Məqalələr

ÖN SÖZ

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955) müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist olmuşdur.

M.Ə.Rəsulzadənin çoxcəhətli fəaliyyətini, zəngin ədəbi-siyasi irsini, elmi-nəzəri görüşlərini dərindən, obyektiv və sistemli şəkildə öyrənmədən Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə Rusiyada üç inqilab (1905-1907. 1917 fevral və oktyabr) dövrü və milli, müstəqil Azərbaycan dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixini tədqiq etmək, işıqlandırmaq mümkün olmaz.

M.Ə.Rəsulzadənin irsi, əsərləri məlum səbəblər üzündən bu vaxta kimi aranıb toplanmamış, tədqiq və təhlil edilməmişdir. Indi vəziyyət dəyişmiş, xalqın bu böyük və qeyrətli oğlu sahibinə - Azərbaycan xalqına qaytarılmışdır. Qarşıda hər şeydən əvvəl M.Ə.Rəsulzadənin zəngin ədəbi-mətbu irsini arayıb toplamaq, ərəb əlifbasından istifadə etdiyimiz əlifbaya köçürmək, lüğət və elmi qeyd və şərhlərlə nəşr edib xalqa, oxuculara çatdırmaqdır. Göstərək ki, geniş dünya görüşünə, hərtərəfli biliyə və qüdrətli qələmə sahib olan M.Ə.Rəsulzadənin mətbu irsinin coğrafiyası çox genişdir. Əlbəttə Azərbaycan burada həlledicidir. Lakin Zaqafqaziya və Rusiya, İran və Türkiyə, Qərbi Avropa və Amerika baş verən hadisələr, ümumiyyətlə planetimizin mənzərəsi, demokratiya və tərəqqi, azadlıq və milli istiqlaliyyət uğrunda mübarizə məsələləri, hadisələr onun diqqətini cəlb etmişdir. Bu xüsusiyyət onun Azərbaycan mətbuatı səhifələrində dərc olunmuş yazılarında açıqca görünməkdədir.

Min illər ərzində müstəqil siyasi-dövlət həyatını yaşamış xalqın tarixi yaddaşında, qanında və ruhunda dərin kök salmış milli istiqlal düşüncəsinə, inam və iman gücünə söykənərək M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin milli bayrağının qaldırılması mərasimi ilə əlaqədar demişdi: “Bir kərə qüksələn bayraq bir daha enməz!”.

Doğrudur istiqlal bayrağını 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının işğal qoşunlarıvə onların yerli nökərləri müvəqqəti endirməyə müvəffəq oldular.

Lakin M.Ə.Rəsulzadənin sadiq silahdaşlırından Mirzə Bala Məmmədzadə şahidlik edir və yazır ki, “M.Ə.Rəsulzadə qırmızı istiladan sonra başda mütərəqqi gənclik olmaq üzrə millətin göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi”*[1].

Tarix M.Ə.Rəsulzadənin peyğəmbərcəsinə dediyi sözləri təsdiq etdi. Azərbaycan xalqı vicdanına endirmişn olduğu, ruhunda, qəlbində və bağrında mühafizə etdiyi üçrəngli istiqlal bayrağını yenidən yüksəltməyə müvəffəq olmuşdur. “Bir kərə qüksələn bayraq bir daha enməz!” şüarı və fikri qalib gəlmiş və yaşamaqdadır.

Indi Azərbaycan Cümhuriyyəti ağlasığmaz çətinliklərə, açıq-gizli təcavüz və fitnələrə baxmayaraq müstəqillik, həqiqi suverenlik yolu ilə inamla addımlamaqdadır. Azərbaycanın istiqlaliyyətini artıq dünyanın 120-dən artıq ölkəsi rəsmən tanımışdır. Suveren Azərbaycan dövləti BMT-nin tam hüquqlu üzvüdür. M.Ə.Rəsulzadə və onun məsləkdaşlarının birgə qaldırmaqları istiqlal bayrağı indi Nyu-Yorkda BMT-nin əzəmətli binası qarşısında dünyanın digər suveren dövlətlərinin milli bayraqları ilə bir sırada dalğalanmaqdadır.

Azərbaycanın uzaqgörən, dünyanın və tarixin inkişaf meyllərini və perspektivlərini dərk edən görkəmli siyasət və dövlət xadimləri 1918-1920-ci illərdə milli istiqlalımızı yenidən bərpa edərkən parlamentli, çoxpartiyalı demokratik respublika dövlət formasını seçmişdilər. Nəinki Rusiyada, o zaman bütün İslam Şərqində belə bir dövlət, hakimiyyət forması, üsuli-idarəsi yox idi. Mütləqiyyət və totalitar rejimlərin əhatəsində yaşayan, siyasi mədəniyyət və mübarizə meydanında ilk müstəqil addımlar atan, uzun əsrlər boyu öz dövlət istiqlalını itirmiş bir xalqın və məmləkətin parlamenti, çoxpartiyalı, demokratik dövlət formasını seçməsi tariximizin ən böyük nailiyyəti və hadisəsidir. Tarixçilər haqlı olaraq yazırlar ki, “Azərbaycan siyasi tarixinin qədərini əllərində tutanlar tam zamanında çox hazırlıqlı dövlət xadimləri olduqlarını göstərərək, istiqlal hərəkatını yerində və zamanında qiymətləndirə bilmişdilər”*[2].

Ilkin araşdırmalara görə M.Ə.Rəsulzadənin 1903-1954-cü illərdəki yazılı ədəbi-siyasi irsi, əsərləri təxminən 12-15 cilddən ibarət ola bilər. Məsələn, təkcə, 1903-1920-ci illərdə Azərbaycan M.Ə.Rəsulzadə Azərbaycan dövri mətbuatda onun 1200-dən artıq müxtəlif janrlı qazısı, həmçinin nitq, çıxışı və s. Dərc olunmuşdur. Oxuculara təqdim olunan “Əsərləri”in I cildinə onun 1903-1909-cu illərdə “Şərqi-Rus”, “Hümmət”, “Dəvət”, “İrşad”, “Təkamül”, “Yoldaş”, “Tərəqqi” qəzetləri “Füyuzat” və “Volna” jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilmişdir.

Məlumdur ki, mətnlərin düzgün oxunması, yəni əlifbadan əlifbaya köçürülməsi çox böyük zəhmət və səriştəlilik tələb edir. Filologiya elmləri namizədləri ərəbşünas Malik Qarayev və iranşünas Məmmədəli Müsəddiq nəzarət təriqi ilə mətnləri mənimlə birlikdə nəzərdən keçirmişlər, başqa deyimlə transliterasiyanın redaktorlarıdır. Onların ğildin hazırlanmasındakı böyük zəhmətlərini qeyd etmək istəyirəm. Bundan əlavə M.Ə.Rəsulzadə adına BDU-nun mətbuat tarixi kafedrasının dissertantı Rəhilə Mirzəyevə əsərin çapa hazırlanmasında müəllifə xeyli kömək göstərmişdir.

Ümid edirik ki, xalqımızın böyük mütəfəkkir oğlu, görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin əsərlərinin bu ilk ciddi müstəqil Azərbaycanın ictimaiyyəti və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq, Azərbəycan tarixini öyrənmək istəyənlər üçün dəyərli mənbə və vəsait olacaqdır.

M.Ə.Rəsulzadənin əsərlərinin, bütövlükdə ədəbi irsinin çoxcildliyini hazırlamaq və nəşr etmək sahəsində ilk addım olan birinci cildə ön sözlə yanaşı Azərbaycan istiqlal hərəkatının görkəmli xadimi, onun ən yaxın əqidə, məslək və mübarizə dostu və silahdaşı Mirzə Bala Məmmədzadənin M.Ə.Rəsulzadənin vəfatı münasibətilə söylədiyi vida nitqini verməyi məqsədəuyğun sayırıq. M.Ə.Rəsulzadənin 71 illik nəhəng və kəskin hadisələrlə zəngin həyat və mübarizə qoluna yaxşı bələd olan, uzun müddət onunla birgə addımlayan, Azərbaycan istiqlal hərəkatı tarixinin həm yaradəcəsə, həm də bilavasitə fəal iştirakçısı və tədqiqatçısı kimitanınan M.B.Məmmədzadənin vida sözü dərin elmi-nəzəri təhlili, əhatə dairəsi, yığcam ümumiləşdirici xarakterinə görə M.Ə.Rəsulzadə haqqında bu vaxta kimi deyilən və yazılanlardan öz sanbalı və mötəbərliyi ilə fərqlənir.

Şirməmməd Hüseynov
M.Ə.Rəsulzadə adına BDU-nun professoru

*[1] Azərbaycan məcmuəsi, 1995, № 30-31 c.

*[2] Hüseyn Baykara. Azərbaycan istiqlal mücadiləsi tarixi. İstanbul, 1975, c. 258.