri müttəhid edərək qəsdini o yerə veriyor ki, alınacaq mətaları lap yerində alsın ki, olduqca ücüz düşsün. Bu qəsd ilə istər İngiltərənin özündə, istər xaric məmləkətlərdə birər şöbələr bina etdi. Hindistanda, İrlanda da süddən əmələ gələn şeyləri, Amerikada (Kanada da) Teri, Hamburq və Rotanda Almaniya və Fransa mətalarını alıyor, bir azdan sonra bir çox şeyləri bu xüsusi kargah və fabrikalarında məmul etməyə başlayır.

Indiki halda yuxarıda dediyimiz bu iki mərkəzi kooperativlərin 57-yə kimi paraxodları vardır. Seylon (Serandit) cəzirəsində özlərinə məxsus çay əkinləri, öz bankları, başmaq, paltar, konsuru və tütün, tənbəki fabrikaları, ləbəniyyatxanələri*[17] və qeyriləri vardır. Bu cəmiyyətlərin 100 milyondan yuxarı sərmayələri vardır. Onların illik daratları*[18] 262 milyon manata bəliğ oluyor.

1864-cü ildən bəri onlar bir milyard yarımlıq məta satmışlar. Bundan 30 milyon manat təmiz mənfəət almışdılar.

Indiki zamanda İngiltərədə 2.000-dən yuxarı kooperativ cəmiyyətləri vardır. Bunlarda 2 milyondan çox üzvlər vardır. Bu cəmiyyətlərin 264 milyon sərmayələri vardır. Və ildə 30 milyondan artıq xalis mənfəət götürürlər. Bütün kooperativlərin hərəkəti və iş görmələri “kooperativlər ittifaqı” deyilən bir cəmiyyət vasitəsi ilə müttəhid oluyor ki, bu cəmiyyət kooperativlərin tərvic əfkarını biri-birilə yaxın əlaqə və rabitə başlamasını təminə çalışıyor, parlaman iş görənləri “tred-yunion” – deyilən fəhlə üzviyyəti ilə görüşür. Onlar ilə kooperativlərin nəfinə və rəf ehtiyaclarına olaraq münasibətdə bulunur. İngilis kooperativləri üçün mərkəzi bir qəzetə nəşr ediyor. Bu qəzetə 50.000 nüsxədən rtıq olaraq nəşr olunur. Kooperativlər ittifaqı hər il kooperativlər syezdi dəvət ediyor.

Burayadək saydığımız misallardan İngiltərə kooperativlərinin nə dərəcə bir tərəqqi elədikləri bəyan olundu. Bunların fəhlə hərəkatında və məişətdə olan faidə və əhəmiyyətləri hədd təqdirdən belə fövqdür. Bunlar bir çox vaxt fəhlə tətillərinə də köməkdə bulunmuşlar. Məsələn, 1893-cü sənədə Cənubi Yorkşirdə tətilçilərə kömək etmək üçün kooperativ 20.000 manat, qeyri bir Yorkşir cəmiyyəti 15.000 manat, Mançester cəmiyyəti 50.000

Manat sərf etmişdir. Üzvlərinin tövsi-məlumatı uğrunda bunlar xeyli xərclər edib xeyli səylər qılmışlar. Bunların maddı tərəfdən artıq-artıq xeyir və nəfləri olmaqla bərabər bir dərəcəyədək mənəvi sayədarlıqları da olmuşdur ki, ingilis kooperativlərinin bu çağacə saydığımız müvəffəqiyyətlərinə valeh olanlara demək, bu tərəfinə də bələd olmaq gərəkdir ki, ingilis fəhlələrinin özləri kimi onlar da düçari-səhv və xəta olmasınlar. İngilis kooperativ cəmiyyətlərinin eybli cəhəti onların artıq dərəcə bir mənfəətpərəst olub dividendə hərisli olduqlarıdır. Həmin bu hirs*[19] və uymaqlıq sayəsindədir ki, ingilisdə qüvvətli bir fəhlə firqəsi hənuz da yoxdur. Dövlət idareyi-siyasisi hənuz burjualar əlində durub parlamentoda fəhlələrin artıq hüfuz və təsirləri yoxdur.

Ingilis kooperativlərindən bir çoxu öz mənfəətlərindən bəzi dəmir yol səhmdaran cəmiyyətlərinə qoyurlar ki, bu yol ilə dəmir yol idarələrində işləyən yoldaşları fəhlələri sui-istifadədə onlar özləri də şirakət ediyorlar. Özləri bu cəmiyyətləri bina etdikdə sərmayədarların istifadələrinə mübarizə olmaq üçün acıdıqları halda mənfəətə uyub özləri belə o haldan xolas olmuyorlar.

İngilis kooperativ hərəkatı bizə iki tərəfdən təlimat veriyor. Bir tərəfdən nə tövr və nə əsas ilə kooperativ bina etməlidir ki, maddi müvəffəqiyyət hasil olsun və bir tərəfdən nə səhvlər gərək olunmasın ki, fəhlələr uymuyub nöqsanati-mənəviyyəyə düçar olmasınlar. Sinfi mübarizə kölgələnməsini bnir nəzəri-ehraz ilə biliyoruz.

Iştə Beljikin kooperativ tarixi bizə göstərir ki, bu nöqsandan dəzi nə tövr qaçmaq olar.

M.Ə. Rəsulzadə
“Tərəqqi”, №№ 58, 65, 68, 77, 84, 102,
22, 30 sentyabr, 3, 16, 24, oktyabr, 14 noyabr 1908

*[1] Qryunderstvo – ehtikarlıq məqsədilə təşkil olunan şirkət

*[2] təfənnün – könül açma, əylənmə

*[3] qəhəti-ğəlayə - yoxluq, bahalıq

*[4] OPT – partiya ilə (çoxlu qədərdə) alqı və satqı üsuluna deyirlər. Xırda füruşluğa müqabil. Qeyd müəllifindir.

*[5] mühərrik – hərəkətverici qüvvə

*[6] füruş – satan

*[7] vazeh - aşkar, aydın

*[8] Trestlər – hər növ olan tüccar və ya fabrikantların bir qayda üzrə işləyib, bir dərəcəyədək rəqabəti əsgiltmək üzrə təşkil olunan ittifaqlarına deyilir. – Qeyd müəllifindir.

*[9] müşabəhət - oxşarlıq

*[10] rəhi-təvəssül – nail olma

*[11] üsrət – çətinlik

*[12] mənsucat - toxucu

*[13] sail - dilənçi

*[14] təsvib – bəyənmə

*[15] mütəədid - çoxlu

*[16] tərvic – işə salma, rəvac vermə

*[17] ləbəniyyat – süd məhsulları, ağartı

*[18] daratları – sahib olduqları

*[19] hirs - tamah