Məqalələr

TƏBRİZDƏN

Xüsusi müxbirlərimizdən

Hakim Eynüddövlə axır Təbriz əncüməni-əyalətiyə xəbər vermişdi ta ki, Tehranda darüşşura yoxdur, qanuni-əsasiyyə müvafiq rəftar edə biləcəkdir. Ona görə bir həftə bundan əvvəl məşrutəçilər öz tərəfdarlarından cənab İclalülmülkü Təbrizə hakim qərar verdilər. Bu adamın millətpərəst olduğu və tamam iki ildir fədakaranə millətə xidmət etdiyi tamam Təbriz əhlinə məlumdur. O səbəbdən məşrutəçilər qüvvəti-qəlb hasil edib, keçən həftə başladılar hər bir tərəfdən hücumavər olmağa və tez bir vaxtda xiyabanilər Pərsəngi və Şişgilan məhləsindən dövlət atlılarını çıxardıb, məhəllə əhlini təslimə götürdülər və “əmrəxiz” tərəfindən Dəvəçiyə yeriyib, Dəvəçi bazarçasını yandırdılar və imam cümə evindəki səngəri alıb, tamam bazarı ələ götürdülər.

Nəhayət, haman gün məşrutəçilərə kömək edən tüfənglilər bir yerdə qarətə məşğul olduqlarına görə və imam cümənin evini qarət edib apardıqdan sonra tazə alınan səngərlərdə tüfəngli az olduğuna səbəb məcbur oldular geri oturmağa, sabahı gün Səttarxan elan etdi qarət olan şeyləri yığsınlar və bundan sonra hər kəs dava vaxtı qarət eləsə, mücahidlər güllə ilə vuracaqlardır. Əlavə də məşrutəçilərinin geri oturmağına bir səbəb də bu oldu ki, haman gün Səttarxanın üstünə dalı tərəfdən Maku atlılarından üç yüz əhli İgbalüssəltənə atlısı şəhərə gəlmək istəyirmiş, Səttarxan bunların qabağını kəsmək üçün şəhərdən üç ağac kənardan olan Savalan kəndinə bir qədri mücahid göndərib, haman kəndin qonşu kəndlərinin mücahidləri ilə köməklikdə İqbalüssəltənə atlılarını dağıdıb, otuz nəfərini öldürüb, geri qaytarıblar. Dünən ki, yekşənbə günü idi, Eynüddövlə tamam qüvvəsini şəhərə cəm etmişdi.

Bu gecəsi dəvəçilərin əlində olan məşhur Fərzilər timgəsini ki, burada mötəbər istanbulçu və qeyrə tüccarların dükan və anbarlarıdır, Dəvəçidən on iki nəfər tüfəngli gəlib, timgəni mühafizə edən hambalları oradan kənar edib, tamam timgədə olan malı və nəqli dəvəçilər tamam daşıyıb aparıblar. Bundan savayı üç nəfər dəvəçi öz sakin tüccariyyənin dükanına əl vurmuyublar. Xülasə ehtimal olunur ki, Eynüddövlə tərəfindən izn vardır ki, bu qədər mötəbər karvansaranın malını asudəlik ilə daşıyıb aparırlar.

Və ehtimal olur ki, cənab Eynüddövlə bu malları atlılara və dəvəçilərə bığ yağı veribdir ki, qeyrət ilə dava etsinlər. Çünki dövlətin pulu yoxdur ki, pul versin.

Əlhasil, bu iş Təbriz tüccarlarına çox pis təsir etdi və Eynüddövləyə olan ümidlərini kəsdi. Dünən ki, bu əhvalat açkar oldu, zöhrdən axşamadək məşrutəçilər başladəılar hər bir tərəfdən Dəvəçinin böyük toplar ilə odlamağa, gecədən iki saət keçəndə Təbrizin başından ayağınadək 10 verst qədər uzaqlıqda olan tamam səngərlərdən dəvəçilər başladılar hücumavər olmağa. Bütün hücumları şəhərin orta tərəfində İstanbul qapısı və xiyaban bazarçısı olan məhlədən idi, tamam iki saət atışma davam etdi.

Şimdiyədək Təbrizdə bu qədər şiddətli atışma olmamışdı. Məşrutəçilərin bəzi səngərlərinə 3-4 yüz nəfər birdən hücumavər olurdular. Bunların müqabilində 5-10 nəfər məşrutəçi qəhrəmanları dayanıb 15-20 dəqiqə qədər bunların qabağını saxlayıb ta mərkəzlərdən kömək gələnədək bir səngəri buraxmamışlar. Hüququnu anlayan adam qəhrəman olarmış.

Həqiqət bu gecənin davası dövləti davalar kimi bir dava idi. Müttəsil Ərkdən, Əmrəxizdən və Xiyabandan bütün toplar atılırdı və məşrutə qəhrəmanları hücumavər olan atlıların içinə bimbalar atırdılar. Rubəru gələn düşmənə onaçılan ilə atırdılar. Ta ki, yarım saətdən sonra məşrutəçilərin köməkləri çoxalıb, başladılar atlıları geri oturtmağa, gecəyarısı hava çox atif idi və ay işığı idi, atışma sakit oldu. Əlan ki, zöhr vaxtıdır, məşrutəçilərin topları başladı Dəvəçiyə doğru atılmağa. Bu davalarının nəticəsi 3-4 günədək səmərəbəxş olar. Bəndənin təsəvvürünə görə Eynüddövlənin başındakı qoşun bu yaxın vaxtlarda başlar dağılmağa.

10 şəban, şəhəri Təbriz

M.Ə.
“Tərəqqi”, № 43, 3 sentyabr 1908

*[1] zöhr - günorta

*[2] atif – mülayim, xoş

*[3] əlan - indi