Məqalələr

NƏ BÖYÜK TƏHQİR!

“Həqiqi ruslar”ın kim olduğunu “İrşad” oxucuları arasında bilməyən yoxdur, zənn ediyoruz. Bu “adam”lardan o qədər yazılıb-oxutdurulmuşdur ki, onların məsləkləri məlum olduğu kimi görkəmli üzvləri dəxi Dubrovindən, Purişkeviçdən tutub, “rəşadət və qeyrəti” ilə məşhur olan Məhəmmədağa Şaxtaxtinskiyə kimi – hamısı tanışdır. Zatən bunları tanımayan bir nəfər rusiyalı qare tapamazsınız...

Bu axır zamanda əllərinə düşən fürsətdən istifadə edərək “həqiqi”lər nəhayət dərəcə bir şiddət ilə öz “həqiqət”lərini göstərməyə başlayırlar. Vəhşilik, dərrəndəlik*[1], insanxorluq*[2] və istibdadi-məhz olan bu “həqiqətlər” cəhənnəm fironları kimi “Rusiya ruslar üçündür” və “hökm etmək istəyirsən, ayır” əsas təəssübi-cahilanəsi fikri ilə tərtiblənən müxtəlif suallar və qanun layihələri şəklində olaraq “inorodislərin” (pravoslavniyalardan xaric olanların) başlarına yağdırılmaqdadır.

“Dəmir yollarında olan bütün qeyri milllətlər qulluqdan qovulsun”, “cəmaət idarələrində olan özgələr ixrac edilsinlər”, “Qafqaz əyaləti ruslar ilə doldurulsun” və qeyri kimi layihələrin müəllifləri olan bu şeytan fikirlilərin, bir dərəcəyədək təəccüblü olsa da qərara aldıqları bu atidə ki, qətnamələri qayətdə maraqlıdır:

“Həqiqi ruslar” axırıncı iclaslarının birində qət etmişlər ki, öz əzalıqlarına xarici millətlərdən məhəmmədiləri də qəbul eləsinlər.

Əcəba, bundan da böyük bir təhqir olurmu? Bundan da artıq təkdir olurmu ki, Purişkeviçlər özlərinə həmməslək tapmaq istəyəndə bizə ümid etsinlər?

Burası doğrudan da böyük müsəlman millətini olduqca təhqir ediyor!..

Lakin nə edərsən ki, bu təhqirə səbəb olan yenə də bizim aramızda olan “müsəlmanlar”dır, məhəmmədağalardır, Məhəmmədağa qəlibli flan ağalardır!..

Burasını “həqiqi ruslar” bilməlidir ki, onların bu qətnaməsi müsəlman cəmaətinə hərgiz təsir eləməz! Müsəlman cəmaəti əgər “çörəyi qulağına deyil, ağzına yeyirsə” bütün cəmaət idarələrindən çıxıb, “həqiqi ruslar”ın kontorunda oturmağı özünə rəva görməz!

Bu “qətnamə” ancaq o şəxsləri cəlb edər ki, çüsəlmanlar arasından təbid*[3] edilmişlər, hər yerdən qovulmuşlar, özlərinə məsləklərini, dinlərini, əqidələrini satmaq üçün bir ticarətxana axtarıyorlar!..

Böylələrini də nə qədər istiyorlarsa, qoy aparsınlar: çünki zibilin yeri zibillikdir, qarğalar gülüstanda dayanamazlar, onlara iyimiş cəmdək lazımdır!

Müsəlmanlar! Çalışın ki, aramızda olan zibilləri özümüz təmizləyək ki, böylə təhqirli qətnamələri də eşitməyək!

M.Ə.Rəsulzadə
“İrşad”, № 47, 8 aprel 1908

*[1] dərrəndəlik - yırtıcılıq

*[2] insanxor – adam yemək

*[3] təbid - uzaqlaşdırma